18 Oktyabr 2011 04:10
455
SİYASƏT
A- A+

Hüquqi dövlət quruculuğu prosesinə nəzəri baxış

 

Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində müstəqilliyə qovuşmasından sonrakı dövrü yeni iqtisadi, sosial-siyasi, ideoloji prinsiplərə əsaslanan hüquqi dövlət quruculuğunun formalaşması və inkişafının, humanist, demokratik, ümumbəşəri əsaslarla dayanıqlı sisteminin yaranması və təkmilləşdirilməsinin yeni tarixi mərhələsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995 - ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkədə sivil cəmiyyətin yaradılmasının, hüquqi dövlətin formalaşmasının, ictimai həyatın hüquq çərçivəsində fəaliyyət göstərməsinin bəyan edilməsi və beləliklə də, ölkədə nəhəng islahatların həyata keçirilməsində hüququn rolunun artması, onun praktiki, tətbiqi səciyyə daşıması respublikamızı beynəlxalq aləmdə xarakterizə edən başlıca cəhətlərdir.

Hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında konstitusiyanın uğurlu tətbiqinin yaratdığı münbit hüquqi şərait heç də təsadüfi deyil ki, iqtisadi və mədəni nailiyyətlərimizin əsas lokomativi rolunu oynayır. Məlum olduğu kimi, hüquqi dövlətin fundamental bazası hesab edilən hüquq prinsiplərinin mühüm funksiyalarından biri onun tənzimləmə vəzifəsinin həyata keçirilməsinə əsaslı şəkildə yardım etməsidir. Hüququn tənzimetmə funksiyası ictimai münasibətlərin qanun çərçivəsinə salınmasından, insanların hüquq və azadlıqlarının mühafizə edilməsindən ibarətdir. Bu da hüququn praktiki roluna şəhadət verir. Belə ki, hüququn praktiki əhəmiyyətə malik olan tənzimetmə funksiyasının səmərəliliyi hüququn əsas prinsiplərinə uyğunluğu təmin edir. Deməli, hüququn prinsipləri praktiki xarakter daşıyır. Bu xarakter xüsusilə, özünü dövlət - hüquq münasibətlərində bariz şəkildə nümayiş etdirir. Dövlət anlayışı meydana çıxarkən, bununla birlikdə onu idarə edən iqtidar anlayışı da yaranmışdı. İqtidar anlayışı ilə yanaşı idarəetmə prinsipləri və bu prinsipləri həyata keçirən orqanlara ehtiyac vardı. Bütün bunları əhatə edən sənədi bütövlükdə konstitusiya adlandırmaq mümkündür. Dövlətin idarəçilik formasından asılı olmayaraq, əksər rejimlərdə konstitusiyalar və bu konstitusiyaları təkmilləşdirmə təşəbbüsləri var. Hər bir dövlətin insanları idarə etdiyini nəzərə alaraq, dövləti formalaşdıran prinsiplərin də cəmiyyət kimi sabit olmadığını, daim dəyişikliyə istiqamətləndiyini demək mümkündür. Cəmiyyətin və insanların mədəni səviyyəsinə görə bu dəyişiklik meyilləri özünü göstərir.

Normativ - hüquqi aktlar iyerarxiyasında zirvədə qərarlaşan konstitusiyalar ictimai-siyasi həyatın hüquqi çərçivəsini müəyyənləşdirir. Bu, konstitusiyaların ictimai və siyasi həyatı müəyyənləşdirməsi kimi başa düşülməməlidir. Konstitusiya hər hansı bir ölkədə real-praktiki zəmin olmadan təsəvvür edilə bilməz. Bununla yanaşı, ictimai və siyasi həyatı müəyyənləşdirici olmasa belə, konstitustyalar mövcud ictimai-siyasi münasibətlərə təsir gücünə malikdirlər. Konstitusiyanm dövlətə hüquqi yollarla təsir etməsi və onu formalaşdırması gücü qanunun aliliyi kimi ifadə edilə bilər. Beləliklə, konstitusiyalar mövcud münasibətləri əks etdirməklə yanaşı, eyni zamanda istiqamətləndirici funksiyaya da malikdirlər. Hüquq normaları əsas etibarı ilə ictimai-siyasi münasibətlərin dinamikasına bağlı olaraq, ehtiyac hiss olunduqca böyüdülə və yaxud kiçildilə bilər. Bu baxımdan insan hüquq və azadlıqları digər hüquq normalarından fərqlənir. İnsan hüquq və azadlıqlarının asanlıqla dəyişdirilməsinin sui-istifadə hallarına yol açma ehtimalı nəzərə alınaraq, onları konstitusiya normasına çevirmək daha məqbul hesab edilmişdir. Çünki məlum olduğu kimi, konstitusiyalar digər hüquq normalarından fərqli olaraq, dövlət sisteminə təsir edən ciddi səbəblər olmadan, dəyişdirilə bilməz.

Əgər konstitusiyalar tarixinə nəzər salsaq görərik ki, hər bir əsas qanun öz dövrünün ictimai - iqtisadi formasiyasından və cəmiyyətin sosial dinamikasını şərtləndirən amillərin təsiri altında formalaşır. Misal üçün, İngiltərədə 1689-cu ildə qəbul edilmiş Əsas Hüquqlara Dair Bəyannamədə vətəndaşların bəzi hüquq və azadlıqları qeyd edilmiş, bunlara parlamentin icazəsi olmadan müdaxilə edilməyəcəyi qəbul edilmişdir. Ancaq ilk dəfə insan hüquqlarının bütövlükdə və konstitusiya norması kimi müsbət hüquqda yer alması Vircinia əyalətində qəbul edilən "Bill of Rights" sənədi ilə olmuşdur. Fransa inqilabının məhsulu olan 26 avqust 1789-cu il tarixli Vətəndaş Hüquq və Azadlıqları Bəyannaməsi də mürəkkəb tarixi şəraitdə ortaya çıxmışdır. Bəyannamə müsbət hüquq elmi yanaşması ilə hazırlanmış və dini motivlərə yer verilməmişdir. Bundan başqa, sənəddə ABŞ-ın Müstəqillik Bəyannaməsində yer alan hüquq və azadlıqlardan ancaq bir qisminə yer ayrılmışdır. Bu sənəddə ölkənin konstitusiya rejimini müəyyənləşdirən hakimiyyət bölgüsü prinsipinə də yer verilmişdir. Bu tarixi proses XIX-XX əsrlərdə də davam etmişdir. Bəyannamələrin xarakterinə baxıldıqda, əvvələr lokal xarakter daşıyan insan hüquqları bəyannamələri zaman keçdikcə dəyişiklik göstərərək regional və qlobal xarakter almağa başlamış, I və II Dünya müharibələrindən sonra daha da sürətlənmişdir. Bu çərçivədə, Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi Beynəlmiləl İnsan Hüquqları Bəyannaməsi, Avropa Şurasının qəbul etdiyi Avropa İnsan Hüquqları Konvensiyası ən bariz nümunələridir. Bu qəbildən olan insan hüquqları sənədlərində əsas insan hüquqları ifadə edilməklə yanaşı, dövlətlərin hüquq və azadlıqları qoruması zəruriliyi və bunun həlli yolları öz əksini tapmışdır. Müsbət hüquq elminə əsaslanan hüquq sisteminə malik dövlətlərin əksəriyyətində, konstitusiyanın başlanğıc hissəsi insan hüquq və azadlıqlarına ayrılır.

Bu baxımdan, mürəkkəb tarixi, ictimai - siyasi və beynəlxalq şəraitdə qəbul edilməsinə baxmayaraq, Azərbaycan Konstitusiyası kifayət qədər bitkin və mükəmməl hüquqi sənəddir. Təsadüfi deyil ki, bu gün qanuni iftixar hissi ilə xalqımız ümummilli liderimiz Heydər Əliyevi müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının xilaskarı və qurucusu sayır, ona sonsuz təşəkkür və minnətdarlığını bildirir, müstəqilliyimizin ən böyük, ən mühüm hüquqi sənədi olan Konstitusiyamızı "Heydər Əliyev" konstitusiyası adlandırır. Eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən həvalə edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasındadır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığına və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir. Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət ilə xalq arasındakı münasibətləri əks etdirir, hüquqi, demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.

Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratiya cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərinin həyata keçirilməsidir. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək yüksək hüquqi imperativlərə və hüququn aliliyinə tabe edilmişdir. İcra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdirildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real surətdə təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Hüquqi dövlətin ən mühüm prinsiplərindlən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarınm geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına hüquqi, maddi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır.

Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqlan və azadlıqları" adlanan III fəsli məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının hər biri ətraflı şərh edilir, onların reallaşdırılmasına təminat verilir, müdafiəsi təmin olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Yeni Konstitusiyamız Azərbaycanın müstəqillik qazanmasının, iqtisadi-siyasi və sosial-mədəni sahədə ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin nəticəsi hesab olunduğundan, onun əvvəllər qəbul edilmiş və hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə vəziyyətdə Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar Əsas Qanuna zidd olmayan tərzdə qüvvəsini saxlayır.

l47-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik aktları və ya onların müəyyən müddəaları qüvvəsini itirmiş hesab olunur. Həmin aktlar və ya müddəalar istinad mənbəyi ola bilməz. Hər hansı qərar qəbul edilərkən və ya məsələ həll olunarkən əsas götürülə bilməz. Müasir dövrdə beynəlxalq sənədlər milli hüquqa kifayət qədər müdaxilə etmək qabiliyyətinə malikdir. Azərbaycan qanunvericiliyində bir milli hüquq norması ilə beynəlxalq sənədlərin və o cümlədən insan hüquqlarını əhatə edən beynəlxalq sənədlərin qarşılıqlı münasibəti Konstitusiyada açıq şəkildə göstərilmişdir. Konstitusiyanın 148-ci maddəsinin II bəndinə görə, "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir".

Konstitusiyanın 151-ci maddəsi beynəlxalq sənədlərin milli qanunvericilikdəki hüquqi qüvvəsi ilə əlaqədardır. Burada deyilir: "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir". Konstitusiyanın 12-ci maddəsinin II bəndinə görə, "Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir". Əgər 151-ci maddədə beynəlxalq sənədlərin milli qanunvericilikdə ziddiyyət halında hüquqi qüvvəsi baxımından Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktları istisna olmaqla göstərirsə, Konstitusiyanın 12-ci maddəsinin II bəndi insan hüquqları və azadlıqlarının tətbiqi baxımından heç bir istisna nəzərdə tutmur (4, mad. 12, 148, 151).

Yekun olaraq qeyd edə bilərik ki, tarix boyu insanların əldə etdikləri hüquqlar uzun illər aparılan mübarizənin nəticəsi kimi ortaya çıxmışdır. İnsan hüquqlarının əhəmiyyəti diqqətə alınaraq bu hüquqlar milli hüquq iyerarxiyası içində ən üst səviyyədə olan konstitusiyalarda yerləşdirilmişdir. İnsan hüquqlarının qanunlarla tənzimlənməsinin kifayət etmədiyi kimi, bunların ancaq konstitusiyalarda yerləşdirilməsi də onların təminat altına alınması üçün kifayət etmir. İnsan hüquqlarının konstitusiyalarda yer almasının əsas məqsədi, bu hüquqların təminat altına alınması zəruriliyinin ifadə edilməsidir. Bu hüquqlar, konstitusiyanın bütövlüyünün qorunması prinsipi, konstitusiyaya uyğun təhlil prinsipi, qanunların konstitusiya məhkəməsinin nəzarətində olması, konstitusiyaların dəyişdirilməsinin normal qanunlara nisbətən daha çətin olması və konstitusiya normalarının bağlayıcı və üstün norma olması çərçivəsində təminat altına alınmış olur. Beləliklə, bir daha aydın olur ki, hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə - hüquq islahatları, qanunvericilik sahəsində əldə olunan nailiyyətlər mənbəyini Azərbaycan Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

 

Siyavuş Novruzov,

YAP icra katibinin müavini, Milli Məclisin komissiya sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video