08 Sentyabr 2012 12:09
546
Oxucu məktubları
A- A+

İctimai nəqliyyat sərnişinlərin rahatlığına və ekologiyanın qorunmasına xidmət etməlidir

 

Bakının nəqliyyat sistemində dəyişiklikləri görməmək və buna sevinməmək mümkün deyil. Vaxt var idi ki, dayanacaqlarda maşın maşının belinə çıxardı və azyaşlı uşaqlar yoldan ötüb keçənləri də avtobusa haraylayardılar.  Mikroavtobuslar bir-birləri ilə ötüşər, sürücülər də cılız musiqiləri zilə qoyub hamını bezdirərdilər. 

İndi belə şeylər  demək olar ki, yoxdur. Ancaq sürücülərin tərgitə bilmədikləri pis vərdişlər hələ də qalmaqdadır. Harada əl eləsən, o saat əyləci basıb maşını səkiyə dirəyirlər. Elə olur ki, bir dayanacaqdan o birisinə çatana kimi 3 dəfə avtobusu saxlayırlar. Davranışlarını da "Maşınıma minmək istəyənin qulu, minənin isə ağasıyam!" şüarı təyin edir. Yəni, minənə kimi hörmət var, sayğı var! Vay o günə ki, salona keçəsən və qapı arxanca bağlansın. Metro yaxınlığındakı dayanacaqlarda uzun-uzadı dayanmalarına etiraz etsən, deyəcəklər ki, cədvəllə işləyirlər, qrafiki poza bilməzlər. Ancaq başa düşmək olmur ki, o necə qrafikdir ki, hər metro dayanacağında 5-10 dəqiqə də yubana bilərlər?!

Bəzi sürücülər maşını elə sürürlər ki,  ayaq üstəsənsə yıxılmamaq üçün bir-iki əl də gərək qonum-qonşudan borc alıb dörd-beş yerdən yapışasan. Düşmək istəyəndə isə əksər sürücülər sərnişinlərin üstünə çımxırırlar: "Tez ol! Cəld ol! Tələs!" Fikir də vermirlər ki, düşən adam qadındır, ya qoca. Sürücülərin davranışına irad tutub nəzakətli olmağa çağıranda isə elə kobud cavab verirlər ki, söz deməyinə peşman olursan.

Ölkənin nəqliyyat infrastrukturu kökündən dəyişmiş, yeni intellektual idarəetmə sistemi yaradılmışdır. Dövlət bu layihələrin reallaşması, avtobus parkının yenilənməsi, yolların təmiri, körpülərin salınması üçün böyük məbləğdə vəsaitlər ayırmışdır. Di gəl, bu təqdirəlayiq inkişafa rəğmən bizim sürücülərin davranışları dəyişmir ki, dəyişmir!  Gözəl və müasir şəhərdə yeni avtobuslarda çalışan sürücülərin də nəzakəti şəhərin ab-havasına uyğun olmalıdır. Şəhər dəyişir, ölkə inkişaf edir, bizim sürücülərin bir qismi davranışlarını dəyişmək istəmirlər.  

Təəssüf ki, intellektual idarəetmə tətbiq ediləndə dayanacaqlar arasındakı məsafə dəyişmədi. Elə düşünmək olardı ki, yeni sistem tətbiq edilərkən şəhərin ekoloji problemləri nəzərə alınacaq və dayanacaqlar arasındakı məsafələr bir qədər uzadılacaqdır.  Elə bir dəyişiklik şəhər miqyasında hiss olunmadı. Dayanacaqlar arasındakı məsafənin qısalığı, avtobusların dayanacaqlardan kənarda da tez-tez dayanması, son nəticədə mühərriklərin qədərindən artıq işləməsi saysız-hesabsız problemlərin çoxluğundan əziyyət çəkən meqapolislərdə  ətraf mühitə atılan zəhərli maddələrin və səs-küyün artmasına səbəb olur. Məsələnin belə qoyuluşu qəribə görünə bilər, lakin Qərb dövlətlərinin bəzilərində hətta işıqforlarda belə dayanarkən avtomobilin  mühərrikinin söndürülməsi tələb olunur. Çünki meqapolislərdə  havanın 70-80 faizi avtomobillərin hesabına çirklənir.

Bu gün etik qaydalardan bixəbər sürücülər əsəblərimizi, ekoloji mühitin qorunmasına hesablanmayan ictimai nəqliyyatın hərəkət mexanizmi  isə sağlamlığımızı korlayır. Görəsən, Nəqliyyat Nazirliyi bu istiqamətdə yenilikləri tətbiq etməyi planlaşdırırmı?  

 

Elnur HADIYEV,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video