26 Fevral 2019 01:52
1993
SİYASƏT
A- A+

İlham Əliyevin sosial islahatlar paketi


Prezidentin dünən keçirdiyi müşavirədə ölkədə həyata keçirilən sosialyönümlü layihələrin növbəti hesabatı verildi. Xalqın həyatında aydın hiss olunan uğurlar real faktların, rəqəmlərin timsalında əyani şəkildə öz təsdiqini tapdı.

İqtisadi və sosial məsələlərə həsr olunan tədbirdə son aylarda aparılan islahatların uğurlu nəticələrinin sadalanması ilə yanaşı, dövlət başçısının sosial paket adlandırdığı tədbirlərin də anonsu verildi.


2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili oldu


Ümumiyyətlə, İlham Əliyevin keçirdiyi hər bir müşavirə böyük əhəmiyyət kəsb edir. Dünən isə ölkənin son 2 aydakı inkişaf mənzərəsini dolğun əks etdirən rəqəmləri, mülahizələrini və qarşıdakı hədəfləri növbəti dəfə ölkə ictimaiyyətinə təqdim edən Prezident mövcud vəziyyəti, görülən işləri bir daha dərindən təhlil etdi.

2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili isə dərin iqtisadi islahatlar ili adlandıran dövlət başçısı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templərlə təmin ediləcəyini vurğuladı.

Həqiqətən də 2017-ci ildə iqtisadi sabitliklə bağlı atılan çox önəmli addımlar 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan vermişdi. Bu gün həmin islahatlar bəhrəsini göstərməkdədir. Bu ilin yanvar ayının yekunlarına əsasən, ümumi daxili məhsulun 3 faiz artımı da bunu bir daha təsdiqləyir.

Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. İlin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artması, vergi və gömrük orqanları tərəfindən plandan əlavə milyonlarla manatdan çox vəsaitin toplanması, Dövlət Neft Fondunun gəlirlərinin artması onu göstərir ki, bu il Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək.


Əhalini narahat edən bütün məsələlər Prezidentin diqqət mərkəzindədir


Müşavirə ilə bağlı ilk təəssürat budur ki, Prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır.

Məsələn, şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani təzahürüdür.

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsinin həlli istiqamətində imzalanan fərman da çoxlarını sevindirdi. Çünki İlham Əliyevin imzaladığı fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər.


Problemli kreditlərlə bağlı məsələ yekunlaşmaq üzrədir


Prezident dünənki müşavirədə, həmçinin uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı məsələyə aydınlıq gətirərək bu istiqamətdə indiyədək genişmiqyaslı araşdırmaların aparıldığını dedi və verdiyi müvafiq tapşırığın icra prosesindən danışdı.

Bəlli oldu ki, məsələ artıq neçə vaxtdır müzakirə olunur və hökumət üzvlərinə müvafiq göstərişlər verilib, təkliflər paketi hazırlanır. Proses artıq son mərhələdədir və işçi qrup bu məsələ ilə çox ciddi məşğuldur.

Məsələnin o qədər də sadə proses olmadığını deyən Prezident tapşırıq verdi ki, təkliflər paketləri xalqın mənafeyinin üstün tutulması şərtləri əsasında hazırlansın: "Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir... Bu gün, sadəcə olaraq anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.

Göründüyü kimi, Prezident yenə da xalqın mənafeyinin müdafiəçisidir. Bu, həm də cəmiyyətimizin hətta ən kiçik narahatlığına səbəb ola biləcək məqamların vaxtında dövlət nəzarətinə alındığını nümayiş etdirir. Prezidentin söylədiyi kimi, Azərbaycan tezliklə bu məsələni də həll edib bir daha dünyaya nümunə göstərəcək.


İlham Əliyevin sosial paketinin uğurları getdikcə artacaq


Son 2 ayda Prezident İlham Əliyev xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində onlarla fərman və sərəncamlar imzalayıb, şimal bölgəsində baş verən zəlzələdən dərhal sonra təlaş içərisində olan insanlara dayaq olub, Şamaxıda, Beyləqanda, Sumqayıtda vətəndaşlarla səmimi görüşlər keçirib problemlərini dinləyib. Bütün bunlar Prezidentin xalqın rifahının yüksəlməsinə yönələn siyasətin növbəti təzahürüdür.

Dövlət başçısı dünənki müşavirədə bir daha bəyan etdi ki, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində sosial paket hazırlayıb. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və dünən Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə imzaladığı sərəncam da bu sosial paketin tərkib hissəsidir. Yeni sərəncama əsasən, bir çox kateqoriyalara aid insanların müavinət və təqaüdlərinin artırılması da bir daha təsdiq edir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcək.

Bütün bunlar bir daha əminlik yaradır ki, Prezidentin dediyi kimi, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video