24 Aprel 2021 00:43
857
SİYASƏT
A- A+

İlham Əliyev regiona sülh, sabitlik və inkişaf təklif edir

 

Bu təklifi qəbul etməyənlər tarixdən növbəti dərs alacaqlar

 

COVID-19-un nə olduğunu qısaca ifadə etməyə çalışsaq, belə deyə bilərik: “Aydın olduğu qədər də qaranlıq və müəmmalı qalan müdhiş bir virus”. Odur ki,  günün ən vacib problemi həmin təhlükə ilə necə yaşamağı və necə yola getməyi aydınlaşdırmaqdır, baxmayaraq ki, dünyanın ən qabaqcıl elmi mərkəzləri və tanınmış virusoloqları bu yolda demək olar ilyarımdır baş sındırırlar. 

Əvəzində onun şahidiyik ki, ağlımıza gəlməyən çətinliklər başımıza gəlir. Virusun gözlənilməz fəsadları altında sıxılırıq, təsəvvür edilməsi mümkün olmayan çətinliklərlə üzləşirik, ciddi qadağalar çərçivəsində yaşamaq məcburiyyətində qalırıq. Çünki hər şey gün kimi aydın olduğu qədər də qaranlıqdır. Bəlli olan bircə odur ki, zaman geri dönməyəcək, yaxın zamanda keçmiş həyat tərzinə qayıda bilməyəcəyik. Gələcək bütün dünya, bəşəriyyət üçün duman içindədir, perspektivlərin konturları bulanıq görünür.

Azərbaycanın isə gücü ondadır ki, biz gözlərimizi yumub sərt diktələrə müticəsinə baş əymirik. Nikbin bir ruhla qələbəyə, islahatlara və yeni texnologiyalara keçidə köklənirik. Bu da bizə imkan vermir ki, pandemiya labirintində azıb dalana dirənək.

 İnsan kimi bəşər övladının ana vəzifəsi nə olursa-olsun nikbinliyini itirməmək, acı reallıqların bataqlığında perspektivlərə düzgün və optimal səmt götürməkdir. Biz bu yolu seçmişik. İndi isə baş verənləri araşdırmaq, sintez etməklə bərabər, müsbət tendensiyaları sezməli və nikbin ruhla yaşamağa davam etməliyik.

Aprelin 13-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında çox ciddi məqamlara toxunaraq bu tədbiri yalnız regionda cərəyan edən hadisələrə maraq kimi yox, həm də dünya ictimaiyyətinin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyinin təzahürü kimi dəyərləndirmişdir.

 44 günlük müqəddəs müharibədə Azərbaycan Prezidentinin xarici KİV-ə verdiyi 30-dan çox müsahibənin sərt, bəzənsə bir çox əcnəbi jurnalistlərin etik çərçivələrə sığmayan ittihamedici ritorikasını heç vaxt unutmalı deyilik. Haqq savaşımıza dəstək verənlərlə bərabər, bizi ittiham edən, küncə sıxmağa çalışanlar olsa da, biz xalq kimi dövlət başçısının ətrafında yumruq kimi birləşdik, həm pandemiyanın təsirlərini azaltdıq, həm sırtıqlığı çərçivələrə sığmayan harın düşməni məğlub etdik, həm də beynəlxalq ictimai rəyi mənafelərimizə uyğun kökündən dəyişdik. Bütün bunlar pandemiya dövründə bizim beynəlxalq aləmdə qazandığımız uğurları bir daha təsdiqləyir.

Bundan sonra da ümid və inamla yaşamaq, nikbin ruha və möhkəm iradəyə yiyələnmək üçün itkilərimizin içində faydalı məqamları da sezməyimiz vacibdir. Çünki biz bütün dünyanın məhrumiyyətlərdən və iqtisadi itkilərdən sarsıldığı bir vaxtda yeni, fərqli bir dövrə ümüdlə qədəm qoyuruq, pandemiya qadağaları nə qədər sərt olsa da, xalq kimi nikbinliyimizi itirmirik. Bu qadağaların, təcridlərin içində bir nəfər kimi birləşirik, bütövləşirik və kamilləşirik.

Axı biz möhtəşəm qələbənin və əfsanəvi, unudulmaz günlərin təntənəsini yaşamışıq.

Bu baxımdan Prezident İlham Əliyevin ADA Universitetindəki konfransda Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların faciəsini yaddaşımıza həkk etməyin və nikbin gələcəyə köklənməyin vacibliyini qeyd etməsi, işğalçıların ərazilərimizdə törətdikləri dağıntıları həmin ərazilərə səfər edən əcnəbilərdən gizlətdiklərini bildirməsi təsadüfi deyil: “Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdəki dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticələrinin şahidi olmasını istəmirdi”.

Bizim pandemiya ilində gördüyümüz ən böyük işlərdən biri də odur ki, düşməni məğlub etdikdən sonra onun nə qədər qəddar və amansız olduğunu sübüt və “əzabkeş xalqı”ın  vəhşiliklərini ifşa etdik. Artıq beynəlxalq ictimaiyyətin Qarabağda dağıdılan kənd və səhərlərdən, yerləyeksən edilən tarixi abidələrdən, viran qoyulan məscid və kilsələrdən yaxşı xəbəri var. Dinc əhalinin qətlə yetirilməsi, döyüş bölgəsindən uzaqdakı şəhərlərin raket atəşinə tutulması, qadağan edilmiş silahların tətbiqi hamıya bəllidir. İndi “əzabkeş” qiyafəsində yallı gedən erməni nasistləri ikrah hissi doğurur, hamı onları qınayır.

Beynəlxalq konfransın “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adı altında keçirilməsi Azərbaycan dövləti üçün müharibənin arxada qaldığını bildirir. Dövlət başçısı da bu tədbirdə ona ünvanlanan suallara verdiyi cavabların əksəriyyətində Qafqaza yeni baxış nümayiş etdirdi. Biz qələbə çalmışıq, odur ki, islahatlar dərinləşir, dövlətimiz qollarınını sülhə və əməkdaşlığa açır. İşğalçı Ermənistanın  faciəsi  odur ki, qalib dövlətin təklif etdiyi imkanlardan faydalanmaq əvəzinə, daxili çəkişmələrlə məşğuldur. Çünki Ermənistanda siyasi qüvvələr erməni xalqının maraqlarına xidmət etmir, onları oyuncaq kimi idarə edən bir neçə super gücün təsiri altında boğuşaraq gülünc vəziyyətə düşür.

Azərbaycan xalqı isə Prezident İlham Əliyevin rəhbərliyi altında əvvəlkindən daha inadla, daha yüksək ruhla irəliyə gedir, bütün Qafqaza sülh, əmin-amanlıq və sabitlik təklif edir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video