07:46 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İçərişəhərin “Gülüş parkı”

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:24 17.04.2021

 

Hətta onun özünü gördükdə belə müasirləri gülürmüş. Sanki çəkdiyi karikaturaların xarakter cizgiləri nəinki yaradıcılığına, damarlarında axan qanı ilə cisminə də yayılmışdı, simasında istehza, təbəssüm doğuracaq ifadələr sayrışdığını da söyləyənlər vardı. Məşhur “Ulduz” filmində daha çox yaddaqalan obraz olan Məhəmmədə də oxşadırdılar.

Söhbət Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadədən gedir. Maraqlıdır ki, bu böyük sənətkarın rəssamlıq təhsili olmayıb. O, bu sənəti özü öyrənib. Lakin onun yaradıcılıq irsi dəzgah vərəqələri, kitab illüstrasiyaları, satirik jurnal və qəzet rəsmləri, geyim və dekorasiya eskizləri, həmçinin siyasi karikaturalardan ibarətdir.

Rəssamın yaradıcılığının əsas hissəsini plakat janrı təşkil edir. Plakatlarında həyatdan götürülən canlı və konkret obrazlar təsvir olunur. Bununla belə, Ə.Əzimzadənin yaradıcılıq irsində karikaturalar xüsusi yer tutur. Azərbaycanda bu janrın formalaşması “Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. Ə.Əzimzadə həmin jurnalın baş rəssamı idi. O, gülüş hədəfi seçdiyi obrazların mimika və hərəkətlərini çox dəqiq və ustalıqla təsvir edirdi.

M.Ə.Sabirin “Hophopnamə”sinə 56 rəngli litoqrafiya çəkmiş Ə.Əzimzadə Cəlil Məmmədquluzadənin və Əbdürrəhim bəy Haqverdiyevin əsərləri, həmçinin xalq nağılları üçün də eyni üslubda rəsmlər silsiləsi yaratmışdı.

Ölməz karikatura ustasının məişət mövzusunda çəkilmiş “Kos-kosa”, “Tonqaldan atlanırlar”, “Mirasın bölüşdürülməsi”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” akvarelləri həmin dövrün adət-ənənələrini obrazlı şəkildə əks etdirir.

Ə.Əzimzadənin yaradıcılığı nəsillər dəyişdikcə yaddaşlara yazılır, sevilir, dünəndən bu günə və sabaha yol başlayır.

Böyük karikaturaçı rəssamın əsərləri hətta “heykəl”ləşib, qranitləşib, daş yaddaşa da hopub. Paytaxt Bakının ən görməli və görkəmli məkanı sayılan İçərişəhərdə də Əzim Əzimzadənin əsərlərinə dərin rəğbətin şahidinə çevrilmək mümkündür. İçərişəhərin dar dalanlarından və daş küçələrindən keçib rəssamın karikaturalarının burada “daşa-dəmirə dönməsi”ni gördükdə heç kim təəccüblənmir, əksinə, üzlərdə xoş   təbəssüm dolaşır, dodaqlara gülüş qonur.

Həmin istirahət məkanını “Gülüş parkı” adlandıranlar da var. Bura yolu düşənləri ustad rəssamın postament üstündəki büstü və yaradıcılığından bəhs edən karikaturalardan bəzilərinin tunc və misdən hazırlanmış rəsm nümunələri qarşılayır. Daim qonaq-qaralı olan park əsl istirahət yeridir. Çünki buradan ancaq xoş ovqatla ayrıla bilərsən. Bir sözlə, rəssamın dili ilə desək, “Köhnə Bakının tipləri” ilə tanış olmaq istəyənlər yolunu buradan salır...

 

M.NƏRİMANOĞLU,

İ.BABAYEV (foto),

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM