21:09 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev strategiyası Azərbaycanı kosmosa yüksəltdi

ANA SƏHİFƏ / SİYASƏT
01:01 02.07.2021

 

İqtisadi gücümüzün daha bir göstəricisi orbitə çıxarılan peyklərimizdir

 

Azərbaycan tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insanın həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub. Burada Şərq elmi məktəbinin Nəsirəddin Tusi kimi dahi nümayəndələri yetişib, elmi kitabxanalar yaradılıb, rəsədxanalar qurulub.

Milli kosmik sənayemiz isə Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə təşəkkül tapıb. Ölkəmizin müasir kosmik sənayesinin yeni səhifələrinin açılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması dövlət başçısının uzunmüddətli strateji yanaşması ilə mümkün olub.

 2008-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzaladı. 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqləndi, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi.

2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk peyki - “Azerspace-1” orbitə buraxıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva peykin orbitə buraxılması prosesini izlədilər. Bu möhtəşəm hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirildi. Dövlət başçısı bu münasibətlə Azərbaycan xalqını təbrik etdi: “Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm”.

2014-ci il iyunun 30-da “Azersky” Yerin məsafədən müşahidəsi, bir neçə il sonra isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.

2018-ci il sentyabrın 26-da “Azerspace-2” peyki orbitə buraxılanda Prezident peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədlərini vurğulayaraq xalqımızı yenə də təbrik etdi: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir... Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Eyni zamanda, “Azersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik”.

Beləliklə, orbitdəki peyklərimiz ölkənin informasiya və milli təhlükəsizliyinin təmin olunmasına xidmət etmək kimi əsas vəzifəni yerinə yetirir. Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin edir.

Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu var. Bu peykin fəaliyyəti nəticəsində sözügedən sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

Yeri gəlmişkən vurğulayaq ki, ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədə peyk sisteminin əhəmiyyətli rolu olmuşdur. Belə ki, peyklərimizin, xüsusilə “Azersky” məsafədən müşahidə peykimizin imkanları bizə böyük üstünlüklər qazandırmışdır. Müharibənin gedişində “Azersky”dan əldə olunan təsvirlər operativ surətdə ordumuz üçün lazımi informasiyanın ötürülməsində xüsusi rol oynamışdır. Bu informasiyaların əsasında erməni faşistlərinin hərbi obyektləri və anbarları, zirehli texnikaları darmadağın edilmişdir.

Peyklərin yerinə yetirdiyi mühüm vəzifələrdən biri də ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafına xidmət etmək, milli iqtisadiyyata birbaşa və dolayısı ilə faydalar verməkdir. Kosmik proqramın həyata keçirildiyi ilk vaxtlardan dövlət başçısının qarşıya qoyduğu başlıca məqsəd peyklərin birinci növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə, yəni ölkədəki sürətli sosial-iqtisadi inkişafın dəstəklənməsinə yönəldilməsi olub.

Odur ki, milli peyklər vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına dəstək davam etdirilir. Xüsusilə “Azersky” peykinin ən müasir analiz və monitorinq alətlərindən istifadə edilməklə elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və öncədən proqnozlaşdırılması, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması, ölkə üzrə istixanaların dəqiq inventarlaşdırılması, pivot suvarma sistemlərinin tətbiq olunduğu əkinlərinin təyini və digər əhəmiyyətli layihələr həyata keçirilir. Bütün bu imkanlar iqtisadiyyatın müxtəlif sahələrində yeni dəyərlərin yaradılmasına xidmət edir.

Eləcə də Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə işlər aparılır. Belə ki, 2018-ci il noyabrın 15-də Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dörd il müddətində icra olunacaq proqram 30-dək dövlət qurumunu əhatə etməklə iqtisadiyyatın əksər sahələrində yeni və alternativ məlumat mənbəyi kimi peyk müşahidəsini həyata keçirəcək. Məqsəd Yerin məsafədən müşahidəsi peyklərinin resurslarından müxtəlif sahələrdə - kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarəedilməsi, hasilat sənayesi, meliorasiya və su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, dövlət əmlakının idarəolunması, kadastr işləri və naviqasiyada istifadəni genişləndirməkdir.

Daha bir vacib məsələ kosmik layihələrə sərf edilən vəsaitlərin kommersiya fəaliyyəti ilə geri qaytarılmasını təmin etməkdir ki, bu sahədə də gözlənilən nəticələrə nail olunur. Başqa sözlə, peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı, konkret kommersiya məqsədlərinə xidmət edir.

Peyk layihələrinin həyata keçirilməsi üçün layihə xərcləri, uzunmüddətli öhdəliklər, genişmiqyaslı beynəlxalq əməkdaşlıq, habelə lazımi kəmiyyətdə və keyfiyyətdə mütəxəssislərin mövcudluğu da zəruridir. Bütün bunlar dövlət tərəfindən irihəcmli investisiyalar tələb edir. Bu baxımdan layihələrin həyata keçirilməsi üçün qoyulmuş investisiyaların geri qaytarılması məsələsi daim diqqətdə saxlanılır.

Peyk xidmətləri bazarında xüsusilə yüksək rəqabət şəraiti mövcuddur. Bu sahənin mütəxəssislərinin dili ilə desək, bazarın əksər hissəsi azsaylı böyük oyunçular tərəfindən bölüşdürülüb, orta ölçülü oyunçular arasında kəskin rəqabət mövcuddur, kiçik oyunçular isə öz spesifik seqmentini tapıb orada möhkəmlənməyə çalışırlar. Belə bir şəraitdə rəqabətə davam gətirə bilməyin heç də asan olmadığı görünür. Bu məqsədlə illər əvvəl peyk xidmətləri bazarına daxil olarkən bazarın dərindən öyrənilməsi məqsədilə geniş biznes-marketinq araşdırmaları aparılıb və araşdırmaların nəticələri əsasında peyklərin orbital mövqeyinin seçilməsi, texniki və biznes dizaynı həyata keçirilib. Sonrakı mərhələdə görülmüş tədbirlər nəticəsində peyk layihələrinin gəlirliliyi təmin edilib.

Peyklərimiz həmçinin elmi tədqiqatların aparılmasına dəstək verir və kadr potensialını inkişaf etdirir. Ötən illər ərzində peyk xidmətləri sahəsində qazanılan təcrübə və bu sahədə formalaşmış insan kapitalı imkan verir ki, kosmik sənaye quruculuğu yolunda daha irəli addımlayaq. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun dəyərli üzvlərindən birinə çevrilib”.

Təkcə bir faktı göstərmək kifayət edər ki, hazırda peyklərimizin idarə edilməsi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir.

Kosmik sahə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmindir. Belə ki, “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Bu gün peyklərimiz dünyanın müxtəlif regionlarında insanların informasiyaya çıxışına imkan yaradır, regionlar arasında rəqəmsal uçurumun aradan qaldırılmasına dəstək verir. Eləcə də meşə yanğınları və neft çirklənmələri kimi təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına köməyimizi göstəririk .

Prezident İlham Əliyevin düzgün və uzaqgörən strategiyası Azərbaycanı regionun ilk kosmik ölkəsinə, dünya kosmik klubun tamhüquqlu üzvünə çevirdi. Kosmosa ucalan Azərbaycanımızı bu sahədə də yeni üfüqlər gözləyir.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM