14 Iyun 2015 05:06
504
Tədbirlər
A- A+

Himnimiz çalındı, bayrağımız qaldırıldı

 

İyunun 13-də I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı. Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Onun inamlı mübarizəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyiblər.
Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də bu gün ölkəmizdə idmana, o cümlədən güləşə olan münasibətlə bağlıdır. Güləş Azərbaycanda hər vaxt ənənəsini qoruyub. Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və çox ehtiyat edilən idmançılar sayılırlar. Yəni, pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər. Təkcə London Olimpiadasında qazanılan 10 medaldan 7-nin güləşçilərimizin payına düşməsini demək kifayətdir.
Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında medal gözlənilən idman növlərindən biri də güləşdir. Artıq Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşi üzrə yarışlara start verilib. Dünən ölkəmizin idman şərəfini Elman Muxtarov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) qoruyublar. Fərəhli haldır ki, pəhləvanlarımız 3 medal qazanıblar.
71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız bu mərhələdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Komandamızın liderlərindən olan R.Çunayev rəqibinə asanlıqla qalib gələrək növbəti mərhələni adlayıb. Rəsul 1/4 finalda xorvatiyalı Dominik Etlinqerlə qarşılaşıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək rəqibini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Rəsul bu mərhələdə də ənənəsinə sadiq qalaraq bolqarıstanlı Svilen Kostadinovu 10:0 hesabı ilə məğlub edib. Həlledici görüşdə rəqib macarıstanlı Balint Korpasi olub. Qarşılaşmanın asan olmayacağı əvvəlcədən məlum idi.
Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Tribunada “Azərbaycan, Azərbaycan” sədaları səngimək bilmirdi. Prezident İlham Əliyevin güləşçimizin çıxışını birbaşa zalda izləməsi isə Rəsula göstərilən ən böyük mənəvi dəstək idi. Hamı güləşçimizdən medal gözləyirdi.
Döyüş başladı. Hər iki pəhləvan mübarizəyə fəal qoşuldu. Lakin rəqibindən daha güclü olan Rəsul 4:2 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının qızıl medalını qazandı. Qələbədən sonra verdiyi əsgər salamı ilə idmançımız xüsusi diqqət çəkdi. Budur, himnimiz səslənir. Sevincimizin həddi-hüdudu yoxdur. Halal olsun, Rəsul! Xalqına bu sevinci yaşatdığına görə çox sağ ol!
Rəsul Çunayev final görüşündən sonra dedi: “Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşmışam. İki dəfə mən, iki dəfə isə o qalib gəlmişdi. O, ötən dəfə Bakıda üstün olmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış ərəfəsində soyuqlamışdım və gücümü qorumalı idim. Öz vətənimizdə qızıl medalı kiməsə vermək fikrində deyildim və buna da nail oldum. Başda cənab Prezident İlham Əliyev olmaqla, bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım”.
Növbə Rafiq Hüseynova (80 kq) çatır. Güləşçimiz yarışa 1/8 finaldan qatılmışdı. İlk qarşılaşmasında avstriyalı Mixael Vaqneri mübarizədən kənarlaşdırdı. 1/4 finalda Rafiq Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə görüşdü. O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edərək (10:0) yarımfinala yüksəldi. İdmançımızın yarımfinalda rəqibi türkiyəli Səlçuq Cebi oldu. Rafiq bu mərhələdə də qalib gələrək yarışa tam hazır olduğunu bir daha sübuta yetirərək adını finala yazdırdı - 9:0.
Bu da final. Qızıl medalın taleyi həll olunur. Rafiqin rəqibi rusiyalı Yevgeni Salayevdir. Görüş 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Yekunda R.Hüseynov Avropa Oyunlarında komandamıza ilk gümüş medalı qazandırdı.
59 kq çəki dərəcəsində dünya və ikiqat Avropa çempionu Elman Muxtarov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Təsnifat mərhələsindən azad olan həmyerlimiz gürcüstanlı Gizo Meladze ilə güləşib. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda pəhləvanımız Norveç təmsilçisi Stiq-Andre Berqlə qarşılaşıb. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6.
Təəssüf ki, Elman finala gedən yolda büdrədi. Buna baxmayaraq, o, bürünc medal uğrunda mübarizəni davam etdirərək 3-cü yer uğrunda görüşdə ermənistanlı Roman Amoyanla qarşılaşdı. 20 yaşlı güləşçimiz erməni rəqibini xalçaya çıxmağa peşman etdi. E.Muxtarov təcrübəli rəqibini 9:1 hesabı ilə məğlub edərək “Bakı-2015”in bürünc medalına layiq görüldü.
71 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim etdi.
Dövlət başçısı İlham Əliyev I Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik etdi.
Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, üçrəngli bayrağımız qaldırıldı.
* * *
Ölkəmizi 98 kq çəki dərəcəsində təmsil edən Orxan Nuriyev isə təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə üz-üzə gəlib. 20 yaşlı idmançımız təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1. Güləşçimiz 1/8 finalda litvalı Vilius Laurinaitislə qarşılaşıb və böyükhesablı qələbəyə sevinib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.
Lakin İ.Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatıldı. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq bürünc medal uğrunda yarışmaq hüququ qazandı. Lakin üçüncü yer uğrunda görüşdə türkiyəli Cenk İldemə uduzaraq Avropa Oyunlarını medalsız başa vurdu.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə növbəti çəki dərəcələri üzrə yarışlar bu gün keçiriləcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video