30 Dekabr 2014 02:12
578
Oxucu məktubları
A- A+

Hərbi peşələrə rəğbət erkən yaşlardan oyadılmalıdır

 

“Azərbaycan” qəzetinin 21 dekabr tarixli nömrəsinin oxucu məktubları səhifəsində müxtəlif ölkələrin müdafiə nazirliklərinin saytlarının fərqli dillərdə tərtibi ilə bağlı qaldırılmış məsələ diqqətimi çəkdi.

Amma məni daha çox heyrətləndirən və bu məktubu sizə yazmağa vadar edən Yaponiya Müdafiə Nazirliyinin saytı oldu. Yaponlar bu işdə də orijinallıqları ilə seçiliblər. Nazirliyin saytı iki dildə - yapon və ingilis dillərində qurulub. Təəccüblü bu deyil. Maraqlı olan Yaponiya Müdafiə Nazirliyinin rəsmi internet saytının uşaqlar üçün nəzərdə tutulmuş əlavə versiyasının fəaliyyət göstərməsidir. Özü də son dərəcə zəngin və rəngarəng tərtibatda. Uşaqlarda maraq oyatmaq üçün bu versiyada cizgi filmləri üslubunda işlənmiş qrafik şəkillərdən istifadə olunub. Ölkənin hərbi doktrinası, nazirliyin strukturu, hərbi peşələr haqqında sadə dildə uşaqlar üçün ensiklopedik dəyərə malik zəngin və daim yenilənən mənbə yaradılıb.

Təbii ki, nazirliyin rəsmi saytının uşaqlar üçün nəzərdə tutulmuş versiyasını yaratmaqda yaponların əsas məqsədi erkən yaşlardan başlayaraq uşaqları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, bəlkə də ən vacibi elə bu dövrdən onlarda hərbi peşə və ixtisaslara sevgi aşılamaq, rəğbət oyatmaqdır. Bu, olduqca önəmli məsələdir.  

Yaponlar  bu qayəni öz saytlarında incə həssaslıqla həyata keçirməyə çalışıblar. Uşaqlara (özü də oğlanlarla bərabər qızlara da) müxtəlif hərbi peşələrə yiyələnməyin yolları izah olunub, tövsiyələr verilib. Maraq doğursun deyə, audio-video, həmçinin digər formatlarda vizual effektlərdən (qrafikadan, multiplikasiyadan, palitra ştrixlərindən) istifadə edilib. Uşaqların şəxsiyyət olaraq qəbulu, bu xüsusda dövlətin hərbi nazirliyinin rəsmi saytının  məzmunca eyni ciddiyyətlə, formaca isə “uşaq dili”ndə təqdimatı rəsmiyyətçiliyə zidd gəlsə də, məsələyə unikal yanaşmadır. Çünki hərbi vətənpərvərlik təkcə emosiyalarla, hisslərlə deyil, həm də konkret hərbi bacarıq, peşəkarlıqla ifadə olunduqda istənilən nəticəni verir. Düşməni ram etmək üçün yüksək ixtisaslı və bacarıqlı hərbi mütəxəssislərin yetişdirilməsi vacibdir. Hərb də bir elmdir. Bu elm də digərləri kimi məktəb dövründən tədris və təbliğ edilməli, uşaqlara sevdirilməlidir. Hər halda yaponların bu təcrübəsi təqdirəlayiqdir.

 

Bəkir CAVANŞİRLİ,

Oğuz

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video