16 Iyul 2014 01:07
491
Oxucu məktubları
A- A+

Hər səfərdə həyəcanlandıran və təəccübləndirən Naxçıvan...

 

Keçən ay Naxçıvan Rəssamlar Birliyinin "Naxçıvan - bəşəriyyətin beşiyi" II Beynəlxalq Rəsm Festivalında iştirak üçün göndərdiyi dəvət məni həm sevindirdi, həm də həyəcanlandırdı. Belə ki, daha əvvəl iki dəfə getdiyim bu gözəl məmləkət və orada tanış olduğum azərbaycanlı bacı-qardaşlarım üçün çox darıxmışdım.

Orada ilk dəfə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunda keçirilən fərdi sərgim dövründə olmuşdum. O sərgimdə təkcə Naxçıvanın dəyərli sənətkarları ilə deyil, eyni zamanda, üniversitet müəllimləri, dövlət məmurları, sadə insanlarla yaxından tanış və dost olmuşdum. Sərgimə və şəxsən özümə göstərilən diqqət məni çox duyğulandırmışdı. Naxçıvanda qaldığım qısa vaxt ərzində ulu öndər Heydər Əliyev Müzeyində, Nuh Peyğəmbərin məzarüstü türbəsində, Mömünə Xatun türbəsində, Əshabi-Kəhfdə olmuş, bir çox muzeyləri görmüş və təsirlənmişdim.

İkinci səfərim 2012-ci ildə "Bəşəriyyətin beşiyi Naxçıvan" rəsm festivalı münasibəti ilə baş tutmuşdu. Beləliklə də, gözəl təbiətə malik doğma diyarı, onun istiqanlı və dost insanlarını, tanınmış sənətkarları bir daha görmüşdüm.

Mən gəzdiyimiz yerlərdəki o insanları unutmamışdım, onlar da məni xatırlayıb yaxınlıq göstərmişdilər və bu məni çox sevindirmişdi. Hətta bir dəfə küçədə qarşılaşıb ayaqüstü söhbət etdiyimiz 78 yaşlı naxçıvanlı dostumuz Türkiyədən gəldiyimizi öyrənəndə göz yaşlarını saxlaya bilməmişdi. Kazım Qarabəkir Paşanı xatırlamış, sonra bizi evinə dəvət etmişdi. Bax, elə buna görə də "Naxçıvan bəşəriyyətin beşiyi" adlı ikinci rəsm festivalına dəvəti sevinclə qəbul etdim. Yenə də həyəcanla Naxçıvana gəldim və iki il ərzində baş vermiş böyük dəyişikliklərin şahidi oldum. Yeni binalar, geniş yollar, modern və zövqlü  şəhər gördüm. Bu dəyişikliklərdə zəhməti olanlar çox böyük uğura imza atıblar. Yeniliklər içində Türkiyə Cümhuriyyətinin yeni konsulluq binasının istifadəyə verilməsinə ayrıca sevindim.

Festivalın keçirildiyi Naxçıvanqalanın gözəl restavrasiya olunduğunu xüsusi qeyd etmək istərdim. Tarixi atmosfer qorunaraq yenilənib. Şəhərə yuxarıdan baxan  möhtəşəm mənzərəyə sahib bir sahədə işləmək zövqverici idi. Naxçıvanın görməli yerlərini daha əvvəl gəzdiyimə baxmayaraq, hər səfərimdə sanki ilk dəfə görürmüşəm kimi həyəcanlanırdım. Naxçıvana hər dəfə ayrı-ayrı aylarda gəldiyim üçün Haçadağ və şəhər ətrafındakı mənzərələr məndə rəngarəng təəssürat oyatmışdı. Burada hər mövsüm rənglər dəyişir, gündüz saatlarında və qürub çağında fərqli çalarlarla rəssamlara ilham verir. Festivalda iştirakçılarla, yerli sənətkarlarla dostlaşdıq, söhbətlər etdik. Xüsusilə, festivalın bağlanış mərasimində yerli rəssam Telman Abdinovun hədiyyə etdiyi portretim mənim üçün böyük bir sevinc və sürpriz oldu.

Üstündən iki aya yaxın vaxt keçib, amma hələ də festival təəssüratları ilə yaşayıram. Təkrar Naxçıvana getdiyim üçün çox xoşbəxtəm. Şübhə etmirəm ki, bu qardaşlıq, dostluq, səmimi münasibət bundan sonra da davam edəcəkdir.

 

Nilüfer İNALTONG,

İstanbul, Türkiyə

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video