19:57 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İki qardaş - iki şəhid

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:35 23.02.2021

 

Xaqani Vətən müharibəsinə həm də Birinci Qarabağ savaşında şəhid olmuş qardaşı Ədalətin qanını almaq üçün yollanmışdı

 

Rəhmətlik atası ona adların içindən seçib şair adı qoymuşdu. Hər dəfə valideynləri kiçik Xaqanini əlindən tutub bağçaya gətirəndə tərbiyəçisi deyərdi: “Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani”. O da təbəssümlə tərbiyəçini sezərdi. Xaqani heç vaxt nə bağçadan, nə də məktəbdə dərsdən qalardı. Həm də çox səliqəli, sözəbaxan idi.

Bütün bunları kənddə hamı onsuz xatırlayır bu gün, sanki dünən olubmuş kimi...

- Ay mənim göyçək balam, niyə evlənmirsən, - deyə soruşdum son dəfə onu görəndə.

Dedi ki, hələ ev tikirəm, sonra evlənəcəm.

Mənfur və qatil erməni gülləsi Xaqaninin həyatını da, evini də yarımçıq qoydu. Əvəzində özü bütövləşdi, bir elin qəhrəmanına çevrildi.

Atası Aydın kişi sağ olsaydı, bu yük də ona ağır gələrdi. Çünki Birinci Qarabağ müharibəsində də övlad itirmişdi. Elə bu yanğı ilə də köçdü həyatdan. Bu gün kənd qəbiristanlığında Aydın kişi ilə birgə şəhid övladları Xaqani və Ədalət də uyuyur. Ədalət 1993-cü ilin aprelində Kəlbəcər, Xaqani isə ötən ilin oktyabrında Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olublar. Xaqani Nəsibov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qəbriniz nurlu, özünüz isə cənnətin mələklərisiniz...

Gəldiniz, bu dünyanı gördünüz, Qarabağı Azərbaycana bəxş edib getdiniz. Nəsillər gəlib keçəcək, amma siz həyatda əbədi qalacaqsınız. Özünüz qazandınız bu ölməzliyi. Xaqani yaralı yoldaşını xilas edəndə şəhid olub. Bu əməli ilə ömür kitabı tez tamamlansa da, əbədiyaşarlıq yazıldı onun son səhifəsinə.

Biz Ədalət və Xaqaninin timsalında bütün şəhidlərə borcluyuq və onların hər birinin ruhu qarşısında baş əyirik. Amma şəhidlərimizin başı həmişə uca olacaq, Qarabağı Azərbaycana qaytardıqları üçün. Biz qocalacağıq, onlar isə həmişə gənc kimi yaddaşlarda qalacaqlar. Son dəfə çəkdirdikləri şəkillərdəki kimi.  

Bizim kəndin cavanlarının əzbər bildikləri kiçik bir şeir parçası var:

 

Qoy cəbhədə qurban gedim mən əsgər,

Təki anam yadlara baş əyməsin.

Yağış kimi yağan odlu güllələr,

Mənə dəysin, Vətənimə dəyməsin!

 

Rahat uyuyun, kortalalı anaların hər birinə doğma balası qədər əziz olan şəhidlərimiz. Siz təkcə ananızın ciyərparəsi olmadınız, bütün Azərbaycanın övladı oldunuz. Qəbriniz nur içindədir və bu nur başınızın üstündən heç vaxt əskik olmayacaq. Biz isə sizi, nə qədər bədənimizdə ruh var, anacağıq!

 

Samrat QURBANƏLİYEVA,

Balakən rayonu,

Kortala kəndi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM