23 Oktyabr 2021 01:20
759
CƏMİYYƏT
A- A+

Hər iş “ASAN”, vətəndaş məmnun

 

Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də  hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqidir.

Fərəhli haldır ki, son illərdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib, xüsusən əhaliyə xidmət sahəsində şəffaflıq və operativlik təmin olunub.

Vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsini, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsini təmin edən əsas addım isə Azərbaycanın milli brendi sayılan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır.

 

İntellektual və innovativ milli məhsul

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə yaradılıb. Fərmanda qeyd olunur ki, “ASAN xidmət” mərkəzlərində xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilsin. O cümlədən vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin olunsun.

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində əhalinin böyük rəğbətini qazanıb, vətəndaş məmnunluğuna yol açıb. Bunu nəzərə alaraq ilk mərkəzin istifadəyə verildiyi 2012-ci il dekabrın 29-dan bugünədək 21 “ASAN xidmət” fəaliyyəti yaradılıb. Onlardan 6-sı Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Bu mərkəzlərdə müxtəlif dövlət orqanları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Hazırda Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 596 mindən çox  vətəndaşın 47 milyondan artıq müraciəti daxil olub. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlər göstərilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 448 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

 

3 ildə 377 mindən  çox müraciət olunub

 

Bu dəfə yolumuz İmişli “ASAN Həyat” kompleksinədir. Xatırladaq ki, kompleks Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il oktyabrın 22-də açılıb. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb və 2018-ci ilin oktyabrında başa çatdırılıb. Burada yaradılan İmişli regional “ASAN xidmət” mərkəzi isə 2018-ci il  noyabrın 16-dan fəaliyyətə başlayıb. Kompleksin açılışı zamanı Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış olmuş, robot “Sofiya” ilə söhbət etmişdi. Xatırladaq ki, “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin məlumatına görə, bu “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 377 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.

Mərkəzdə vətəndaşlarla da söhbət etdik. Onlardan biri Əhədağa Vəliyev İmişli sakinidir, “ASAN xidmət” mərkəzinə evinə qaz çəkdimək üçün müraciət edib. Onun sözlərinə görə, mərkəzə gəlişi birinci dəfə deyil və hər dəfə nəzakətlə qarşılanıb. Müraciətlərinə isə çevik, şəffaf şəkildə baxılıb. Budəfəki müraciətini də qəbul ediblər və qanunla nəzərdə tutulmuş müddətdə evinə qaz çəkiləcək.

Digər söhbət etdiyimiz vətəndaşlar da xidmətdən məmnun idilər. Kimisi şəxsiyyət vəsiqəsi, kimisi lisenziya almaq, kimisi də sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün gəlmişdi. Bildirdilər ki, “ASAN xidmət”ə müraciət etdikdən sonra evə gülərüz qayıdıblar və binaya daxil olandan işini yekunlaşdırana qədər kollektivin səmimi, gözəl münasibətilə qarşılaşıblar. Hər biri belə bir mərkəzin yaradılmasına və vətəndaşlara göstərilən yüksək xidmətə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirdi.

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

İmişli  “ASAN xidmət” mərkəzində rastlaşdığımız Nurcan Məmmədli cəmi 3 həftədir ki, könüllü kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, “ASAN xidmət” mərkəzində yeni olsa da,  artıq müəyyən təcrübə toplayıb: “Düşünürəm ki, könüllü kimi fəaliyyət göstərmək gələcək karyeramın ilk uğurlu addımıdır. Mərkəzin kollektivi mehriban və gülərüzdür, ona görə də ilk gündən heç bir çətinliyim olmayıb”.

 

Xidmətlərlə zəngin kompleks

 

İmişli “ASAN Həyat” kompleksi vətəndaş məmnunluğuna yönələn ayrı-ayrı xidmətlərlə zəngindir. Qeyd edək ki, 3 il əvvəl  kompleksin  açılışı zamanı dövlət başçısının tanış olduğu yeniliklərdən biri də  “ASAN peşə” olmuşdu. “ASAN peşə”  - ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılıb. Burada gənclərin dərzi, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.

Burada 90 nəfər tutumu olan Gənc İstedadlar Teatrı da yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” fəaliyyət göstərir. Bundan başqa, əməkdaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün oyun avadanlıqları olan guşə də yaradılmışdır. Xidmət üçün mərkəzə gələn vətəndaşların rahatlığını təmin etmək üçün mərkəz daxilində uşaq guşəsi də fəaliyyət göstərir.

Kompleksin həyətində əməkdaşlar üçün nəzərdə tutulmuş paintball meydançası, vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün sahəsi 1.5 hektar olan “ASAN park” salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və açıq havada kafe fəaliyyət göstərir. Həmçinin vətəndaşların rahatlığını təmin etmək üçün velosiped və avtomobil dayanacağı da salınıb.

İmişli “ASAN Həyat” kompleksindən xoş təəssüratlarla ayrıldıq. Burada gördüklərimiz bir daha onu göstərdi ki, intellektual və innovativ məhsulumuz olan “ASAN xidmət” hökumət-vətəndaş münasibətlərində özünü ən yüksək səviyyədə doğruldan milli modeldir.

 

Rəşad CƏFƏRLİ,

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video