07 Avqust 2021 00:22
1186
CƏMİYYƏT
A- A+

İki şəhid qardaş - iki silahdaş

 

Lerik şəhərində Vətən  müharibəsi şəhidləri Altay və Elgün Mövlanov qardaşlarının xatirəsinə həsr edilmiş “Xatirə - bulaq” kompleksinin  açılış mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə şəhid qardaşların məzarlarını ziyarət edərək önünə əklil və tər gül-çiçək qoymuşlar.

Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayon Heydər Əliyev  Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Vətən Müharibəsi Qəhrəmanı  şəhid  mayor  Amid Heydərovun atası Rəbbil Heydərov, Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov,  Vətən müharibəsi iştirakçısı Nəbi Əhədov,  şəhid qardaşların müəllimi Hacırza Quliyev çıxış edərək bu iki cəsur qardaşın qəhrəmanlıqla dolu həyat və döyüş yolundan danışmışlar. 

Bildirilmişdir ki, şəhid qardaşların babaları Xanış Şahıyev sadə zəhmət adamı  olub. Ümummilli  Lider Heydər Əliyev onu dostu, qardaşı adlandırmış, bu əliqabarlı, dağ vüqarlı insana daim diqqət  və qayğı  göstərmişdir. Bu ailənin bir övladı I Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış, iki oğlu isə ağır yaralanmışdır.

Altay Tahir oğlu Mövlanov 5 avqust 2000-ci, qardaşı Elgün  isə 2 aprel 2002-ci ildə anadan olub. Hər iki qardaş Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri, I Qarabağ savaşında  qəhrəmancasına şəhid olan  Valeh Müslümovun adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Hələ məktəb illərindən idmana və hərb sənətinə xüsusi maraq göstərən qardaşlar yarışlarda iştirak edir, diplomlara layiq görülürdülər. Altay 2018-ci ildə Milli Ordu sıralarında xidmətə başlamış,  2020-ci ilin aprelində tərxis olunmağına baxmayaraq, öz arzu və istəyi ilə yenidən ordu  sıralarına qayıtmışdır. Qardaşı Elgün də 2020-ci ilin aprelindən Milli Ordu sıralarına qatılmışdır.

Qüdrətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladığı ilk gündən Altay və Elgün silaha sarılaraq döyüşə atılmışlar. Elgün döyüşlərin 4-cü günü - sentyabrın 30-da şəhadətə qovuşmuşdur. Bu xəbəri qardaşına döyüş vaxtı çatdırmışlar. Ona dəfndə iştirak etmək üçün icazə verilsə də, Altay gözyaşı içində boğula-boğula demişdir: “Qardaşımın, döyüş dostlarımın qisasını almayınca geri bir addım da atmayacağam!”

Altay Mövlanov Füzuli uğrunda gedən qanlı döyüşlərdə düşmənin neçə-neçə canlı qüvvəsini, döyüş texnikasını məhv etmişdir. 13 oktyabr 2020-ci ildə Füzulinin Seyidəhmədli kəndi uğrunda döyüşlərdə isə qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi oktyabrın 30-da Lerik şəhərinə gətirilərək qardaşının yanında dəfn edilmişdir. 

Prezidentin sərəncamları ilə Elgün Mövlanov “Vətən uğrunda”, Altay Mövlanov isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. “Xatirə-bulaq” kompleksinin açılışında “Füzulinin azad olunmasına görə”  medalı şəhidin valideynlərinə təqdim olundu.

Mərasimdə şəhid qardaşların atası Tahir Mövlanov, anası Sevda xanım, əmisi Mahir çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə dövlətimizə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

İki şəhid qardaş, iki silahdaş - Altay və Elgün! Onların hünər dolu həyat və döyüş yolu hər bir Azərbaycan vətəndaşı üçün əsl örnəkdir.

 

Hüsaməddin ABBASOV,

Lerik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video