31 Iyul 2019 00:34
1617
İDMAN
A- A+

İdmanda İLHAM ƏLİYEV missiyası


İdman paytaxtına çevrilən Bakıda ən nüfuzlu beynəlxalq yarışların təşkili Azərbaycana böyük imic qazandırıb. "Bakı-2015” ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.


İdmanda yüksəliş dövrü


Xatırladaq ki, sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına qatıla bilirdilər. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət başqadır. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından qatıla bilmirdilər. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra bu sahədə vəziyyət kökündən dəyişdi.

1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı. Həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ölkənin idman həyatına müsbət təsir edəcək işləri, demək olar ki, görmədi. İdmanın inkişafı ilə bağlı əsas yük dövlət strukturlarının üzərinə düşürdü.

Həmin vaxt Atlanta Olimpiadasına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Olimpiya oyunlarına hazırlıq və respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə dövlət strukturları cəlb olundu. Ümumən MOK-un fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yox idi.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli bir addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçməyə başladı. Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı. Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edərək İlham Əliyev Olimpiya Hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətini müəyyənləşdirdi. Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya Hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü. Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar da daxil olmaqla, dünyanın bütün idman qurumları ilə sıx əlaqələri yarandı.


Maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası qoyuldu


Milli Olimpiya Komitəsinin fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası qoyuldu.

MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya Kompleksinin açılış mərasimi oldu.

Paytaxtdan başlayan quruculuq işləri bölgələrə doğru genişləndirildi. Regionlarda olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi həmin yerlərin idman hərəkatının tərəqqisi üçün önəmli rol oynadı.

Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.


Yay Olimpiya Oyunlarında medal yağışı


İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. 199 ölkənin qatıldığı XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak etdi. Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahətdinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı güləşçi Namiq Abdullayev gətirdi.

"Sidney-2000” Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu. İki qızıl və bir bürünc mükafatla Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.

2004-cü ildə Afina Olimpiadasında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı.

Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi. Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahətdinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə hər üç əyarda medallara sahib oldu. Ölkəmizə olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl "ipponla” qalib gələn E.Məmmədli həlledici görüşdə koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə güclü oldu.

Gümüş medalları yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) qazandılar. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər. Beləliklə, 2008-ci ildə keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

2012-ci ildə Londonda XXX Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdə qərarlaşdı.

Londonda güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə çıxışlarını bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu. Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz son 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa, bu dəfə say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur.

İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış Olimpiya oyunlarında idmançılarımız ən çox güləş (14 lisenziya), boks (11 lisenziya), cüdo (6 lisenziya) və taekvondoda (4 lisenziya) təmsil olunmuşdular. Əldə edilən nəticələr isə bir-birindən fərqlidir.

Bundan əvvəlki olimpiadalarda ölkəmizə medal yazdıran pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular.

Cüdoçular bu dəfə etimadı doğrultdular. Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.

Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016”da ən yaxşılardan biri olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına seviniblər. Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib olublar.

Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə edib.

Beləliklə, idmançılarımız indiyə qədər keçirilmiş son 6 olimpiadada iştirak edərək ümumilikdə 44 medal qazanıblar.


"Bakı-2015”dən "Bakı-2019”dək


Son 4 ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu.

2017-ci il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha göstərdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verirdi. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq 1-ci yeri tutdular.

Bu ilin yaddaqalan idman hadisələrindən biri də sözsüz ki, Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunları idi. Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.

Bu günlərdə isə paytaxtımızda XV Avropa Gənclər Olimpiya Festivalına yekun vuruldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan 10-u qızıl, 7-si gümüş, 6-sı bürünc olmaqla 23 medal qazanaraq iştirakçı dövlətlər arasında 4-cü yeri tutdu.


Dünyanın idman paytaxtı


Bu il də paytaxtımızda bir sıra nüfuzlu turnirlər təşkil edilib. Onların içərisində sözsüz ki, "Formula-1” üzrə Qran-pri yarışları xüsusi yer tutur. Aprelin 26-28-də Bakı planetin bir nömrəli avtomobil yarışına 4-cü dəfə evsahibliyi etdi. "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan SOCAR Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 67 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Lyuis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastyan Fettel tutdular.

Mayın 29-da isə Bakı Avropa futbolunun böyük həyəcanla gözlədiyi qitənin nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilmiş həlledici matçda İngiltərənin "Çelsi” və "Arsenal” komandaları üz-üzə gəldilər. London derbisində 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.

Xatırladaq ki, Avroliqanın finalının 2019-cu ildə Bakıda keçirilməsi haqqında qərar UEFA İcraiyyə Komitəsinin 20 sentyabr 2017-ci il tarixli iclasında verilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev 7 may 2018-ci ildə final matçının paytaxtımızda keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında sərəncam imzalamışdı. Final oyununu tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Ölkəmizə gəlmiş azarkeşlər həlledici matçın ən müasir arenada keçirildiyini qeyd etməklə yanaşı, Azərbaycan xalqının səmimiliyinə və qonaqpərvərliyinə, Bakının və bütövlükdə ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirdilər.

Beləliklə, Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı nüfuzlu yarışlarda yüksək nəticələr göstərərək, əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video