19:59 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev tarixi missiyasını qətiyyətlə yerinə yetirdi

ANA SƏHİFƏ / SİYASƏT
01:00 15.06.2021

 

Bu gün Azərbaycanın müstəqillik salnaməsinin ən önəmli hadisələrindən olan Milli Qurtuluş Gününün 28-ci ili tamam olur. Xalqımızın və dövlətimizin indiydək əldə etdiyi bütün uğurların, nail olduğu yüksəlişin, dinamik inkişafın təməli 1993-cü il iyunun 15-də əbədiyaşar şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə qoyuldu.

Həmin günlərdə haqlı olaraq hər kəs, o cümlədən ölkədəki böhranlı vəziyyətə bais olmuş siyasi qüvvələr də vəziyyətdən çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Ona görə 1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yolu oldu. Heydər Əliyevin gəlişi ümumxalq bayramına çevrildi, çünki həmin gün ürəklərdə kök atmış ümidsizlik və iztirablara son qoyuldu.

Heydər Əliyev Bakıya gəldiyi ilk gündən xilaskarlıq missiyasını öz üzərinə götürərək Gəncəyə səfər etdi, baş vermiş hadisələrlə yerində maraqlandı. Ulu Öndərin müdrik siyasətçi və ağsaqqal kimi, ilk növbədə, vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısını aldı. Bununla da qısa müddət ərzində faciələr həkk olunmuş müstəqillik tariximizə növbəti qanlı səhifənin yazılmasına imkan vermədi. Elə bu amillər də Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Eyni zamanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqın əsas tələb və istəyi olmaqla, sosial sifarişə və siyasi zərurətə çevrilmişdi və Ali Sovet bunları nəzərə almaya bilməzdi.

1993-cü ilin iyununda bir tərəfdən erməni hərbi birləşmələri hücumlarını genişləndirir, digər tərəfdən separatçı qruplar öz fəaliyyətlərini artırırdılar. Belə bir vaxtda Ali Sovetə Sədr seçilən Heydər Əliyevin qarşısında olduqca ağır və gərgin vəzifələr dururdu. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda baş qaldırmış separatizmə son qoyuldu. Bu baxımdan Ulu Öndərin xalqımız qarşısında ən mühüm və tarixi xidmətlərindən biri Azərbaycanın parçalanmasına çalışan xarici dairələrin planlarını iflasa uğratması idi. Eyni zamanda həmin dövrdə hakimiyyətsizliyin və anarxiyanın nəticəsi kimi kəskinləşmiş kriminogen vəziyyət də məhz Heydər Əliyevin sayəsində müsbətə doğru dəyişdi, geniş yayılmış cinayətkarlığın qarşısı alındı.

Heydər Əliyevin qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin  qarşısında həlli mümkün olmayan problem yox idi. 1993-cü ilin iyun ayının 15-dən sonra cərəyan edən proseslər ölkəmizə xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Ulu Öndərin xilaskarlıq missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli Qurtuluş Gününü hər birimiz fəxarət hissi ilə qarşılayır, bu tarixlə bağlı dərin iftixar və qürur hissi keçiririk. Çünki Azərbaycanın ötən 28 ildəki bütün nailiyyətləri başlanğıcını məhz Milli Qurtuluşdan götürdü. Milli Qurtuluşla yaradılan təməllər üzərində İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan güclü dövlətə çevirib. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər də Milli Qurtuluş Günündən başlanan və möhtəşəm uğurlarla zəngin olan yüksəlişin qürurdoğuran məntiqi nəticəsidir. Tanrı dövlətimizi, xalqımızı və Prezidentimizi hifz etsin, bayramınız mübarək!

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM