11 Yanvar 2020 01:00
3979
SİYASƏT
A- A+

İlham Əliyevin 106-cı hədiyyəsi


Bir yol var Bakıda... Lökbatan qəsəbəsinin şimal-şərqində. Bir az da dəqiq desək, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində...

Bu yolun yetişdiyi bir ünvan var - məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksi... Qarabağ camaatının bir hissəsinin məskunlaşdığı məkan...

Bu yola girən kimi adamı qəribə bir hiss bürüyür. Sanki Qarabağa aparır bu yol... Sanki Qarabağın ürəyi döyünür orda... Axı o ünvanda qarabağlılar yaşayır... Ağdamın, Şuşanın, Zəngilanın, Füzulinin, Kəlbəcərin, Laçının, Xocalının, Cəbrayılın, Qubadlının ruhu, nəfəsi duyulur orda. Bu rayonların özünəxas xüsusiyyətləri, adət-ənənələri, ləhcələri elə öz camaatı tərəfindən qorunur, saxlanılır, yaşadılır orda. 27 ildir öz bölgələrindən didərgin düşsələr də...

Elə kompleksə daxil olan kimi qarabağlıların məkanında olduğun o saat sezilir. Təmiz, səliqəli həyətdə bir yerə yığışan ağsaqqalların, söhbət edən gənclərin, hətta oynayan uşaqların da şirin ləhcəsindən hansı rayondan olduqlarını anlamaq mümkündür. Bir də qonaqpərvərliklərindən... Qarabağ camaatı qonaqpərvərliyi ilə də məşhurdu axı... Biz də bunu nəzərə alaraq, ötən il istifadəyə verilmiş "Qobu Park-2”də yaşayan ailələrin qonağı olmaq, şəraitlərini öz gözlərimizlə görmək qərarına gəldik.


4 min ailəyə sevinc


"Qobu Park-2” yaşayış kompleksinin açılışı 2019-cu il oktyabrın 8-də olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı daim göz önündədir. 2003-cü ildən bugünədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Ölkənin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 105 qəsəbə və şəhərcik salınıb. 106-cı isə "Qobu Park-2” yaşayış kompleksidir. Bu kompleksin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

"Qobu Park-2” yaşayış kompleksində ümumilikdə onmərtəbəli 13 bina tikilib. Burada məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, 3 idman meydançası inşa olunub.

Kompleksin ərazisində fəaliyyət göstərəcək 220 yerlik uşaq bağçası lazımi inventarla təchiz edilib. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bir sözlə, "Qobu Park-2”də sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

2018-ci ilin mayında açılışı olan 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan "Qobu Park-1” yaşayış kompleksində 1026 ailə yerləşdirilib. Hazırda tikilməkdə olan, 2020-ci ilin aprel-may aylarında təhvil veriləcək "Qobu Park-3”də isə 1306 ailə məskunlaşacaq. Beləliklə, təqribən 4 minə yaxın məcburi köçkün ailəsi müasir standartlara cavab verən mənzillərlə təmin ediləcək. Bununla yanaşı, "Qobu Park-4”ün də təməli qoyulacaq.


"Bundan artıq nə istəyə bilərik?!”


Prezidentin məcburi köçkünlərə 106-cı hədiyyəsi 1300 ailəyə sevinc gətirib. Artıq iki aydır bu ailələr yeni evdə yeni həyat yaşayırlar. Uşaqların hay-küyü böyüklərin sevincinə qarışıb. Bu sevincdən Süanverdiyevlər ailəsinə də pay düşüb. Ağdam rayonundan köçkün olan bu ailə 27 illik ağır həyat şəraitindən sonra geniş mənzillə təmin olunub. Xatirə Süanverdiyeva deyir ki, 1992-ci ildən Nərimanov rayonunda yataqxanada məskunlaşmışdılar: "Böyük baş ailəyik, hamımız bir evdə dözülməz şəraitdə qalırdıq. Nəhayət, biz də ağ günə çıxdıq. Bir mənzil bizə, biri də qızımın ailəsinə verilib. Burda vəziyyətimiz əladı. Hər şey gözəl düzəldilib. Nəsə almaq üçün uzaq yerə getmək də lazım deyil. Eləcə düşürsən həyətə, lazım olanı alıb qalxırsan evə. Çox razıyıq. Sağ olsun Prezidentimiz, bizə belə şərait yaradıb”.

Evinə baş çəkdiyimiz ikinci ailə də Ağdam rayonundan məcburi köçkündür. Gövhər Əliyeva ərazi bütövlüyümüz uğrunda Qarabağ döyüşlərində şəhid düşmüş Əliyev Kamil Sabir oğlunun anasıdır. Oğlundan söz düşən kimi göz yaşlarını saxlaya bilmir Gövhər ana. Məzarı belə olmayan balasının şəklini sığallayıb ağlayır: "Onun ailəsinə də mən baxırdım. Yoldaşı, iki qızı qalıb yadigar. 8 baş ailə idik evdə. Günəşlidə kafedə qalırdıq. Zülm çəkirdik. Yağış yağanda başımıza damırdı. Rütubətdən ayaqlarım tutuldu, dava-dərmanla yaşayıram. Kamilin ailəsinə Masazırda ev verdilər. Mən də o biri oğlumla bura köçmüşəm. Nəhayət, bu yaşımda belə şəraitli evdə yaşamaq qismətim oldu. Ağdamda şəhərin mərkəzində 5 otaqlı evim vardı... Kaş, müharibə heç olmayaydı, oğullarımız şəhid düşməyəydi, bütün bu əzab-əziyyətlər yaşanmayaydı. Hələ də o ümidlə yaşayıram ki, torpaqlarımız geri alınacaq, qayıdacağıq öz yurdumuza, bütün şəhidlərimiz kimi mənim də balamın ruhu şad olacaq”.

Qonaq olduğumuz növbəti ailə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovun oğlunun ailəsidir. Zəngilan rayonunun Mincivan qəsəbəsindən məcburi köçkün olan Soltan Əsədov 2 aya yaxındır ailəsi ilə birlikdə yeni mənzilə köçüb. Bir qızı, bir oğlu olduğu üçün onlara 3 otaqlı mənzil veriblər: "Əvvəl heç bir şəraitimiz yox idi. O qədər acınacaqlı vəziyyətdə yaşayırdıq ki, heç dilə gətirmək belə istəmirəm. Oğlum dünyaya gələndən sonra ayağı düşərli oldu sanki. Bizə bu kompleksdə üçotaqlı, geniş, gözəl mənzil verdilər. Allaha şükür, burda hər cür şərait yaradılıb. Allah Prezidentimizin ömrünü uzun etsin. Kimin əziyyəti varsa, hamısı sağ olsun. Məktəb, bağça, poliklinika, aptek, mağaza - hər şey bir addımlığımızdadır. Bundan artıq nə istəyə bilərik?! Qalır bircə yaşamaq. Yaşamaq da insanın öz əlindədir. İşləyənə hər yerdə çörək var”.

Bu binaların hər mərtəbəsində 5 mənzil yerləşir. Bütün mənzillər tam təmir edilib, istilik sistemi, kombi quraşdırılıb, mətbəx mebeli, soyuducu və qaz sobası ilə təmin olunub. Su, qaz, işıq təchizatı daimidir.

"Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədilə iki - 140 və 194 nömrəli müntəzəm marşrut xətti fəaliyyət göstərir. Yaxın vaxtlarda üçüncü marşrut xəttinin də açılacağı gözlənilir.

Kompleksin ərazisində inşa olunan məktəb binasında oktyabr ayından Zəngilan rayon 20 nömrəli tam orta məktəb fəaliyyət göstərir. Məktəbin direktoru Nazim Dünyamalıyev deyir ki, bütün zəruri avadanlıqlarla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Müxtəlif fənn kabinetləri, laboratoriya, idman zalı, yeməkxana var. Hazırda məktəbdə 360-dan çox şagird təhsil alır, 26 müəllim çalışır. Şagirdlərin hamısı, müəllimlərin isə 9 nəfəri "Qobu Park” yaşayış kompleksində məskunlaşan sakinlərdir.


"O gün olsun belə binalar bütün Qarabağda tikilsin”


Məktəblə tanış olduğumuz müddətdə birinci növbənin dərsləri bitmək üzrə idi. Hava da günəşli olduğu üçün uşaqlar evə getməzdən öncə əyləncə və idman meydançalarında oynayırdılar. Azyaşlı uşaqları isə anaları, nənələri həyətə çıxarmışdılar. Uşaqlar oynadıqları vaxt ərzində yeni qonşular da bir-birilə tanış olur, rayondan, kənddən söhbət edir, əvvəlki köçkünlük şəraitlərindən gileylənir, indiki vəziyyətlərindən razılıq edirdilər. Biz də həmin söhbətə qoşuluruq. Zəngilanın Zərnəli kəndindən olan Roza nənə deyir ki, 26 il Dərnəgüldə yataqxanada çətin şəraitdə yaşayıblar. Burada isə 3 otaqlı mənzillə təmin olunublar: "Allah hökumətə, Prezidentimizə, Mehriban xanıma kömək etsin, ev tikənlər də sağ olsun. Daha əl-ayağımız tər-təmizdi. Rahat, isti ocağımızda oturub ömür sürürük. Amma ürəyimizdə vətən nisgili var. O gün olsun belə binalar Zəngilanda, bütün Qarabağda tikilsin, qayıdıb gedək el-obamıza”.

Elə ölkə rəhbəri İlham Əliyev də kompleksin açılışı zamanı çıxışında demişdi ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır: "Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür... Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Bəli, illərdir yaşamağa məcbur olduqları zillətdən qurtulub, hər bir şəraiti olan müasir mənzillərə köçdükləri üçün bu gün onların üzü gülür. Amma bu sevinc belə, daim ürəklərində gəzdirdikləri, gözlərindən oxunan yurd həsrətini, vətən nisgilini ovuda bilmir... Burada hər gün yeni tanışlıqlar baş verir. Kimsə öz yerlisini, kimsə öz ellisini, kəndlisini tapır...

Bu böyük qonşuluq onsuz da unudulmayan Qarabağla bağlı söhbətləri, xatirələri daha da artırır. Burada hər gün mütləq hansısa rayon, hansısa kənd, lap elə küçə, döngə yada düşür... Qarabağın geri alınması üçün yollar müzakirə edilir...

Burada Qarabağın hər bölgəsinin özünəxas xüsusiyyətləri, adət-ənənələri, şirin ləhcələri yaşayır, yaşadılır. Uşaqlar da bu ab-havada, bu ruhda böyüyürlər...

Burada Qarabağın ruhu, nəfəsi duyulur... Qarabağlılar getdikcə daha da çoxalır, bir araya gəlir, birləşir, birlik olur...

Burada - minlərlə Qarabağ camaatının məskunlaşdığı bu məkanda Qarabağın ürəyi döyünür... Və bəlkə bizi Qarabağa aparan yol da elə bu məkandan keçir...

Qarabağa aparan yol

Hey qoruyur ürəyində

Bir arzunu, xoş niyyəti

Bir-bir evə ötürəcək.

Geri dönən bu milləti...

Hicran dağlar ürəyini bu yolun

Düşmən sıxıb biləyini bu yolun.

Ulu Tanrı, ətəyindən tuturuq.

Yerə salma diləyini bu yolun...


Xəyalə MURADLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video