16 Aprel 2021 00:36
1027
SİYASƏT
A- A+

İlham Əliyev postsovet məkanının ən savadlı, ən mədəni Prezidentidir

 

Bunu rəsmən bəyan edən Aleksandr Lukaşenko Azərbaycanın böyük Zəfərini alqışladı

 

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.

Azərbaycanın həm də dünyanın ayrı-ayrı qütblərində yerləşən dövlətlərlə əlaqələri  genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış, dərin siyasi, iqtisadi-ticari sahələrə, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Sıx dostluq və qardaşlıq münasibətlərinə gəldikdə isə, bir neçə dövlət yada düşür ki, onlardan da biri Belarusdur.

 

Liderlərin dostluğuna söykənən münasibətlər

 

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, münasibətlərin yeni inkişaf mərhələsinə 2006-cı ildən başlanılıb. Həmin il hər iki ölkədə səfirliklər açılıb.

Münasibətlərin dostluq səviyyəsinə yüksəlməsinin səbəbi hər iki ölkənin prezidentləri - İlham Əliyevlə Aleksandr Lukaşenko arasında olan səmimi dostluqdur. Bunu dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, beynəlxalq təşkilatların iclaslarında, forumlarda təkbətək görüşləri təsdiqləyir.

Aleksandr Lukaşenkonun aprelin 13-14-də ölkəmizə işgüzar səfəri də mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu, Belarus Prezidentinin Azərbaycana 5-ci səfəri idi. Bunadək A.Lukaşenko ölkəmizdə 4 dəfə (2007, 2010, 2013 və 2016-cı illər) rəsmi, 1 dəfə (2015-ci il) işgüzar səfərdə olmuşdu. 

Beynəlxalq təşkilatların, eləcə də keçmiş postsovet ölkələrində keçirilən MDB Dövlət Başçıları Şurasının iclaslarını nəzərə almadan, 2006-cı ildən bugünə qədər, yəni son 15 ildə liderlərin təkcə qarşılıqlı səfərləri zamanı 15 dəfə görüşdüklərini söyləyə bilərik. 

Bu görüşlər istər beynəlxalq səviyyədə, istərsə də ikitərəfli münasibətlərdə əməkdaşlığı getdikcə daha da möhkəmləndirib. Hər iki dövlət beynəlxalq təşkilatlarda, ən çətin məqamlarda belə bir-birinə dəstək olub.

Liderlərin budəfəki təkbətək görüşü zamanı İlham Əliyev bu məsələyə toxunaraq dedi ki, hər iki ölkə iştirak etdiyi beynəlxalq strukturlarda bundan sonra da bir-birini dəstəkləməkdə davam edəcək. Yəni, bu münasibətlər hər hansı problemlərdən tamamilə uzaqdır: “Bizim müntəzəm əlaqələrimiz, sadəcə, görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir”.

İlham Əliyev həmçinin qarşılıqlı səfərlərin müntəzəm xarakter daşıdığını da vurğulayaraq bunu ölkələrimiz arasında sıx siyasi əlaqənin, yüksək səviyyədə etimadın göstəricisi adlandırdı. Bunun nəticəsidir ki, iqtisadi əməkdaşlığın göstəriciləri yüksəlir. Hətta keçən il pandemiyaya baxmayaraq, əmtəə dövriyyəsinin artması bunu təsdiqləyən reallıqdır.

 

Aleksandr Lukaşenkodan İlham Əliyev və Qarabağ açıqlaması...

 

Birgə bəyanat zamanı A.Lukaşenko Dağlıq Qarabağ probleminin həllində İlham Əliyevin mövqeyini, müstəqil, qətiyyətli və prinsipial siyasətini yüksək qiymətləndirdi.

Belarus Prezidenti dedi ki, İlham Əliyev danışıqlar prosesi zamanı verdiyi bütün vədlərə sadiq olub. Münaqişənin həlli ilə bağlı müzakirələrdə tam səmimi və açıq şəkildə Azərbaycanın məsələni sülh yolu ilə həll etmək istədiyini vurğulayıb: “Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Əminəm ki, İlham Əliyev erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam”.

Problemin həll edilməsində İlham Əliyevin çox böyük rol oynadığını deyən Belarus Prezidenti hesab edir ki, indi sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər ərazilərdə böyük işlər görülməlidir. Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. A.Lukaşenko bunun sülh epopeyası olmasını arzulayır.

A.Lukaşenko Azərbaycanın şanlı Qələbəsini qiymətləndirərək özünün və xalqının mövqeyini bəyan etdi: “Belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq”.

 

Yeni sazişlər münasibətləri daha da şaxələndirəcək

 

Dövlət başçılarının səfərləri zamanı adətən yeni sazişlər imzalanır. Bu səfər zamanı da iki ölkə arasında yeni sənədlər imzalandı. Bununla da Azərbaycanla Belarus arasındakı hüquqi bazanı təşkil edən sənədlərin sayı 122-yə çatdı.

Baytarlıq, turizm və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair anlaşma memorandumları iki ölkə arasında münasibətləri daha da şaxələndirəcək. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir.

Təkbətək görüş zamanı Aleksandr Lukaşenko mövcud siyasi-iqtisadi əlaqələri qiymətləndirərkən dedi ki, iki ölkə arasında siyasət və iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlər olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir: “Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir”.

Siyasi münasibətlərə gəldikdə isə Belarus Prezidenti bildirdi ki, tərəflər arasında həll edilə bilməyən məsələlər yoxdur.

 

Belarus Azərbaycanın təcrübəsini öyrənmək istəyir

 

Səfər çərçivəsində liderlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında bir daha iki ölkə arasında mövcud münasibətlər, iqtisadi-ticari əlaqələr müzakirə olunaraq bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı.

Aleksandr Lukaşenkonun söylədiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Belarus üçün ən etibarlı strateji tərəfdaş olaraq qalır. Belarus Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırdır. İki ölkə arasında əməkdaşlıq üçün qapalı mövzular yoxdur.

Mətbuata birgə bəyanatda A.Lukaşenko  mövcud reallıqları dəyərləndirərək dedi ki, hazırda sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Elmi-texniki sahədə qarşılıqlı əlaqələri dərinləşdirmək üçün yaxşı perspektivlər görünür: “Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur”.

 

Qarabağda birgə müəssisələr yaradılacaq

 

Qarabağın bərpası ilə bağlı məsələləri Aleksandr Lukaşenko ilə müzakirə edən İlham Əliyev bildirdi ki, Belarus şirkətlərinin aqrosənaye kompleksləri yaratmaq təcrübəsi məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur.

Birgə  bəyanatda İlham Əliyev Qarabağın “yaşıl enerji” zonası elan edildiyini və birinci “ağıllı kənd” layihəsinin praktiki olaraq həyata keçirilməyə hazır olduğunu vurğulayaraq bu sahədə Belarusun təcrübəsinin maraqlı olduğunu söylədi.

Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq fəaliyyətdədir. Dördüncü ölkə isə Belarus ola bilər. Çünki sənaye kooperasiyası iki ölkənin münasibətlərinin çox böyük seqmentidir. Bu layihə ilk dəfə ölkəmizdə Belarus traktorlarının yığılmasından başlayıb. Sonradan isə bu layihələr başqa istehsalat sahələrinə - avtomobillər, yük maşınları, kombaynlar, avtobuslara da daxil olub. İndi isə İlham Əliyevin “Yaşıl Qarabağ zonası” konsepsiyasının icrası zamanı bu layihələr çərçivəsində elektrobuslar istehsalı da nəzərdə tutulur.

Belarus Prezidenti isə ölkəsinin Azərbaycanla birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğuladı: “Biz xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”.

Liderlərin səsləndirdikləri fikirlər onu deməyə əsas verir ki, Belarus Azərbaycanla ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq etmək əzmindədir. Çünki əmtəə dövriyyəsinin artırılması üçün güclü potensial mövcuddur və iqtisadiyyatın inkişafı ilə bağlı iki dövlət rəhbərinin oxşar baxışlarının olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb.

Bir sözlə, liderlər arasındakı görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etdi.

Bu görüş iki ölkə arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsinə, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yeni sənaye müəssisələrinin qurulması prosesinə öz müsbət təsirini göstərəcək.

Qarabağı 44 günə azad edən İlham Əliyev indi onun hər qarış torpağını cənnətə çevirmək üçün bütün imkanlarını səfərbər edib. Bütün tərəfdaş ölkələrə mesaj göndərərək onları Qarabağda birgə işbirliyinə, investisiya yatırmağa dəvət edir. Belarus da dost dövlət kimi Qarabağın bərpasında Azərbaycanın yanında olacaq. Əminliklə deyə bilərik ki, tezliklə işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti bumu başlayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video