04 Avqust 2021 01:12
865
İDMAN
A- A+

İKİQAT QƏLƏBƏ!

 

Güləşçimiz Rafiq Hüseynov erməni rəqibini məğlub edərək Olimpiadanın bürünc medalını qazandı

 

Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da fərqlənir. Bir də tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.

Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ciddi və ehtiyat edilən idmançılar sayılırlar.

Çünki pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritləri sayılırlar.

Odur ki, Yaponiyada təşkil olunan XXXII Yay Olimpiya Oyunlarında medal gözlənilən idman növlərindən biri də güləşdir. Və gözləntilərimizdən biri nəhayət ki, doğruldu. Güləşçimiz Rafiq Hüseynov ölkəmizin aktivinə növbəti bürünc medal yazdırdı.

77 kq çəki dərəcəsində yarışan Rafiq ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı isveçli Aleks Kessidisə qalib gələrək adını1/4 finala yazdırmışdı. Lakin yarımfinala gedən yolda təmsilçimiz Akjol Mahmudova (Qırğızıstan) gözlənilmədən uduzdu. Buna baxmayaraq, rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak hüququ qazandı və təsəlliverici görüşdə Tunis idmançısı Lamjed Maafini məğlub edərək bürünc medal qazanmaq şansı əldə etdi. Rəqib isə “Dəmir yumruq”la başını əzdiyimiz Ermənistanın güləşçisi Karapet Çalyan idi.

Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Tribunada “Azərbaycan, Azərbaycan!” sədaları səngimək bilmirdi. Televiziya qarşısında əyləşən milyonlarla azarkeş güləşçimizdən qələbə gözləyirdi. Hər iki pəhləvan ilk hissədə fəal oldu. Lakin rəqibindən daha güclü olan Rafiq 4:1 hesabı ilə qalib gələrək Olimpiadanın bürünc medalını qazandı. Bu, ikiqat qələbə idi!

Xatırladaq ki, ikiqat Avropa çempionu olan R.Hüseynov 2011-ci ildə Almaniyada, 2020-ci ildə İtaliyada təşkil olunan qitə birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Güləşçimiz həmçinin 2019-cu ildə Qazaxıstanda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub. R.Hüseynov Bakının evsahibliyi etdiyi I Avropa və IV İslam Həmrəyliyi oyunlarında da gümüş medala sahib olub.

Yunan-Roma güləşçimiz “Tokio-2020”də bürünc medal qazandıqdan sonra media nümayəndələrinə açıqlamasında deyib ki, çox sevinirəm: “Bu, çoxdankı arzum idi. Bütün medallarım var idi, təkcə Olimpiadada medal qazanmamışdım. Hər dəfə iştirak etmək nəsib olmurdu. Çox şadam ki, bu dəfə Olimpiadada iştirak edə bildim və medal qazandım. Qələbə qələbədir və hər hansı millətdən olan idmançıya fərq qoymuram. Əsas odur ki, medal qazanmışam və çox sevinirəm. Mənim üçün bundan böyük qələbə yoxdur”.

Qələbəsini atasına həsr etdiyini vurğulayan idmançı bildirib: “Təbii ki, bürünc medal qızılın yerini vermir. Amma əsas odur ki, komandaya medal qazandırdım. Adətən güləşçilərdən gözləntilər böyük olur. Komandamızın əsas idmançılarının çıxışları hələ qarşıdadır. İnşallah, qarşıdakı günlərdə digər güləşçilərimiz də medal qazanarlar”.

Rafiqin atası, güləş müəllimi olan Radik Hüseynov da mətbuata açıqlama verib: “Rafiq bürünc medal uğrunda görüşə düşmən ölkənin idmançısı ilə çıxmışdı. İstər-istəməz narahat idik. Bu qələbəyə çox sevindik. Rafiqə halal olsun! Bütün qohumlar bizə yığışmışdı. Anası da özünü çox narahat hiss edirdi. Rəqibin erməni olması gərginliyi daha da artırmışdı. Rafiq illərdir mötəbər yarışlarda iştirak edir. Həmişə həyəcan olub. Ailə, dostlar, yaxınlar həmişə ondan qələbə gözləmişik. Bu dəfə onun ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, qələbəsinə inanırdıq. İdmanda əsas yekun nəticədir. Kimin əli yuxarı qalxırsa, qalib də odur”.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video