03 Noyabr 2018 00:32
1574
SİYASƏT
A- A+

İlham Əliyevin inkişaf strategiyası qlobal miqyasda təqdir olunur


"Doing Business 2019” hesabatı Azərbaycanda həyata keçirilən islahatlara verilən yüksək beynəlxalq qiymətdir


Bir neçə il öncə neftin qiymətinin kəskin ucuzlaşmasının bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməsinə baxmayaraq, Azərbaycan qlobal maliyyə-iqtisadi böhrandan minimal çətinliklə çıxmağı bacardı.
Bunun da əsas səbəbi ölkədə vaxtında tətbiq olunan qabaqlayıcı tədbirlər, ən əsası, yeni iqtisadi şəraitə uyğun olaraq başladılan iqtisadi islahatlar idi. Belə ki, bu islahatlar qeyri-neft sektorunun inkişafı məqsədilə bir sahə ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsini əhatə etdi.


Son 2 ildə qeyri-neft sektoru artım nümayiş etdirir


Reallıq ondan ibarət idi ki, ölkə rəhbərliyinin 2016-cı ilin ilk rübündən həyata keçirdiyi operativ tədbirlər və dərin islahatlar nəticəsində bütün iqtisadi risklər minimum səviyyəyə endirildi. Bu zaman qarşıya qoyulan ən əsas vəzifə yeni çağırışlardan irəli gələrək qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafa nail olmaq üçün yeni iqtisadi islahatların həyata keçirilməsi idi. Bu məqsədlə qeyri-neft istehsalının stimullaşdırılması, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılması, o cümlədən kənd təsərrüfatında ölkəmizə valyuta gətirə biləcək sahələrin inkişafı üçün təxirəsalınmaz addımlar atıldı. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, Milli Məclisin, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qanun və qərarlar yeni iqtisadi islahatların hüquqi bazasını təşkil etdi. Reallıq göstərir ki, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.
Bütün bunlarla yanaşı, tikinti icazələri sahəsində "bir pəncərə”nin fəaliyyəti, onlayn müraciətin tətbiqi və "ASAN Kommunal”ın texniki şərtləri təqdim etməsi nəticəsində prosedurların sayı azaldıldı. Elektrikə çıxış üçün prosedurlar son bir ildə 7-dən 2-yə, günlərin sayı isə 69-dan 20-yə qədər endirildi. Əmlakın qeydiyyatı prosesi sürətləndirildi. Notariuslar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə inteqrasiya olundu. Son bir ildə vergilərin ödənilməsi sahəsində də irəliləyişlər var: ƏDV-nin geri qaytarılması müddəti 45 gündən 20 günə endirilib, kameral yoxlamalar üçün isə 30 gün vaxt verilib. Bütün bunlarla yanaşı, gömrükdə "yaşıl dəhliz” və dünyada ilk dəfə olaraq Azərbaycanda onlayn vahid ixrac ərizəsinin tətbiqi mühüm "Doing Business” islahatlarıdır.
2018-ci ilin ötən dövrünün makroiqtisadi reallıqları yeni iqtisadi islahatların mühüm nəticəsindən xəbər verir. Belə ki, bu dövrdə ölkənin əsas makroiqtisadi göstəriciləri üzrə inkişaf müşahidə edilib, 50,5 milyard manat dəyərində və ya əvvəlki illə müqayisədə real ifadədə 0,7 faiz çox ÜDM istehsal olunub. ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər isə ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,9 faiz çox olub.


Dünyanın ən çox islahat aparan ölkəsi


Bu il oktyabrın 31-də Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2019” hesabatı Azərbaycanın iqtisadi sferadakı uğurlarının beynəlxalq miqyasda növbəti etirafıdır. Respublikada həyata keçirilən islahatlar "Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması” və "Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. "Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə "Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qiymətləndirilib.
"Doing Business 2019” hesabatında deyilir: "Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” ("DOING BUSINESS 2019” - Training for Reform”, World Bank Group, page 13). Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
"Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. "Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.
Bu hesabat həm də xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı”, "Qlobal İnnovasiyalar İndeksi”, "İqtisadi Azadlıq İndeksi”, "Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video