11 Aprel 2021 00:46
687
SİYASƏT
A- A+

İlham Əliyev müasir tariximizin ən şərəfli səhifələrinin müəllifidir

 

Son üç ildə Azərbaycanda baş verən uğurlu prosesləri saymaqla bitirmək olmaz.

2018-ci ildən bugünədək olan dövrə nəzər yetirsək aydın görərik ki, Azərbaycan bütün istiqamətlərdə böyük uğurlara imza atıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların nəticəsi bu gün göz önündədir. Dövlət başçısının böyük siyasi əzmlə başlatdığı çoxşaxəli islahatlar son üç ildə ardıcıllıqla davam edib. Dünyanın yeni bir mərhələyə qədəm qoyduğu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyi bir zamanda Azərbaycan öz dinamik inkişaf tempini qoruyub saxlayıb.

Bu gün bəşəriyyətin varlığını təhdid altına almış koronavirus təhlükəsi də dövlətin iqtisadi inkişaf sürətinə və siyasi sabitliyinə mane ola bilməyib. Dünyanı öz ağuşuna alan pandemiyanın ağır fəsadlarının davam etdiyi dövrdə Prezidentin gördüyü qabaqlayıcı tədbirlərlə Azərbaycan dünyaya bəyan etdi ki, dövlət hər zaman vətəndaşının yanındadır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın pandemiya dövründə xalqa göstərdiyi diqqət və qayğı isə əvəzolunmazdır. Bu istiqamətdə atılan addımlar, dövlət tərəfindən tədbirlərin görülməsi o dərəcədə uğurlu oldu ki, dünya ölkələri Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərini alqışladı, təcrübəsini nümunə kimi göstərdi. Bu da bir daha onu təsdiq etdi ki, dövlət üçün ən birinci vəzifə vətəndaş sağlamlığının qorunmasıdır.

Bütün bunlarla yanaşı, Prezidentin idarəetmənin bütün səviyyələrində həyata keçirdiyi struktur islahatları keyfiyyət baxımından yeni idarəçilik mexanizmini formalaşdırdı. Parlament seşkiləri bu islahatların məntiqi davamı idi. Bu seçkilər demokratik inkişaf istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilir. Parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyaları nümayəndələrinin təmsil olunması isə müstəqil Azərbaycan parlamentarizmi tarixində  ilkdir.

2020-ci ilin ən böyük tarixi uğuru isə əlbəttə ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbəmiz oldu. Bu qələbə Azərbaycanın dövlətçilik tarixinə yazılan yeni qəhrəmanlıq salnaməsidir. Bu Zəfər respublikamızı beynəlxalq münasibətlər sistemində söz sahibinə çevirdi. Ən əsası Azərbaycanın torpaqlarını işğaldan azad elməsi ilə Qarabağ problemi başa çatdı, ATƏT-in Minsk qrupunun münaqişənin həllinə yönəlmiş 30 illik “turist” fəaliyyətinə son qoyuldu. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa həlli yolu yoxdur” tezisi darmadağın edildi. Sübut olundu ki, bu münaqişə hərb yolu ilə həll oluna bilərmiş.

Ermənistanın uzun illər nail olmaq istədiyi məsələlərdən biri Qarabağın statusu ilə bağlı idi. Lakin Prezident İlham Əliyevin ifadəsi ilə desək, Dağlıq Qarabağın statusu məsələsi gorbagor olub getdi. Bu, ən böyük uğurlarımızdan biridir. Bununla da 1923-cü ildən bəri Azərbaycan xalqının başı üzərindən asılan “damokl qılıncı” da məhv edildi. Tarix boyu bizi təhdid edən, tariximizdə daim faciələr törədən bir qüvvəni məğlub etməklə dünya erməniliyinə də qalib gəldik. Tariximizin və taleyimizin ən şərəfli səhifəsi məhz bu üç ildə yazıldı.

Zəfər paradında Qalib Sərkərdəmiz bəyan etdi ki, bu gün dünya dövlətləri sırasında Azərbaycanın da yeri var, bizi aşağılamaq olmaz. Həqiqətən də bu gün dünya millətləri sırasında Azərbaycan xalqının yeri ucadır. Bu qələbə ilə beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu daha da möhkəmləndirən Azərbaycan strateji tərəfdaşlarının sayını artırmış oldu. Tarixi qələbə nəticəsində Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla bütün türk dünyasının güclənməsinə misilsiz töhfə verdi.

Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev Tanrı tərəfindən Azərbaycana göndərilmiş xilaskar Liderdir. Çünki Ali Baş Komandan millətin ruhunu, varlığını xilas etdi. 

Tarixdə çox sərkərdələr olub. Ancaq onların hamısı öz millətinin taleyində bu qədər böyük rol oynaya bilməyib. Ona görə də bu xalq cənab İlham Əliyevə ömür boyu böyük sevgi bəsləyəcək. Hesab edirəm ki, dünyada çox az dövlət başçılarına bu qədər millət sevgisi qazanmaq nəsib olub. Prezident İlham Əliyev də millət sevgisi ilə əhatə olunan liderdir.

Allah Prezidentimizi qorusun. Böyük xarüqələr yaradıb və bu gün də xoşməramlı missiyasını davam etdirir. Qarabağı yenidən cənnətə çevirmək üçün var gücü ilə çalışır. Tezliklə o günün də şahidi olacağıq. İlham Əliyev indiyədək verdiyi bütün vədlərinə sadiq çıxan liderdir. Onun yürütdüyü müstəqil, prinsipial siyasətlə Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, sarsılmaz xalq-iqtidar birliyinə sahib olan dövlətə çevrilib. Bizlər çox xoşbəxtik ki, məhz tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda baş verən bütün bu proseslərin canlı şahidləriyik.

İlham Əliyev tariximizin ən şərəfli səhifələrinin müəllifidir. Bu səbəbdən də hesab edirəm ki, Qarabağın ən uca nöqtəsində bu tarixi Zəfəri bizə yaşadan Liderin qızıldan heykəlinin ucaldılmasının vaxtıdır.

 

Fəzail İBRAHİMLİ,

Milli Məclis sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video