17:25 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həkim məsuliyyəti
ANA SƏHİFƏ / SƏHIYYƏ
03:06 17.06.2012

 

Hər il iyun ayının 17-də Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından həyati əhəmiyyət kəsb edən bu sahənin uğurlarına, problem və çatışmazlıqlarına obyektiv nəzər salınır. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş bu günün tarixə düşməsi təsadüfi deyil. 94 il bundan əvvəl Fətəli xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil edildikdən sonra onun ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olmuşdu. Həmin qərar 1918-ci il iyunun 17-də imzalanmışdı. Müstəqilliyimizin bərpasından sonra milli səhiyyəmizin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli liderin tariximizə olan həssas münasibətinin daha bir bariz nümunəsidir.

Həkimlik öz xalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir. Həkim məsuliyyəti isə tibb aləmində çox böyük bir mənanı kəsb edir. Bu ifadənin arxasında insan taleyi, insan sağlamlığı, genefondumuzun fiziki cəhətdən inkişafı, bir sözlə, gələcəyimiz durur. Amma hər bir həkim bu məsuliyyətin ağır yükünü daşıya bilirmi? Görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayevlə dəfələrlə telefon danışıqlarımız olub:  ona həkim kimi müraciət etmişik, yanına xəstələr göndərmişik, müxtəlif xəstəliklərin profilaktikası ilə bağlı suallarımızı cavablandırıb. Həmişə də bu insanın xarakterini səciyyələndirən özəl bir xüsusiyyəti aşkar hiss etmişik həkim məsuliyyətini. Onunla görüşüb ətraflı söhbət etdikdən sonra isə bu qənaətə gəldik ki, Ə.Musayev alim, həkim, pedaqoq, üstəlik də ictimai xadimdir, bir sözlə, təkrarsız insandır.

Əlişir Musayevlə söhbətimiz maraqlı bir mövzudan başladı. Professor dedi ki, danılmaz bir həqiqəti çox erkən yaşlarından, bəlkə də bunları dərindən başa düşmək üçün çox kiçik olduğu vaxtlardan dərk edib. Hər bir ölkənin, xalqın taleyi, müqəddəratı ona rəhbərlik edən insanın istedadından, şəxsiyyətindən və ən nəhayət, xalqını nə dərəcədə sevməsindən asılıdır. O öz ailəsində, kəndində-kəsəyində baş vermiş olayların təsiri ilə bu fikrə gəlmişdi. Təəssüf ki, ötən əsrin 30-cu illərinin repressiyalarında ölkə rəhbərlərinin xalqının sayılıb-seçilən intellektuallarına olan "münasibəti" və nəticədə nələrin baş verdiyi bu gün hamıya bəllidir.

Əlişir dünyaya gələndə İkinci dünya savaşı dörd il idi ki, bitmişdi. 1949-cu ildə Gürcüstanın Dmanisi bölgəsində anadan olmuşdu. Bəy nəslindən olan atası Veys kişi ixtisasca müəllim idi. O, səkkiz övladını (Əlişir ikinci uşaq idi) halal zəhmətlə, hamı kimi çətinliklə böyüdürdü. Ölkənin, eləcə də kəndin-kəsəyin ən ağır vaxtları idi. Bir də ki, bu yerlərdə hələ də 37-ci illərin vahiməsi ötüb keçməmişdi. Əlişir böyüdükcə babasının repressiyaya məruz qaldığını və bunun nə demək olduğunu dərk etmişdi. Bir gecədə ailənin yeddi kişisinə "kulak" damğasının vurulduğu, onların sürgün edildiyi barədə olmuş hekayətlər Əlişiri dəhşətə gətirirdi. Onda anlamışdı ki, ölkənin başında ağıllı, müdrik və xalqına bağlı siyasətçi dayanarsa, millətin gərəkli oğulları heç vaxt güdaza getməz. Belə bir müdrik rəhbəri o, məhz ulu öndər Heydər Əliyevin simasında görürdü. Ötən əsrin 90-cı illərinin böhranlı, gərgin və təzadlı olayları barədə Əlişir müəllim ürək ağrısı ilə danışdı. O zaman ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini dəstəkləyən ilkinləri "91-lər" adlandırırdılar. Əlişir Musayevin də imzası həmin siyahıda var. O, siyasətçi deyildi. Sadəcə, həkimi təkcə ona müraciət edən xəstələrin deyil, bütün xalqın taleyi narahat edirdi. Belə getsə, bu xalqın başına daha böyük bəlalar gələcəkdi və o zaman bunları heç bir təbabət, heç bir həkim müalicəsi belə, sağalda bilməyəcəkdi.

Məhz bu duyğu və məramlarla Əlişir Musayev öz həmfikirləri, həmməsləkləri ilə bir araya gəldi. Ulu öndərə Yeni Azərbaycan Partiyasını yaratmağı və ona başçılıq etməyi, daha sonra isə hakimiyyətə qayıdıb xalqın böyük dərdlərinə çarə tapmağı təkidlə tələb edənlər sırasında oldu. Yeri gəlmişkən qeyd edək ki, o özü də həmişə bir həkim, alim, müəllim, vətəndaş kimi xalqı üçün bacardıqlarını etməyə çalışır. O öz istedadı, biliyi, çalışqanlığı, eləcə də ailədə aldığı həyat dərsləri sayəsində orta məktəbi yüksək qiymətlərlə bitirmişdir. Özünə cığır açmaq, öz yolunu tutmaq duyğularına, düşüncələrinə hakim kəsilən əsas fikirlər idi... Beləliklə, söhbətimizin axarı bizi görkəmli alim və istedadlı həkim Əlişir Veys oğlu Musayevin ömür yollarının gənclik illərinə gətirib çıxardı.

Ziyalı ailəsində böyüyüb tərbiyə aldığındanmı, yoxsa qandan, gendən gələn maraqdanmı kiçik yaşlarından çoxlu kitablar oxuyur, mütaliə edir, bir növ, gələcəyə hazırlaşırdı. Ədəbiyyatı, tarixi çox sevsə də, niyyəti-məramı bambaşqa idi. Həkim olmaq qərarına gəlmişdi.

1966-cı ildə Əlişir Musayev Azərbaycan Tibb Universitetinin (o zaman ADTİ) müalicə-profilaktika fakültəsinə daxil olur. Bu illərdə o, artıq bir ziyalı kimi yetişirdi. Respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlarda çıxışlar edir, söz deyir, təkliflər irəli sürürdü. Dərin biliyi, geniş erudisiyası, dünyagörüşü ona hörmət qazandırırdı. 1972-ci ildə ali məktəbi bitirir. İki il ordu sıralarında xidmət edir, ixtisasını nəzərə alaraq onu alay tibb məntəqəsinin rəisi təyin edirlər.

Əsgəri borcunu yerinə yetirəndən sonra gənc həkim Moskva şəhərinə gedir. Orada Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda sinir xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olur. 1978-ci ildə "Bel osteoxondrozunun nevroloji təzahürləri olan xəstələrdə müxtəlif konsepsiyalı radon vannalarının sinir-əzələ aparatına təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elə həmin il də vətəninə dönərək Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi təyin olunur. Üç il sonra müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilir.

Hər bir həkimin biliyinin, səriştəsinin rolu təbii ki, müstəsnalıq təşkil edir. Bunlarsız o, təbii ki, xəstəni sağaltmaqda aciz qalır. Amma deyirlər, sözdə də şəfqət var. Xoş sözü, mehriban rəftarı, pasientinə canıyananlıqla yanaşması həkimə xəstəliyi sağaltmaqda çox kömək edir. Əlişir Musayev xəstəsi üçün onun doğma adamına çevrilən bir həkimdir. Bir sözlə, onların ağrılarını duyan, insanların dərdinə çarə tapmağın təbibə Tanrı tərəfindən verilmiş xoş bir missiya olduğunu dərk edən həkimlərimizdəndir. Bu, müqəddəs peşə üzrə işə başladığı ilk illərdə də belə olub, indi - peşəkarlıq, elm və vəzifə pillələri ilə qalxıb yüksəkdə dayandığı vaxtda da belədir.

Ə.Musayev 1982-1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunun sinir xəstəlikləri şöbəsinin doktorantı olur. 1987-ci ildə "Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki neyrofizioloji əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edi. 1988-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə  Müalicə İnstitutuna (indi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu adlanır) direktorun elmi işlər üzrə müavini, 1993-cü ildə direktor vəzifəsinə təyin edilir. 1994-cü ildən Azərbaycan Tibb Universitetinin fizioterapiya və kurortologiya kursuna, 2011-ci ildən "Fizioterapiya və idman təbabəti" kafedrasına rəhbərlik edir. 1999-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona kurortologiya və fizioterapiya üzrə professor elmi adı verilir.

Daim axtarışda olan professor Musayevin elmi fəaliyyətinin əsas istiqamətlərini sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki və kurort amillərinin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunan tədqiqatlar təşkil edir. Onun rəhbərliyi altında yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəldilmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları yaradılır və reabilitasiya proqramı işlənib hazırlanır. Azərbaycanda, eləcə də MDB məkanında ilk dəfə olaraq periferik sinir sisteminin odlu silah yaralanmaları və döyüş travmalarının təsnifatı, diaqnostik meyarları və yeni müalicə üsulları araşdırılır. Eləcə də nüfuzlu jurnallarda alimin vertebrogen nevroloji sindromların, o cümlədən "fəqərəarası disk yırtığı" səbəbindən operativ müdaxiləyə məruz qalan xəstələrin müalicə və reabilitasiya üsullarına həsr olunan onlarca elmi məqaləsi çapdan çıxır. Bu əsərlərə MDB-də və digər xarici ölkələrdə də istinad edilir.

Professor Ə.Musayev baş beyinin və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifidir. O, bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün baş və onurğa beyinin hərəki mərkəzlərinə desimetrli elektromaqnit dalğaları vasitəsilə istiqamətli təsirə əsaslanan, obyektiv neyrofizioloji tədqiqatlara söykənən orijinal elmi konsepsiya irəli sürmüşdür. Bununla yanaşı, işemik insultun müasir patogenetik mexanizmlərinə uyğun olaraq transserebral fizioterapiyanın müalicəvi üstünlükləri və kliniki neyrofizioloji mexanizmləri əsaslandırılmışdır.

Əlişir Musayevin həkim və müəllim kimi xoşbəxtliyi ondadır ki, tədqiqatları laboratoriyada, yaxud kağız üzərində qalmır. Gündəlik təcrübədə və həyatda tətbiqini tapır. Müalicələri isə öz növbəsində elmdən, təbabətin müasir nailiyyətlərindən təcrid olunmur, məhz bunlara əsaslanır.

Əlişir Musayev dünyada tanınan şöhrətli alimdir. O, Rusiyada, Türkiyədə, Çində, Avstriyada, İspaniyada, İsraildə, İngiltərədə, Fransada və bir çox digər ölkələrdə keçirilən konqres və simpoziumlarda fiziki təbabət, reabilitasiya və nevrologiya mövzularında məruzələr edib. Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü olması da azərbaycanlı alimin nə qədər geniş elmi diapazona malik olduğunu sübut edir.

Başqa sözlə, doktor Musayevin müalicələrindən, bilavasitə digər ölkələrin və xalqların nümayəndələrinə də pay düşür. Belə ki, azərbaycanlı alimin rəhbərliyi altında ölkəmizin təbii müalicəvi amillərinin, xüsusilə, Naftalan neftinin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəldilmiş genişmiqyaslı tədqiqatlar Rusiya Elmlər Akademiyasının və AMEA-nın institutları ilə birgə aparılıb. Azərbaycan və Avrasiya patentləri ilə mühafizə olunan yeni müalicə üsulu yaradılıb. Musayev və rəhbərlik etdiyi institutun əməkdaşları Naftalan əsasında yeni müalicə preparatının - Naftalan dimeksid emulsiyası (Avrasiya patenti) xəstələrin sağalması üçün daha geniş imkanlar açıb.

İllər keçdikcə Əlişir Musayevin araşdırma və tədqiqatlarının dairəsi də genişlənir. O, Elm və Texnika Komitəsinin sifarişi və qrantı əsasında kosmofiziki amillərin, xüsusilə, Günəş aktivliyinin demoqrafik göstəricilərə və insan sağlamlığına təsirini ölkədə birinci olaraq araşdırıb. AMEA-nın Kosmik Tədqiqatlar İnstitutu ilə birgə aparılan bu araşdırılmalarda əhəmiyyətli nəticələr əldə olunub. Milli Aviasiya Akademiyası ilə birlikdə isə alim Hava Hərəkəti İdarəsinin dispetçerlərinin funksional vəziyyətinin fiziki üsullarla nəzarət-korreksiya proqramını hazırlayıb. Bununla da, Azərbaycanda aviasiya təbabətinin əsası qoyulub. Professor Musayevin rəhbərliyi altında hazırlanmış kurortların inkişaf konsepsiyasının əsas müddəaları ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafı Dövlət Proqramı"na daxil edilib.

Əlişir Musayev səxavətli insandır. Özü də burada hər hansı bir maddi nemətdən və vəsaitdən deyil, daha önəmli amillərdən söhbət gedir. Uzun illərin axtarışları və təcrübəsi nəticəsində əldə etdiyi bilgiləri öz həmkarları ilə həmişə səxavətlə bölüşür. Məhz buna görədir ki, insanlar onun rəhbərlik etdiyi elm və müalicə müəssisəsinin həkimlərinə inamla yanaşırlar. Ə.Musayevin rəhbərliyi altında 2 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə edilib. Onun dəstəyi sayəsində nevrologiya və fizioterapiya üzrə ixtisaslarını artıran yüzlərlə həkim arasında neçə-neçə türkiyəli və iranlı da var. Alimin elmi araşdırmalarının nəticələri 397 elmi əsərdə, o cümlədən 2 monoqrafiyada, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 12 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapıb. Məqalələrinin çoxu - 256-sı Rusiyanın və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilib. O, "Ümumi fizioterapiya" dərsliyinin və Türkiyədə həkimlər üçün nəşr olunmuş "Manual terapiya" tədris vəsaitinin müəllifidir. Azərbaycan Milli Ensiklopediyasında "Kurortologiya" bölməsinin müəllifi Əlişir Musayevdir.

Görkəmli alim 1993-2006-cı illərdə Səhiyyə Nazirliyinin baş nevropotoloqu olub, nevrologiya üzrə həkimlərin attestasiya komissiyasına sədrlik edib. 1996-2002-ci illərdə ixtisaslaşdırılımış dissertasiya şurasının rəhbəri olub. Hazırda isə alim Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb Elmləri üzrə ekspert şurasının sədridir.

Adlı-sanlı həmyerlimiz bir çox qurum və təşkilatların fəxri fərmanlarını almaqla yanaşı, 2001-ci ildə Amerika Bioqrafiya Tədqiqatlar Mərkəzinin "Qold Rekord" medalı, 2008-ci ildə Türk Dünyası Elmləri Akademiyasının "Qızıl medalı", 2009-cu ildə isə BMT-nin İctimai Təltiflər Şurasının 1-ci dərəcəli "Hippokrat" ordeni ilə təltif olunub. Professor Ə.Musayev Rusiyada nəşr olunan bir çox nüfuzlu jurnalların redaksiya şurasının üzvüdür. Özünün təsis etdiyi "Azərbaycan kurortologiya, fizioterapiya və reabilitasiya" jurnalının baş redaktorudur.

İki oğul atası olan Əlişir müəllim övladlarını, doğma və əzizlərini sevən bir ailə başçısıdır. Şeirdən, musiqidən zövq alan duyğulu bir insandır, əsl Azərbaycan ziyalısıdır. Onun fikrincə, müqəddəs "həkim" adının özündə böyük məsuliyyət, etimad və titullar cəmləşib. Bu adı daşıyan hər kəs ciddi və şəffaf, sadə və mehriban olmalı, öz biliyini və sərtiştəsini daim artırmalıdır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM