11 Iyun 2021 02:38
1025
CƏMİYYƏT
A- A+

Həsrət nəğməsi

 

Üç aya qurulan toy, üç il çəkən evlilik, yaşanmayan həyat...

 

Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Ailədə iki qız övladından sonra dünyaya gəldiyindən çox əzizlənərdi. Özündən böyük iki bacısı və kiçik qardaşı vardı. Orta məktəbi həmin kənddə bitirmişdi. Arzusunun ardınca düşüb təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirmişdi. 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə başa vurduğu üçün  Samid İmanov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdü. Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru idi. Aprel döyüşlərində şəhidliyindən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşür.

“Bizim hekayəmiz” layihəsində həmsöhbətimiz Samid İmanovun xanımı Badam İmanovadır.

 

Onu çox gözlədim

 

- Bizim hekayəmiz çox uzun sürmədi, amma keşməkeşli oldu. Cəmi üç il idi ki, ailə qurmuşduq. O üç ilin nə qədərini bir yerdə ola bilmişik, çətin deyə bilərəm. Hərbçi ailəsinin həyatı bir yerdə olmaqdan çox, bir yerdə olmağı gözləməkdən keçir. 

Biz Samidlə dayıqızı bibioğlu idik, amma düzü görməmişdik bir-birimizi, yalnız adımızı eşitmişdik. Samidin anası bibim olsa da gediş-gəlişimiz yox idi. Həm də o həmişə təhsil arxasınca gedib, sonra  dağda-daşda, təlimlərdə, ezamiyyətlərdə olub.  Mən də universitetdə oxuyurdum. Tətil vaxtları  ata yurdumuz Neftçalaya gedirdim.  Bir dəfə Samidlə tətilimiz eyni vaxta düşdü, kənddə rastlaşdıq. Həmişə eşidirdim ki, Samidə qız axtarırlar, amma heç kimi bəyəndirə bilmirlər. Heç kim onun meyarlarına uyğun gəlmirdi. Lakin onunla ilk dəfə rastlaşandan söhbətimiz tutdu. 

Eşidəndə ki, məndən xoşu gəlib, ciddiyə almadım. Üstündən  iki ay keçdi, Samid növbəti dəfə evə gələndə soruşub ki, Badamla danışan oldumu? Bundan sonra gəlib mənə dedilər ki, Samid səni soruşur. Məsələnin ciddiliyini anladıqdan sonra heç tərəddüd etmədən razılıq verdim. Bilmirəm, qohum olduğumuza görə ona inandım, yoxsa özü elə ilk dəfədən o etimadı qazandı,  amma hər halda güvəndə hiss etdim özümü.

İlk təsadüfi görüşdən sonra cəmi bir dəfə görüşdük. Bakıda məni dəvət etdi restorana.  Oturduq söhbət etdik. Mən  ona ailə qurmaq haqqında xəyallarımdan danışdım. Heç bir tələbi, şərti, iradı olmadı, daha çox mən danışdım, o dinlədi. Sakit, mehriban bir ailə arzusunda idim. Arzularımız üst-üstə düşmüşdü.  Maraqlı bir məqam oldu. Restorandan çıxanda əllərimi yumaq üçün uzaqlaşdım, sonra çıxıb restoranın qarşısında Samidi gözlədim. Xeyli keçdi, axırda bayaqdan üzbəüz səkidə durduğum oğlan irəli keçib mənə dedi ki, getməyək? Başımı qaldırıb baxdım və səsindən tanıdım ki, Samiddir. İki görüşün ikisində də üzünə baxmadan, başıaşağı söhbət etdiyimə görə siması yadımda qalmamışdı.

 

Dedi ki, ola bilər toyumuza gələ bilməyim

 

- Bakı Dövlət Universitetində Fizika fakültəsində dördüncü kursda təhsil alırdım.  Fevralda elçi gəldi, martda nişan, iyunda toyumuz oldu. Samidin 30 yaşı vardı, şəhərdə tək qalırdı. Ona görə də toyu tezləşdirdik. 2013-cü il idi, hərbi parada hazırlaşırdılar, görüşə bilmirdik. Çox yorğun olurdu, günün altında təlim keçirdilər, qapqara qaralmışdı. Mənə deyirdi, hər vəziyyətə hazır ol, ola bilər toyumuza gələ bilməyim. Hər şey o qədər sürətlə baş verirdi ki. Mənim cəmi

21 yaşım vardı. Onun işi şəhərdə olduğu üçün Bakıda yaşayırdı. Ezamiyyətə, təlimlərə gedirdi, amma şəhərdə yaşayırdıq. Çox danışmazdı, evə gələndə yeməyini-içməyini verərdim, nə var, nə yoxdan sonra yatıb dincələrdi.  Mən də ona artıq sual verməzdim, çünki bilirdim ki, sevmirdi işi haqqında danışmağı. Elə sual verilməsini də istəmirdi. Problemlərlə yükləməzdim onu. Bir sözünü iki etməzdim. Həmişə olanı da içimdə çəkərdim. İndiki yaşımla və ağlımla düşünürəm ki, bəlkə, içimdə çəkdiklərimi demək daha yaxşı olardı. Qıymırdım qaşının çatılmasına, onsuz da işi ağır idi, üstəlik də mənim qayğımla yüklənməsinə razı deyildim. Üç ildə ailədəki sakit mühiti, mehribanlığı qorumağa çalışdım. Bir-birimizdən heç narazılığımız olmadı. Çox böyük iddialarımız da yox idi. Samid də mənə dünyaları vəd etmirdi. Bəlli bir yaşı vardı, həyatı dərk edirdi. Xırdalıqlara getməzdi, geyimimə qarışsın, qadağa qoysun, elə xasiyyətləri yox idi. Çox mədəni insan idi. Onun sərt üzünü, səsini ucaltmağını heç görmədim. Ondan heç incimədim. Ümid edirəm ki, Samid də məndən incimədi, çünki elə şərait yaratmadım. 

İşinə çox sadiq və peşəkar idi. Həyatında hər şeyi işinə görə planlaşdırırdı. Heç vaxt rütbəsi, vəzifəsi ilə öyünən adam deyildi. İşini çox sevirdi, xidməti ilə öyünərdi. Bəzən heç rütbəsinin qalxdığını bilmirdim, sonradan eşidirdim.  

Ailəmizdə hərbçi olmamışdı, mən hərb sənətinin bu qədər ağır olduğunu bilmirdim. Samid demişdi ki, yay aylarında təlimlərdə olacağıq, qalan digər fəsillərdə isə axşamlar evdə olacağam. Biz ailə qurandan sonra onun işində də dəyişikliklər oldu. Samid bəzən nə şənbə, nə bazar günləri evdə tapılırdı. Üç il Samidi gözləyə-gözləyə qaldım. İki saat evdə olanda bizim bayramımız olardı. Bilmirdik hansı işlərimizi görək, bazara gedək, dükana qaçaq, ya da ki, yığılıb qalan işləri həll edək. Samid çox ailəcanlı, diqqətcil idi. Evdə heç bir məişət problemi olmazdı. Çox işi özü görərdi, usta çağırmazdı. Səhər işə gedəndə hansısa krant axıdırdısa onu əlində düzəldib evdən  çıxardı. Əlindən hər iş gəlirdi. İndi elə problemlər çıxanda çox çıxılmaz vəziyyətdə qalıram. Evə kimisə çağırmaq istəmirəm, qəbul edə bilmirəm. Deyirdi tək getmə, sənə ağır olar, mən gələrəm birlikdə gedərik bazara. Uşağa nə isə almaq lazım idisə, onun üçün də birlikdə gedərdik. Onun yoxluğu dünyanı başıma fırlatdı. Dünyada tək qaldığımı çiyinlərimdə ağır yük kimi hiss etdim. Çox dərin bir boşluğa yuvarlandım. İnana bilmirdim ki, həyat adama qarşı bu qədər amansız olar.

 

Sonuncu qumbaranı ovcuna sıxmışdı

 

- Son dəfə aprelin 1-də telefonla danışdıq. Sonra əlaqə yarada bilmədim. Sən demə, aprelin 3-də Samid şəhid olub, heç kim mənə deməyib. Samidin də, mənim də ailəm bilib, amma deməyiblər ki, havalanaram. O şəhid olanda Turan yeni doğulmuşdu. Aprelin 8-i mənə bildirdilər. Xəbər gələn vaxt uşaqlar xəstələnmişdilər, hər ikisi qızdırmadan yanırdı. Həm uşaqlar ağlayır, həm də göz yaşları tökürdüm, özümü ələ ala bilmirəm. Həmin an həyatın sonu idi mənim üçün. Neftçalada dəfn olundu, ata-anası elə istədi.

Sonra öyrəndim ki, döyüşə-döyüşə irəli gediblər. Yanındakılar həlak olublar. Bir əsgər qalıb, ona yaralı giziri çıxartmğı əmr edib. Sonra Samidin arxasınca qayıdıblar, görüblər ki, əlində qumbara qanın içindədir. Sonuncu qumbaranı əlində saxlayıbmış ki, əsir düşməsin.

 

Uşaqlara hələ də həqiqəti anlada bilməmişəm

 

- Fidanla Turanın adını Samid qoyub.  Seçimi hər zaman ona verirdim, mən istəyirdim ki, təki hər iş onun ürəyincə olsun.  Qayğıkeş insan idi, amma işi ona imkan vermirdi ki, ailə ilə ürəyincə məşğul olsun. Adam qıymırdı qayğılandırmağa. Turan dünyaya gələndə hədsiz sevinirdi. Mən onların necə ata-bala olduqlarını görməyi çox arzulayırdım, qismət olmadı. Uşaqlara hələ də həqiqəti anlada bilmirəm, qorxuram düzgün anlamasınlar. Bizə göylərdən baxır, deyirəm. Demışəm ata deyirdi ki, qocalıb təqaüdə çıxanda bir yerdə olacağıq. Deyirlər ana, tez qocal, ata təqaüdə çıxıb gəlsin evə. Son vaxtlar daha çox sual verirlər.  

Artıq 5-ci ildir yanımızda deyil. Turanla yaşıddır onun yoxluğu.  Onsuz yaşadığım bu beş il yaşamadığım illərin sayıdır.

Badam xanımla söhbətimiz əsnasında masanın ətrafında oynayan, amma fikirləri analarında qaldığına əmin olduğum Fidanla Turana baxıram. Qızın 7, oğlanın 5 yaşı var. Anası atası ilə Fidanın şəklini göstərib: “Atası ilə ilk görüşləridir, onu ilk dəfə görürdü”, - deyə şəkil haqqında məlumat verəndə Fidan kənardan - “Mən onu heç görmədim” dedi. Turan isə susur, heç nə danışmır, ata sözü, ümumiyyətlə, ona tanış deyil.

Samid İmanov və onun kimi canını vətən üçün fəda edən qəhrəmanlar haqqında bu gün dərsliklərdə yazılır. Bir gün Fidanla Turan sinifdə tarix dərsliyində atalarının qəhrəmanlığı haqqında oxuyub öyrənəcəklər. Fəxrlə “Bu, mənim atamdır” deyib qürurlanacaqlar. Sinif yoldaşları onlara atalarının qəhrəman olduğu üçün həsəd aparacaqlar. Şəhid övladları atalarına layiq övlad, Azərbaycana layiq vətəndaş olacaqlar.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video