20:19 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin möhtəşəm zəfəri
ANA SƏHİFƏ / SİYASƏT
00:42 12.11.2020


Qalibiyyətin mübarək, Ali Baş Komandan!

Zəfərin qutlu olsun, şanlı Azərbaycan əsgəri!

Ey ana torpaq uğrunda can qoyub müqəddəsləşən, şəhadət aşiqləri!

Qəhrəman elimiz, obamız, ulusumuz, Vətən sevdalılarımız!

Azadlığı haqq eyləyən dədə-baba yurdumuz, Qarabağımız!

Qələbə sənə yaraşır, Bütöv Azərbaycanımız!

Azərbaycan xalqı bu 30 ildə çox faciələr yaşadı, haqsızlıqlara uğradı, ədalətsizliyin qurbanı oldu. Tarixi dədə-baba torpaqlarından qovuldu, soyqırımlarla üzləşdi, tükürpərdici vəhşiliklərə məruz qaldı. Əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr verən faşist xislətli düşmənin iyrənc əməllərinə şahidlik etdi. Öz vətənində qaçqına, köçkünə çevrildi, illərlə vətən həsrəti gəzdirdi ürəyində...

Çox körpələr doğuldu Xankəndini, Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri, Zəngilanı, Füzulini, Qubadlını, Cəbrayılı yalnız fotolardan, sınıq xatirələrdən tanıyan...

Çox babalarımız, nənələrimiz, atalarımız, analarımız doğma yurdlarını bir daha görmədən bu dünyayla vidalaşdı, yurdlarını son dəfə tərk edərkən götürdükləri bir ovuc torpaq səpildi üzərlərinə...

Və bu ağrı-acılı 30 ilin məngənəsində həmin o bir ovuc müqəddəs vətən torpağı da tükəndi...


Heç zaman haqq işimizdən vaz keçmədik


Elə səbrimizin, dözümümüzün, hövsələmizin tükəndiyi kimi...

Əslində biz çoxdan yol gəlirdik, ta 30 ilin o tayından bu müqəddəs ana doğru... Nə qədər zülm etsələr də, gözümüzü qorxutmaq istəsələr də, barışmadıq, boyun əymədik azğın düşmənə. Hər birimiz Ermənistandan əsirlikdən gələn vətəndaşlarımızın yaşadıqları, şahidi olduqları işgəncələri eşitmişik, bilirik. Həmin əsirlərin əksəriyyəti isə yaşadıqları bir işgəncədən daha çox danışırdılar: "Ermənilər torpağı ağzımıza yığıb, bizi döyürdülər, deyirdilər ki, "Qarabağ Azərbaycanın deyil” söyləyin. Amma bizə nə qədər işgəncə versələr də, heç zaman bu haqsız sözü dilimizə gətirmədik”.

Bəli, biz heç zaman "Qarabağ Azərbaycandır!” haqq nidasından vaz keçmədik, müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək atacağımıza adımız kimi əmin olduq. Sülh yolu ilə mümkün olmasa, Qarabağımızın işğaldan azad edilməsi, vətənimizin bütövlüyü uğrunda son damla qanımıza qədər vuruşaraq qalib gələcəyimizə Azərbaycan xalqının qürur zirvəsi Şəhidlər xiyabanında and içdik.

And içdik ki, məğrur Azərbaycan bayrağını Qarabağın ən hündür zirvələrində dalğalandıracağıq.


Qarabağ bizimdir!


Budur, artıq həmin qürurlu, şərəfli, zəfər müjdəli qalibiyyət günlərini yaşayırıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qələbə sevincimizi yenə də Şəhidlər xiyabanında qeyd edirik.

Deyirik ki, Laçın da, Şuşa da, Kəlbəcər də, Ağdam da, Füzuli də, Cəbrayıl da, Zəngilan da, Qubadlı da, Qarabağ da bizimdir. Bir anın içində, yüz minlərlə köçkün vətəndə qəribçilikdən qurtuldu.

Əzmkar sərkərdəmiz bir həmlədəcə düşmənin belini sındırdı, onu diz çökməyə məcbur etdi. Sülh üçün yalvarmaq məcburiyyətinə məhkum elədi.

Çünki Yer üzündə qorxaqlıq, alçaqlıq, riyakarlıq, tamahkarlıq, namərdlik və bu kimi insanlığa xas olmayan çoxlu sayda eybəcər sifətləri təcəssüm etdirən erməni vandalları sülhün nə olduğunu belə bilmirlər. Mütləqdir ki, başlarına yumruğu zərblə endirəsən və bunu da möhtərəm Prezidentimiz İlham Əliyev layiqi ilə yerinə yetirdi. Ermənilərin xəstə təfəkkürlərinin məhsulu olan Qarabağ iştahlarını başlarında çatlatdı.

Və Ali Baş Komandanımız noyabrın 10-da bir qərinəlik Vətən həsrətimizin sona yetməsini, şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini də verdi.

Nəhayət ki, haqq-ədalət yerini tutdu, 30 il davam edən işğala son qoyuldu.

Bütün Azərbaycan xalqı bu tarixi zəfərin qürurunu paylaşmaq üçün küçələrə axışdı, sevinc göz yaşlarımız selə döndü. İndi yurdumuzun dörd bir yanında əllərində ay-ulduzlu üçrəngli bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan milyonlarla insan rəşadətli Ordumuza, qalib Əsgərimizə, Prezidentimizə minnətdarlıqlarını ifadə etmək coşqusu yaşayırlar.


Min illərin o tayında qürurla xatırlanacaq möhtəşəm Qələbənin şahidi olduq


İlahi, necə xoşbəxt taleyə malik bir nəsilik. Min illərin o tayında qürurla xatırlanacaq möhtəşəm Qələbə günlərinin canlı şahidləriyik. Bu qələbədə hər birimizin azacıq da olsa payı oldu. Ön səngərdə, arxa cəbhədə müsəlləh əsgərə çevrildik. Ordumuza dəstək olmaq üçün hər birimiz öz sahəmizdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Və qəhrəman əsgərlərimiz üçrəngli müqəddəs bayraqlarımızı düşmən tapdağından azad edilən Vətən torpaqlarımızda dalğalandırdıqca qəlbimiz fərəhdən dağa döndü, qürurlandıq.

Qalibiyyətinlə fəxr edirik, cənab Ali Baş Komandan!

Zəfərinə alqış olsun, ey qüdrətli Azərbaycan Ordusu!

Ruhunuz qarşısında baş əyirik, torpaqlarımız uğrunda şəhid olan bütün qəhrəman oğullarımız, qızlarımız!

Bayraqları Qarabağda dalğalanan Azərbaycan!

Qələbən mübarək!

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM