12 May 2019 10:13
3005
Birinci vitse-prezident
A- A+

Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim olunub


Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə "Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə G.Verdinin, F.Cileanın və G.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. O, yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur "Time'' jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi ("Toska", C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada "Motsareum" Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının "Half Way Around The World" konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video