06 Oktyabr 2017 11:10
1117
Birinci vitse-prezident
A- A+

Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun kolleksiyasından ibarət “Modernizm və moda” sərgisi açılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək Mərkəzin artıq beynəlxalq sərgilərin keçirildiyi məkana çevrildiyini qeyd edərək deyib: “Biz artıq bir neçə dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə moda mövzusuna müraciət etmişik. Mərkəzdə italyan modelyer Renato Balestranın Azərbaycan ornamentlərindən ibarət moda şousu keçirilib. Eyni zamanda, 2015-ci ildə Monako Şahzadəsi Qreys Kellinin zinət əşyaları, şəxsi geyim nümunələri, ilk dəfə Azərbaycanda təqdim olunan avtomobil kolleksiyası “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisində nümayiş etdirilib”.

Anar Ələkbərov diqqətə çatdırıb ki, 2017-ci il Heydər Əliyev Mərkəzi üçün çox əhəmiyyətli bir ildir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin açılışı olub və qonaqlarımızın sayı günbəgün artır. Bu illər ərzində Heydər Əliyev Mərkəzinə artıq bir milyondan çox ziyarətçi gəlib. Bu da onu deməyə əsas verir ki, Mərkəzin seçdiyi mövzular, təqdim etdiyi sərgilər həm şəhərin qonaqları, həm də sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Anar Ələkbərov bu cür sərgilərin təşkilində, ümumiyyətlə, Heydər Əliyev Mərkəzinin fəaliyyətində və burada keçirilən tədbirlərə göstərilən dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

“Modernizm və moda” sərgisi haqqında danısan Mərkəzin direktoru qeyd edib ki, sərgi yeddi ay ərzində hazırlanıb. A.Ələkbərov sərgidə təqdim olunan kolleksiyanın rəhbəri Aleksandr Vasilyevə və sərginin kuratoru Kirill Qasilinə, eləcə də sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Açılış mərasimində çıxış edən Aleksandr Vasilyev Bakıya səfərinin böyük xoşbəxtlik olduğunu vurğulayaraq deyib: “Günəşli gündür, çox gözəl kampaniyadır, dost simalar görürəm. Bütün bunlar uğurdan xəbər verir. Mən, ilk növbədə, Heydər Əliyev Mərkəzinə kolleksiyamı nümayiş etdirməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Bugünkü sərginin mövzusu onunla şərtlənib ki, biz sizinlə nadir memarlıq nümunəsi olan binadayıq. Böyük memar tərəfindən layihələndirilmiş bu bina hələ 2014-cü ildə dünyanın ən gözəl binası kimi qəbul edilib. Bu nadir məkanda olmaq, işləmək, sərgi təqdim etmək bizim üçün şərəfdir.

Bu sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Biz müxtəlif ölkələrə, o cümlədən Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə bu sərgi ilə bağlı səyahət etmişik. Kurator Kirill Qasilin bu sərginin təşkilinə böyük vaxt sərf edib. Mən bu sərginin təşkilinə görə böyük imkan yaradıldığı üçün Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bizim digər sərgilər də təşkil etmək planımız var. Altı aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi planlaşdırırıq. Bu, hələ ki, sirdir. Çünki siz hələ bu sərgidən zövq alacaqsınız. Sərgidə görəcəkləriniz, ola bilsin ki, sizin gözləntinizi də ötüb keçəcək. Bu, həmin möhtəşəm dövrün ən yaxşı modalarıdır. “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino” kimi yüksək modanın qəhrəmanlarının müxtəlif, ən yüksək keyfiyyətli modelləri təqdim edilir. Bunlar o dövrün ulduzlarına məxsus idi. Həmçinin sərgidə çoxsaylı aksesuarlar, çantalar, şlyapalar, bijuteriyalar və s. yer alıb. Düşünürəm ki, bunlar sizdə dərin təəssürat oyadacaq”.

Aleksandr Vasilyev diqqətə çatdırıb ki, bu, həm də maarifləndirici sərgidir. Bu sərgi Azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir. O deyib: “Bu cür sərgi o şəhərdə olmalıdır ki, həmin yerdə modaya səmimi münasibət bəslənilir. Biz istəyirik ki, Azərbaycanda bu estetika duyumu həmişə ən yüksəkdə olsun və siz böyük mədəniyyətin, böyük estetikanın və böyük gözəlliyin, o cümlədən memarlıq gözəlliyinin, təbiətin gözəlliyinin, mətbəxin gözəlliyinin paytaxtında yaşamağınızla qürur duyasınız. Mən sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda Heydər Əliyev Mərkəzinə “Stil meyarı” nominasiyasında “Aleksandr Vasilyev zanbaqları” mükafatı təqdim olunub. Aleksandr Vasilyev tərəfindən təqdim edilən mükafat keramikadan hazırlanmış “Zanbaq” əsərindən ibarətdir.

Anar Ələkbərov isə Mərkəzin adından qonağa XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid Azərbaycan milli qadın geyimini təqdim edib.

Sonra qonaqlar sərginin təqdim edildiyi dördüncü mərtəbəyə qalxıblar.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Aleksandr Vasilyev sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.

1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz inqilabiliyi cəmiyyətlərdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı. İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində yeni iz qoydu və Paris modelyerləri kosmik mövzuya müraciət etdilər. Ayaqqabı formaları, baş geyimlərində və digər aksesuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişi ilə sona çatdı. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunur.

Ekspozisiyada, həmçinin kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan geyimlər nümayiş etdirilir. Sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənir.

Aleksandr Vasilyev kolleksiyaçı, moda tarixçisi, interyer dekorasiyaçısı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, sənətşünas, televiziya proqramlarının aparıcısıdır. Onun 40 ilə yaxındır ki, topladığı kolleksiyada XVII əsrdən müasir dövrədək müddəti əhatə edən 50 min eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz dövrlərinin ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb.

Vilnüsdə yaradılmış Aleksandr Vasilyev Fondu Litva və digər ölkələrdə dəb mədəniyyəti və tarixinin təbliğinə yönəlmiş təhsil, kostyum, aksesuar, rəsm, qrafika, foto, dekorativ tətbiqi sənət əsərləri və çap olunmuş nəşrlərdən ibarət kolleksiyanın qorunması, genişləndirilməsi, ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video