16:26 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev tarixi ədaləti dəmir yumruqla bərpa etdi
ANA SƏHİFƏ / SİYASƏT
01:04 20.12.2020


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biridir. 44 günlük müharibənin nəticəsində İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 30 ildən artıq idi ki, davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın qanuni hüquqlarını bərpa etdi. Ermənistana həm də elə bir maddi və mənəvi ziyan vuruldu ki, indi bu ölkə tarixinin ən ağır və rüsvayçı günlərini yaşayır.


Azərbaycan üçün bu, Vətən müharibəsi idi


Dekabrın 18-də keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev respublikamızda pandemiyaya qarşı mübarizə sahəsində görülən işləri diqqətə çatdırmaqla yanaşı, Vətən savaşı barədə - müharibənin başlanmasının səbəbləri, Ermənistanın hərbi təxribatları, döyüşlərdəki işğalçı dövlətin vandallığı, kapitulyasiyası və digər məsələlər barədə ətraflı məlumat verdi.

Öncə onu qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan həm də informasiya cəbhəsində mübarizə apardı və qalib çıxdı. Respublikamız düşmənin saxta informasiya cəbhəsini darmadağın etdi. Ermənistana qarşı həm informasiya mübarizəsinin, həm düşmənin saxta təbliğatının qarşısının alınması, həm də Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması prosesinin önündə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev getdi. Hərb meydanında olduğu kimi, informasiya məkanında da İlham Əliyev düşmənə sarsıdıcı zərbə vurdu.

Bu baxımdan Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası əsl həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev bir daha baş verənlər barədə sistemli və ardıcıl şəkildə məlumatları diqqətə çatdırdı. Prezident İlham Əliyevin çıxışının əvvəlində qeyd etdiyi kimi bu, Azərbaycan üçün Vətən müharibəsi idi: "Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.


Ermənistanın təxribatları danışıqları mənasız etdi


Yeni hərbi əməliyyatların başlaması birdən-birə baş vermədi. Xüsusən son bir ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu Azərbaycanın hərbi yolla ərazilərini işğaldan təmizləməsinə gətirib çıxardı.

Rəsmi Bakı problemin danışıqlar yolu ilə həlli prosesindən heç vaxt yayınmadı və Prezident İlham Əliyev bu istiqamətdə daim konstruktiv mövqe nümayiş etdirdi.

Lakin Ermənistan rəhbərliyinin yürütdüyü siyasət danışıqların aparılmasını tamamilə mənasızlaşdırdı. Belə ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü. Xüsusən hakimiyyətə gəldikdən bir il sonra onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət ümumiyyətdə danışıqların mahiyyətinə və məzmununa uyğun deyil. "Qarabağ Ermənistandır” bəyanatı, "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi addımlar göstərdi ki, Ermənistanla danışıqlar tamamilə mənasızdır.

O cümlədən işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılma aparılması, qədim Azərbaycan şəhəri olan Şuşada separatçı rejimin başçısının qondarma inauqurasiyasının keçirilməsi və separatçı rejimin parlamentinin Xankəndidən Şuşaya köçürülməsi iddiası xalqımızın milli heysiyyatına toxunan təxribatçılıq əməlləri idi.

Bu ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı, avqust ayında isə Goranboydakı diversiya-kəşfiyyat təxribatı təsdiqlədi ki, Ermənistan problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi. Beləliklə, Ermənistanın təxribatları yeni müharibəni qaçılmaz etdi.


44 gündən sonra düşmən kapitulyasiya etdi


Prezident İlham Əliyev bütün bunlar barədə öz çıxışında ətraflı, təfsilatı ilə danışdı. Dövlət başçısının bildirdiyi kimi, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır.

Sentyabrın 27-də növbəti dəfə hərbi təxribat törədən Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrinə hücum etdi. Elə ilk saatlarda Azərbaycanın dinc əhalisi və hərbi qulluqçuları arasında həyatını itirənlər oldu. Azərbaycanın səbir kasasını daşdıran bu təxribatlardan sonra ordumuz əks-hücum əməliyyatına başladı. Qısa müddətdə işğal olunmuş rayonlarımızın, şəhər və kəndlərimizin böyük bir qismi döyüş yolu ilə azad olundu. Qarabağın mirvarisi Şuşanın azad olunmasından sonra Ermənistanın öz məğlubiyyətini etiraf etməkdən başqa yolu qalmadı.

MDB Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan İlham Əliyev dedi: "Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi "İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə əlbəyaxa döyüşdə Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi”.


Azərbaycan yalnız işğalçı deyil, həm də vandal düşmənlə üz-üzə idi


İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyət başqa bir həqiqəti də ortaya qoydu. Bir daha sübut olundu ki, Ermənistan yalnız işğalçı və terrorçu deyil, həm də vandal dövlətdir. 27 illik işğaldan sonra azad edilən Ağdamda, Füzulidə, Cəbrayılda ortaya çıxan mənzərə başqa cür düşünməyə əsas vermir.

Ağdamda yalnız qismən dağıdılmış bir məscid qalıb ki, onu da, sadəcə, həmin ərazidə döyüşlər baş verərsə artilleriya hücumunun dəqiq oriyentirlərini verə bilmək üçün saxlayıblar. Bu barədə danışan Prezident İlham Əliyev bütün bunların hərbi cinayət olduğunu bəyan etdi: "Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın "Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri də onun kimi məqsədyönlü şəkildə dağıdılıb. Biz onu azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir. O da artıq yoxdur”.

Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətinlik yaradıb. İndi isə ərazilərimiz işğaldan azad edilib. İşğal dövründə Azərbaycana vurulan ziyan hesablanacaq və Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən Kəlbəcəri yandıran, meşələri qıran düşmən onun da cavabını verəcək.

Artıq müharibə başa çatıb. Ermənistan noyabrın 10-da İlham Əliyevin şərtləri əsasında kapitulyasiya edib. Bölgədə yeni reallıq yaranıb və bəzi xarici siyasi dairələrin üçtərəfli bəyanata kölgə salmaq cəhdləri isə tamamilə mənasız və əhəmiyyətsizdir. Ermənistanı diz çökdürən müharibənin qalibi Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM