14 Iyun 2020 00:20
2047
Səhiyyə
A- A+

Həyat o zaman gözəl olur ki...


Dünya koronavirus pandemiyası ilə mübarizəyə başlayandan cansağlığı bütün maddi-mənəvi sərvətlərdən daha vacib hesab edildi


Sağlamlıq insana təbiət və yaradan tərəfindən verilsə də, onun qorunması həm şəxslərin özləri, həm də ictimaiyyət tərəfindən birmənalı şəkildə həyat məqsədinə çevrilməlidir. Təəssüf ki, sağlamlığını qorumadığına görə milyonlarla insan həyatını vaxtsız və yaxud uzunmüddətli xəstəliklərdən itirməli olur.

Qan və onun komponentlərinin köçürülməsi isə hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Müxtəlif vaxtlarda "Başqalarını düşün, qan ver, həyatla bölüş” devizi ilə keçirilən ümumdünya qan donoru kampaniyası da ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək məqsədi daşıyır. Çünki qan donorluğu insan həyatını xilas edən xeyirxah addımdır.

14 iyun 2005-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi ilə bağlı qərar qəbul edilib. Bu da öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü ilə bağlıdır.

Uzun illər hematoloji xəstələrin müalicəsi ilə məşğul olmuş, hematologiya və səhiyyənin təşkili üzrə fəlsəfə doktoru, qan xəstəlikləri üzrə mütəxəssis kimi bir çox beynəlxalq konfransların (ABŞ, Fransa, Türkiyə, Kanada və s.) iştirakçısı və məruzəçisi olan doktor Mehparə Kazımova qeyd edir ki, insan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur. Bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır: "...Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirə bilər. Buna görə də donorun 300-400 milliqram qanı ilə insan həyatını xilas etməsi tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir.

Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hematoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparatla əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar...”


Ən təhlükəsiz olan məhz könüllü donorların qanıdır


Bu tarixi gün bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər qurumlar tərəfindən dəstəklənir. Təəssüflə qeyd etməliyik ki, bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan minlərlə ananı, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.

Doktor M.Kazımova onu da qeyd etməyi vacib saydı ki, ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır: "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri də donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün yalnız Səhiyyə Nazirliyi deyil, müxtəlif dövlət və qeyri-hökumət qurumları, görkəmli xadimlər, KİV də öz töhfəsini verməlidir. Hazırda dünyanın 60-dan çox ölkəsində sırf könüllü donorluq əsasında qanvermə xidmətləri fəaliyyət göstərir. Hansı ki, 2002-ci ildə belə xidmətlər yalnız 39 ölkədə qeydə alınmışdı”.

Yeri gəlmişkən, 2009-cu ildə qəbul edilmiş Melburn Bəyannaməsi ölkələrə 2020-ci ilədək 100 faiz könüllülük əsasında təmənnasız donor qanı ilə təmin etmək, qanköçürmənin həyat üçün əhəmiyyətli rolu barədə maarifləndirmə işlərinin səviyyəsini yüksəltməklə donorluğun miqyasını genişləndirmək çağırışı da edib. Ümumdünya Səhiyyə Təşkilatının dünya ölkələrinin ictimaiyyətini Ümumdünya Qan Donoru Günündə "Dünyanı qırmızı rəngə boyayaq” kampaniyasına qoşulmağa çağırışı da təsadüfi deyil. Hər il bütün dünyada insanların həyatını xilas etmək və sağlamlığını yaxşılaşdırmaq məqsədilə ən azı 100 milyon doza qan verilir. Buna baxmayaraq, köçürmək üçün qana tələbat durmadan artır. Təəssüf ki, hələ də bir çox ölkələr mövcud tələbatın öhdəsindən gələ bilmir.


Donorlar dünyanın 70-dən artıq ölkəsində yaşayırlar


Qan və qan məhsulları planda nəzərdə tutulmuş və təcili cərrahiyyə əməliyyatları, o cümlədən artmaqda olan yol-nəqliyyat qəzaları nəticəsində xəsarət almış insanların, habelə anadangəlmə bəzi xəstəliklərin müalicəsi üçün zəruridir. Donorların, ümumiyyətlə, dünyada sayının az olması, yəni əhalinin ümumi sayının cəmi 1 faizini təşkil etməsi ürəkaçan göstərici deyil. Onlar da cəmi 70-dən bir az artıq ölkədə yaşayırlar. Bu göstərici də qana olan əsas tələbat üçün zəruri səviyyədən aşağıdır.

Qan və onun komponentlərinin donorluğu problemi ölkəmiz üçün əhəmiyyətli və milli səhiyyə sistemimiz üçün vacib məsələlərdən biri hesab olunur. Sülh dövründə və fövqəladə hallarda yüksək texnoloji tibbi yardımın göstərilməsi imkanları və xidmətlərin keyfiyyəti məhz sözügedən problemin həllindən asılıdır: "Hazırda tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin. Onu da qeyd edək ki, Azərbaycanda donor qanının və onun komponentlərinin təmin edilməsi üzrə milli siyasətin əsas prinsipləri artıq formalaşdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda "Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilməyə başlandı. Sözügedən proqram Azərbaycanda qeyd edilən xəstəliyə qarşı mübarizə sahəsində dönüş nöqtəsi oldu. Bu proqramın həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verildi. Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları və ixtısaslı tibbi xidmətlər əldə edirlər.

Milli Məclisin qəbul etdiyi "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 2005-ci ilin may ayında Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib. 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (2006-2010 və 2011-2015) da bu qəbildən olan sənədlər sırasına daxildir. Qeyd edilən proqramlar çərçivəsində qan xidməti göstərən müəssisələrin dövlət tərəfindən zəruri avadanlıqlar, qanın saxlanılması üçün konteynerlər və qanın testi üçün reaktivlər ilə təchizatı məsələləri həll edilib. Ölkə ictimaiyyəti isə çox mühüm bir məsələnin - qan donorluğu probleminin həllinə fəal şəkildə qoşulub.

Səhiyyə Nazirliyi qan xidməti müəssisələri şəbəkəsinin fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görməkdədir. Qan xidməti müəssisələrinin strukturunun müasirləşdirilməsi tədbirləri nəticəsində səmərəlilik səviyyəsi aşağı olan qan xidməti müəssisələri sıradan çıxarılıb ki, bu da donorlardan daha rasional şəkildə istifadə etməyə, donor qanlarında olan və qan vasitəsilə ötürülən keçici xəstəliklərin marker üzrə müayinəsinin yaxşılaşdırılmasına imkan verir. Bütün bu donorlar isə ödənişsiz könüllülər olub.


Qanvermə aksiyaları genişlənir


Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi (MQB-nin veb.saytının yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, KİV vasitəsilə çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi və s.) ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. M.Kazımova onu da əlavə etdi ki, Heydər Əliyev Fondunun çağırışına uyğun olaraq, təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında fəaliyyət göstərən müəssisə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil olunmağa başlandı: "Donorluq aksiyalarının təşkilində tibb işçiləri daha çox fəallıq nümayiş etdirirlər. Onlar Səhiyyə Nazirliyinin müəyyən etdiyi qrafik əsasında müntəzəm olaraq qan verirlər.

Bütün bu tədbirlər qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə gətirib çıxarır. Donorlar ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alına və əvəz oluna bilməyən nemət sayılan cansağlığının bərpası üçün başqalarına öz qanını verirlər. Təsadüfi deyil ki, donor sözü qədim latınca "donore”, yəni "bəxş etmək” deməkdir. Bir çox hallarda onların hədiyyəsi digər insanın həyatını xilas edir”.

Bu gün artıq bütün dünyanı çənginə alan koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirlərində də qanvermənin necə əhəmiyyətli olması faktoru özünü qabarıq şəkildə göstərdi. Hətta virusa yoluxub, onunla döyüşərək qalib gəlmiş pasiyentlərin sağaldıqdan sonra verdikləri qan digər belə xəstələrin həyatlarını xilas edəcək qədər dəyərli hesab edilir. Buna görə də donorluq bir könüllülük hərəkatı kimi genişləndirilməli, daha çox ictimaiyyəti özünə cəlb etməlidir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video