12 Aprel 2020 02:15
2244
SİYASƏT
A- A+

İlham Əliyevin türkdilli dövlətlərin həmrəyliyinə tarixi töhfəsi


Azərbaycan Prezidenti siyasi qətiyyət nümayiş etdirərək koronavirus infeksiyasının qlobal təhdidə çevrildiyi indiki şəraitdə də Türk Şurasının səmərəli fəaliyyətini təmin edir


Ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin sıx və səmərəli əməkdaşlığı, həmrəy olmaları qloballaşan və sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Çünki bu, türk dövlətlərinin qlobal təhdid və çağırışlara cavab verə bilmələri, daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz maraqlarını müdafiə etmələri baxımından olduqca vacibdir.


Azərbaycanın sədrliyi əməkdaşlığı daha da dərinləşdirəcək


Bütün dünyanın koronavirus təhlükəsi ilə üzləşdiyi bir vaxtda türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri, bu qlobal problemin mənfi təsirlərini azaltmaq üçün birgə səy göstərmələri xüsusilə aktualdır. Təsadüfi deyil ki, rəsmi Bakı məsələyə bu prizmadan yanaşır. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd də bundan ibarət olub.

Öncə onu qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycandan başlanan bir tarixi missiyadır. 2009-cu ildə Naxçıvanda təsis olunan Türk Şurasının məqsəd və vəzifələri türkdilli dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairdir.

Ötən ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Belə ki, dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bakıda keçirilən sonuncu Zirvə görüşündə təşkilatın sıraları da genişləndi. Belə ki, həmin vaxta qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Şurasına daha bir türk dövləti- Özbəkistan qoşuldu. Təbii ki, bu ölkənin Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, VII Zirvə görüşündə Türk Şurasına sədrlik Azərbaycana keçib. Xatırladaq ki, indiyə qədər Azərbaycan nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirib. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Bütövlükdə Azərbaycan özünün şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.

Sədrlik dövründə isə rəsmi Bakının əsas məqsədi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.


İlham ƏLİYEV: "Çətin günlərdə də bir-birimizin yanındayıq”


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. Lakin Azərbaycanın Türk Şurasında sədrliyi çox mürəkkəb dövrdə keçir.

Sərhədləri tanımayan koronavirus pandemiyası bütün dünyada 1,7 milyon insanı yoluxdurub, vəfat edənlərin sayı 105 mindən artıqdır. Təəssüflə qeyd etməliyik ki, bu qlobal problem türkdilli dövlətlərdən də yan ötməyib. Türk Şurasına üzv olan bütün ölkələrdə müxtəlif miqyaslarda virusa yoluxma var.

Hazırkı dövrədək Azərbaycanda 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib. 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, respublikamızda vəziyyət bəzi yerlərdə, o cümlədən inkişaf etmiş Avropa ölkələrində olduğu kimi kritik deyil. Məlum olduğu kimi, ABŞ, İtaliya, İspaniya, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələrdə virusa yoluxmanın və vəfat edənlərin sayı son həftələrdə sürətlə artıb. Lakin respublikamızda vaxtında mərhələli şəkildə həyata keçirilən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin nəticəsində virusun daha geniş ayaq açmasının və faciəvi nəticələrə səbəb olmasının qarşısı alınıb. Problemlə mübarizə ilk gündən Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı tərəfindən istər virusla mübarizə, istərsə yaranmış müvəqqəti çətinliyin sosial-iqtisadi sferaya təsir etməməsi üçün bütün lazımi addımlar atılır. Azərbaycan hökuməti koronavirusla mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və təsadüfi deyil ki, qurumun rəhbərliyi ölkəmizdə həyata keçirilən tədbirləri dəfələrlə təqdir edib. Eyni zamanda Azərbaycan bu çətin dövrdə ÜST-ə könüllü maliyyə yardımı etməklə problemin qlobal səviyyədə həllinə öz töhfəsini verib.

Bu baxımdan artıq onu da xüsusilə vurğulaya bilərik ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində və problemin sosial-iqtisadi sferaya təsirini azaltmaqla bağlı müəyyən təcrübə də formalaşıb. Respublikamız bu təcrübəni yaxın və tərəfdaş ölkələrlə bölüşməyə, onlara lazımi yardımı etməyə də hazırdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas niyyətlərdən də biri məhz bu olub. "Fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”,- deyə Prezident İlham Əliyev konfransdakı çıxışında bəyan etdi.

Xüsusilə qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirdi. Belə bir görüş isə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bəli, Azərbaycan Prezidenti indiki həssas durumda belə böyük siyasi qətiyyət nümayiş etdirərək Türk Şurasının sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail olur, eyni zamanda qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan prezidentləri və Macarıstanın Baş naziri ilə yanaşı, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusun konfransda iştirakı İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin təsdiqidir. Təsadüfi deyil ki, konfrans iştirakçısı olan bütün dövlət rəhbərləri, o cümlədən ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkürlərini ifadə etdilər. Çıxışlarda fövqəladə Zirvə görüşünün koronavirus pandemiyası ilə mübarizədə türkdilli dövlətlərin həmrəyliyini daha da möhkəmləndirəcəyi birmənalı bəyan olundu.

Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi və səslənən təkliflərin həyata keçirilməsi koranavirus təhlükəsinin səngimədiyi çətin dövrdə türkdilli dövlətlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Ən əsası isə odur ki, Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməsi və təqdir olunması türkdilli dövlətlər arasındakı həmrəyliyin möhkəm olduğunu vəİlham Əliyevin qeyd etdiyi kimi, onların yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olduğunu göstərir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video