11:35 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həyat, sən nə şirinsən
ANA SƏHİFƏ / SƏHIYYƏ
02:01 22.01.2013

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Şəfiqə Axundova mənalı ömrünün 89-cu qışını tamamlayır. Onun ecazkar musiqisində təbiətin min bir rəngi, gözəlliyi görünür, ətri, dadı duyulur. Onun bütün bəstələrində insan ürəyinin zərif tellərini titrətmək, adamı kövrəldərək geriyə boylandırmaq, düşündürmək, saflaşdırmaq qüdrəti var. Şəfiqə xanımın nəğmələri içimizdən keçir. Sözdən öncə həzin musiqi qəlbimizi riqqətə gətirir. Ötən günlərin, vaxtsız ayrılıqların arxasınca elə həzin haray qoparır ki, musiqidəki çağırışın ürək titrədən ahəngi hər kəsi daim öz cazibəsində saxlayır:

 

 

Sənsiz günəş batar,

Ulduzlar sönər,

Getmə, ey baharım,

Ey gündüzüm gəl!..

 

Hardandır bu qədər doğmalıq, mərhəmətlik onun musiqisində? Apardığımız söhbətlərdən bu qənaətə gəldik ki, şeir onu tutmasa, ürəyini dara çəkməsə, heç vədə nəğməyə döndərə bilməz. "Bütün mahnılarımın ilk ifaçısı özüməm" söyləyən Şəfiqə Axundova şirmayi dillərə toxunmamışdan öncə ürəyi, nəfəsi ilə o misraları oxuyur. Məhz ondan sonra könlündə doğulanı nota köçürür. Bəlkə də bu səbəbdəndir ki, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Şəfiqə Axundovanın bir-birindən gözəl mahnılarını, romanslarını, musiqilərini sevməyən tapılmaz. Ruhumuzdan gələn səs kimi bizə doğma olan bu musiqilərin mayasında millilik, soya-kökə bağlılıq o qədər təsirli və harmonik vəhdət təşkil edir ki, Şəfiqə Axundovanın musiqisi ilk səslənişindən müəllifinin kimliyini özü pıçıldayır.

Görkəmli bəstəkarımız 70 ildən çoxdur ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə fədakarlıqla xidmət edir. Bu illər ərzində o, bir-birindən gözəl, dəyərli əsərlər yaratmışdır. Söylədiyinə görə ailələrində heç kim onun musiqiçi olmasını istəməyib. "Pianoda çalmağı özüm öyrənmişəm heç bir musiqi təhsilim yox idi. Bircə böyük bacım Zümrüd (akademik Məmməd Arifin ömür-gün dostu) çalmağımı çox xoşlayırdı. Onların evinə məşhur adamlar gələrdilər. Mən ilk dəfə dövrün böyük yazıçı və şairlərini, tanınmış sənət adamlarını bacımgildə görmüşdüm. Səməd Vurğun, Mirzə İbrahimov, Əvəz Sadıq, Mir Cəlal, Cəfər Xəndan... və başqaları. Bir dəfə sözarası Zümrüd bacım Mirzə müəllimə dedi ki, bu il Şəfiqə orta məktəbi bitirir. Bilmirəm neyləyək? Özünün həvəsi musiqiyədir. Mirzə İbrahimov da dərhal cavab verdi ki, burada nə çətin iş var? Üzeyir bəydən xahiş edərəm Şəfiqəni yoxlasın. Görək, həqiqətən də bu qızda musiqi duyumu var, ya yox? Zəng etdi. Üzeyir bəy də cavabında bildirdi ki, indi gəlsinlər. Bacımla getdik. Bu olub 1941-ci ildə. Aşıq Mirzə Bayramın sözlərinə hazırladığım "Bala" mahnısını çaldım və oxudum. Bir rəng və bir neçə rəqs də ifa etdim. Üzeyir bəy mənə çox diqqətlə qulaq asdıqdan sonra dedi: "Bu qızın çalğısında yaradıcılıq hiss olunur. Amma mütləq musiqi savadı almalıdır". Təsəvvür edin ki, 17 yaşım var idi. Amma bircə not da bilmirdim. Kim idi məni bu yaşımda musiqi məktəbinə götürən. Məhz Üzeyir Hacıbəylinin - o böyük insanın qayğısı mənə bu yolda kömək oldu. Onun məsləhəti ilə əvvəlcə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın sinfində musiqinin nəzəriyyəsi ilə tanış oldum. Sonra da Hacı Xanməmmədovun tar sinfinə getdim. Bəxtimdən Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində "Yaradıcılıq kursları" açıldı. Tar sinfindən çıxdım. Üzeyir bəy məni öz qrupuna götürdü. Musiqiyə meylim o qədər güclü idi ki, hər şeyi gözlənildiyindən də tez qavrayırdım. Klassik musiqini daha çox sevirdim. Nəhayət, 1945-ci ildə konservatoriyaya daxil oldum. O zaman dahi Üzeyir bəy Hacıbəylinin dəvəti ilə rusiyalı professor Boris İsakoviç Zeydman Bakıya dəvət edilmişdi (indi Azərbaycanda məşhur olan bir çox bəstəkarlar məhz onun yetirməsidir), mən də onun sinfində oxudum. Yadımdadır, imtahan zamanı Qara Qarayev çox ciddi tərzdə dedi: "Bu qız əsl bəstəkar olacaq".

Dahilər proqnozlarından heç vaxt yanılmayıblar. İndi o günlərdən aylar, illər ötüb. Bu, fərəhli bir faktdır ki, Şəfiqə Axundova məhz Üzeyir bəyin kəşfi idi. Bu kəşfin də uğurlu bəhrəsidir ki, xalqımız haqlı olaraq Şəfiqə Axundova ilə öyünür və bu qürura səbəb də çoxdur. Şəfiqə Axundova ilk azərbaycanlı qadın bəstəkarıdır ki, simfonik poema yazıb, simfonik kvartet üçün pyeslər bəstələyib, fortepiano üçün sonata və sonatinaların müəllifidir. Simfonik süitası var, ilk azərbaycanlı qadın bəstəkarıdır ki, libretto müəllifidir. "Ev bizim, sirr bizim" musiqili komediyasını oxucularımız xatırlamamış olmazlar. Respublikanın xalq artisti Nəsibə Zeynalovanın iştirak etdiyi bu tamaşanın librettosu məhz Şəfiqə xanıma məxsusdur. Nədənsə biz onu Şərqdə opera yazan ilk qadın bəstəkar adlandırırıq. Halbuki bu şöhrətin, bu fəxrin miqyası daha genişdir. Çünki Şəfiqə Axundova dünyada ilk qadın bəstəkardır ki, opera yazıb. Süleyman Rəhimovun "Gəlin qayası" povestinin motivləri əsasında İsgəndər Coşqunun yazdığı libretto Şəfiqə xanımın musiqi yozumunda özünün çox uğurlu həllini tapıb. 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində neçə-neçə ifaçını yetişdirən, tamaşaçı alqışı ilə qarşılanan "Gəlin qayası" operası bu gün də eyni təravət və məhəbbətin ünvanıdır. İncə qəlbli bəstəkarımız 600-dən çox nəğmə bəstələyib, 5-dən artıq tamaşaya musiqi yazıb.

Hər şeyin ilki unudulmazdır, deyiblər. Çünki ilkinlikdəki sevinc, şirinlik insanı heç vaxt tərk etmir. Bu mənada 89 baharlı bir ömrün çox ilkini var.  Peşəkar bəstəkar kimi ilk dəfə Mirvarid Dilbazinin "Beşik başında" şeirinə müraciət edib. Mahnılarının ilk ifaçısı böyük Bülbül olub. 1944-cü ildə Tbilisidə keçirilən "Musiqi baharı" festivalında Şəfiqə Axundovanın "Röya" adlı mahnısını ifa edib. Sonra Şövkət Məmmədova, Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Flora Kərimova onun mahnılarını oxuyublar. Nəğmələri çoxaldıqca ifaçıların sırası da artıb. İndi onun mahnılarını bütün müğənnilərimiz məmnuniyyətlə və ürəklə oxuyurlar. Çoxlarının da ilk bəstəkarı məhz Şəfiqə Axundovadır. Neçə istedadlının qolundan tutaraq sənətə gəlməsində Şəfiqə xanımın rolu böyük olub.

Onun ürəyi xatirələrlə doludur. Xüsusilə də Üzeyir Hacıbəylini tez-tez xatırlayır: "Üzeyir bəy təkcə istedadları seçməklə məşğul olmurdu. O, həm də hər bir gəncə əlindən gələn köməyi etməyi çox sevirdi. Heç yadımdan çıxmaz. Biz qastrollara gedəndə o, bizim bütün qayğılarımızı öz üzərinə götürərdi. Geyimimizdən başlamış yemək-içməyimizə qədər hər şeyin xərcini özü çəkərdi".

Görkəmli bəstəkar mərhum Tofiq Quliyevə məxsus fikirdir: "Şəfiqə Axundovanın bəstəkar kimi səmərəli zəhməti istedadına bərabərdir". Onun həyatı ilə tanış olduqca Tofiq müəllimin sözlərindəki həqiqəti bir daha dərk etməli olursan. 1956-cı ildən 1989-cu ilə kimi Azərbaycan İncəsənət Universitetində çalışan Şəfiqə Axundova tələbələrə musiqi savadından, solfeciodan, musiqi tarixindən, tamaşanın musiqi tərtibatı fənlərindən dərs deyib. 1989-cu ildə isə qüsursuz və səmərəli fəaliyyətini qeyd edərək onu təqaüdə yola salıblar.

Şəfiqə xanım çox şairlərin sözlərinə mahnı yazıb. Amma özü Bəxtiyar Vahabzadə ilə işləməyi daha çox sevərdi. "Bizim sözümüzlə musiqimiz sanki eyni doğulur, əkizdilər. Bəxtiyarın şeirini oxuyub başa çatdırmamış qəlbimdən musiqisinin sədalarını eşidərdim. Onun şeirlərində həmişə öz ovqatımı, öz hisslərimi duyardım. Bəxtiyar vəfat edəndən sonra elə hey onun sözlərinə yazdığım bir mahnını özüm üçün zümzümə edirəm:

 

Bu gün elə dolmuşam,

İçim çölümə sığmır.

Nə danışım, nə deyim,

Dərdim dilimə sığmır.

Bir ömür addım-addım

Qəm yükünü daşıdım.

Elə günlər yaşadım,

Ayım ilimə sığmır.

 

Xalq şairi Bəxtiyar Vahabzadə də Şəfiqə Axundovanın yaradıcılığını çox dəyərləndirərək deyərdi: "Bir bəstəkar kimi mən Şəfiqə xanımı çox sevirəm. Yarım əsrdən çoxdur ki, yaradıcılıq əlaqələrimiz davam edir. Mahnılarımızın sayı çoxdur. "Vicdan" pyesimin də, "Ehtiram" adlı əsərimin də musiqisi onundur. Şəfiqə Axundovanın yaradıcılığında bizim milli ruhumuzu, kökümüzdən gələn səsi görürəm".

Şəfiqə Axundova qəribə və istedadlı bəstəkar olduğu kimi, bənzərsiz xarakterə də malikdir. Reklamdan, özünü öyməkdən çox uzaqdır. Mehriban və sadə təbiətli insandır. Yapışıqlı danışığından, xatirələrindən həmişə qəlblərə xoş emosiyalar hopur. Vaxt olub ki, musiqisi ilə qəlbləri ehtizaza gətirən, mahnıları ilə milyonların sevimlisinə çevrilən bəstəkar xanımımız ailə, məişət qayğılarının məngənəsində çırpına-çırpına qalıb. Ehtiyaclarını içində boğub. Kiməsə, harasa üz tutmayıb. Biz çox vaxt istedadlı adamlarla, elə dahilərlə bir əsrdə, bir şəhərdə, bəzən də lap bir həyətdə yaşayırıq. Çoxumuz görə bilmirik onları. Şəfiqə xanımın unudulduğu vaxtlar da olub. Amma biz onu ha tərpətsək də, dilinə giley gəlmədi. Xəfif bir kədərlə Tofiq Quliyevi xatırladı. Onun göstərdiyi diqqətdən danışdı. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcı insanlara verdiyi qiymətdən söz açdı: "Unudulmaz Heydər Əliyev bizə elə həssas münasibət göstərib ki, istəsək də belə, onu unuda bilmərik. Hər dəfə prezident təqaüdünü alanda fikirləşirəm, Heydər Əliyev sağlığında qəlblərdə özünə əbədi heykəl ucaltdı. Təsəvvürünüzə gətirirsiniz, 1998-ci ildə mən xalq artisti adına məhz ulu öndərimizin fərmanı ilə layiq görüldüm. İllər idi ki, mənzil şəraitinin darısqallığından əziyyət çəkirdim. Bir görüşümüzdə o, bunu bilən kimi dərhal həll etdi. İndi çox rahat, müasir üslubda tikilmiş və təmir edilmiş gözəl mənzildə yaşayıram. Bütün bu rahatlığı mənə məhz Heydər Əliyev bağışlayıb. Ulu öndərin bir mənim yox, bütün sənətçilərin boynunda böyük haqqı var. Mən deyərdim ki, bizim iki böyük pənahımız olub - onun biri ulu Tanrıdır, ikincisi də əzizimiz Heydər Əliyev idi. Az yaşım yoxdur. Nələr görməmişəm bu həyatda. Heydər Əliyev kimi qətiyyətli, həssas, qayğıkeş, duyumlu insan olmayıb. O, başqa aləm idi".

Şəfiqə Axundovanın yeganə oğlu Taleh Hacıyev musiqiçi, istedadlı ifaçı və bəstəkar idi. "Fərəh" ansamblına rəhbərlik edirdi. "Belə qəmli dayanma", "İnsan göydə Ay kimidir" adlı məşhur nəğmələrin müəllifidir. "Taleh mənim sağ əlim, vuran ürəyim idi" - söyləyən Şəfiqə Axundova indi onun yoxluğunun xiffətini çəkməkdədir. Övlad acısının ağrıları bəstəkarın gözlərində də, sözlərində də öz təsirini tez-tez göstərirdi.

Qarşıdan görkəmli bəstəkarımızın 90 illik yubileyi gəlir. "Mənə elə gəlir ki, hər bir sənətkarın yaradıcılığında mütləq öz nəğməsi olmalıdır. Mən də məhz ömrümün bu çağında o şərqinin yaradılmasına can atıram. Sənətkarı, ümumiyyətlə, yaradıcı insanları yaşadan onların əsərləridir. İnanıram və bu əminliyi illər də təsdiqlədi ki, mənim musiqim həmişə səslənəcək" - deyə kədərlə gülümsəyən Şəfiqə Axundova əllərini çox ehtiyatla şirmayi dillərə toxundurdu. Çox həlim və zərif bir səs ətrafa yayıldı:

 

Həyat, sən şirinsən,

Kim səndən doydu getdi.

Gedənlər öz qəlbini

Dünyada qoydu getdi.

 

Əlbəttə, Şəfiqə xanımın musiqisi nəinki həmişə səslənəcək, həm də millət yaşadıqca seviləcək. Şəfiqə Axundova həm də böyük bəstəkarımız Üzeyir Hacıbəylinin tələbəsi kimi son yadigarlarındandır.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM