13:14 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hamısı inanılmaz yuxudakı qədər gözəl idi...

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:51 05.09.2021

 

Bir sevginin tarixçəsi

 

Moskvadan dostum İqor Suxanov zəng vurub xahiş etdi ki, İtaliyadan Azərbaycana səfər edəcək həmyerlisi, “Baku” jurnalının fotomüxbiri Alekseyə lazımi kömək göstərim. Alekseylə Bakıda görüşdük, bizi rəfiqəsi Liziya ilə tanış etdi. Aydın oldu ki, planlaşdırdığı yaradıcılıq işləri qaydasında gedir, çəkilişlərini aparır, heç bir çətinliyi yoxdur.

O, eyni zamanda Azərbaycanı rəfiqəsinə göstərmək istəyirdi. Biz təklif etdik ki, kiçik, amma maraqlı bir layihəni icra edək: o, fotoqraf kimi şəkillər çəksin, Liziya həm əcnəbi, həm də sosioloq kimi şərhlər versin və onları “Azərbaycan xaricilərin gözü ilə” rubrikası altında səfər təəssüratları kimi dərc edək. Aleksey təklifə sevindi, üstəlik, maddi maraq güdmədən, təmənnasız çalışacağını bildirdi.

Beləliklə, ölkənin şimalından başlayan uzun bir səyahətə çıxdıq və səfər qeydləri qismində bir neçə yazı hazırlayıb qəzetimizdə dərc etdik.

O vaxtdan iki ildən artıq vaxt keçib. Liziyanın “Baku” jurnalında bu ilin may ayında dərc olunan yazısını oxuduqdan sonra bir də geriyə qayıtmağa, xatirələri fərqli bir rakursdan nəzərdən keçirməyə ehtiyac duyduq. Qərarımızın səbəbi xatirələri vərəqləməkdən daha çox əcnəbi qonaqlarımızın maraqlı bir sevgi tarixçəsi ilə bağlı idi. Kim ağlına gətirə bilərdi ki, uzun müddət bir-birini tanıyan Aleksey və Liziya Azərbaycana gəlib, Qubaya, oradan da Haput kəndinə gedəcəklər və dağların sinəsində br daha sevgilərini etiraf edib ailə qurmağa qərar verəcəklər. Əslində, Aleksey iki il əvvəl elə Haput kəndində bu barədə demişdi, amma biz şad xəbəri gözləməyə qərar verdik. Nəhayət, Aleksey bizə Liziyanın “Baku” jurnalındakı yazısını göndərdi və həm də evləndiklərini xəbər verdi.

Yubanmadan İtaliyaya zəng edib Alekseylə əlaqə saxladıq, onları evlənmələri münasibəti ilə təbrik etdik. İtaliyalı fotoqraf bir daha o günləri minnətdarlıq hissi ilə xatırladı, “Azərbaycan” qəzetinə və şəxsən onun baş redaktoruna dərin təşəkkürünü bildirdi: “Bilirsinizmi, sizinlə birlikdə ölkəni səyahətə çıxmaq və sizin üçün fotolar hazırlamaq həqiqətən maraqlı idi. Bu ideyaya və dərc olunan reportajlara görə baş redaktorunuz Bəxtiyar Sadıqova özümün və həyat yoldaşım Liziyanın adından dərin təşəkkürümüzü bildiririk. Ölkənizə on dəfə gəlməyimə, çoxsaylı tanışlarımın olmasına baxmayaraq, sizinlə birlikdə Azərbaycanı gəzdikcə, gördüklərimizi birlikdə müzakirə etdikcə, təəssüratlarımız daha dolğun və zəngin oldu. Mən Azərbaycanı bir daha yenidən özüm üçün kəşf etdim. Liziya da gördüyü mənzərələrə, insanların səmimiliyinə və tolerantlığına heyran qalmışdı. O, indi də həmin günləri böyük sevgi ilə az qala inanılmaz əfsanə kimi xatırlayır. Sonuncu səfər həm də Liziya ilə məni bir-birimizə daha yaxından tanıtdı, daha dərindən bağladı. Qafqaz dağlarında, zirvələrin arasında verdiyimiz qərar bu gün bizim xoşbəxtliyimizə və ailə həyatımıza nur çiləyir”.

Aleksey danışdıqca, xatirələrin qanadlarında iki il geriyə döndük. Biz italiyalı qonaqlarla Bakını gəzdik, gecəyarısı Yanardağı ziyarət etdik və həm də Lənkəranda, Qusarda, Qubada olduq. Bakı bulvarından başlayaraq zirvələrə yüksələn uzun və maraqlı bir yol keçdik.

Yanardağda gecədən xeyli keçmiş Alekseyin alovun dilləri ilə “danışması”, az qala ona sitayiş etməsi sanki atəşpərəstlərin hansısa bir sehirli mərasimini xatırladırdı. A.Pivovarov mənşəcə xristian olsa da, özünü bir qədər ateist, bir qədər də bütün dinlərdən yuxarı sayır. Gecənin lal sakitliyində o rəfiqəsi ilə Yanardağda göyə millənən alovların dillərini seyr edir və ara-sıra oda nəsə çiləyirdi. Hər ikisi qeyri-adi mənzərə ilə rastlaşdıqlarına sevinir, gözlərində sevinc qığılcımları yanırdı.

Səhərisi Qubaya yola düşdük, oradan Qusara getdik. Alekseyin danışmaqla bir o qədər arası yoxdur, mənşəcə rus olsa da, ingilislər kimi az danışmağı sevir. Biz insanlarla görüşürdik, söhbət edirdik, hamı Liziyanı danışdırırdı, bəzən onun italiyalı olmasına inanmaq belə istəmirdilər. Aleksey isə bu səhnələri sadəcə münasibət bildirmədən izləyirdi. Azərbaycanın tanınmış rəssamı İlham Mirzəyevin emalatxanasında olduq. O, əsərlərindən birini Liziyaya bağışlayanda onun sevincinin həddi-hüdudu yox idi.

Lakin, qeyd etdiyimiz kimi, səyahətin kulminasiyasını Qubanın Haput kəndində yaşadıq. Ona görə də bu barədə bir qədər ətraflı danışmağa dəyər.

Günortadan sonra Qubadan çıxdıq və dağlara sarı yol aldıq. Maşınımız uca zirvələrin ətəyindən keçən yolda qarışqaya bənzəyirdi. Dərələr, uçurumlar nə qədər vahiməli görünsələr də, dağların sinəsinə yayılan qoyun sürüləri bu yerlərin insanlara doğma və yaxın olduğunu nişan verirdi. Qudyalçayın gur və bulanıq selli sularından maşınımızın var gücü ilə uğuldayaraq qarşı sahilə can atması qonaqlar üçün əsl adrenalin idi.

Kəndə düşən kimi Alekseyi kənara çəkib izah etdim ki, burada insanlar şəhərdən fərqli davranırlar və hər hərəkəti özlərinə rəva bilməzlər. Çalışın bu dağların etiketini pozmayın. Misal da çəkdim ki, burada kişilər heç vaxt qadınlarına hisslərini digərlərinin yanında büruzə vermirlər. Kənd yerində beləsinin el içində hörməti olmaz, ucuz adam sayılar, gözdən düşər. Aleksey təəccüblənsə də, başı ilə anladığını təsdiqlədi. O həm də ağzımızdan çıxan hər kəlməni Liziyaya tərcümə edirdi.

Qonaqlara bu dağların əsas gözəlliklərindən birinin də bir neçə kəndin hərəsinin bir etnik qrupu, kiçik xalqı təmsil etməsi olduğunu dedik, onların yaxın olduqları qədər də fərqli adətlərə sahib olmasından danışdıq. Haput bələdiyyəsinin sədri Mübariz Rüstəmov bizi qardaşı Alimin evinə qonaq dəvət etdi. Kişilər və qadınlar ayrı-ayrı süfrə arxasında əyləşdilər. Liziya gördüyü hər yeniliyi qəribə bir sevinc hissi və razılıqla qarşılayırdı. Dedi ki, kiçik vətəni Apuliyada da masanın bir tərəfində qadınlar, o biri tərəfində kişilər əyləşir. Sonra da gülümsəyərək əlavə etdi ki, bizdə də kişilər sizdəki kimi qısqancdırlar.

Süfrə arxasında Mübariz müəllim qonaqlara dağların sərt təbiətindən, dağ adamlarının mətinliyindən danışdı: “Bilirsinizmi, dağlar sərt olur və əgər yumşaqsansa, həlim təbiətlisənsə, sənə həmişə yaşamaq çətin olur. Gərək bu qayaların özü qədər möhkəm, ehtiyatlı və həm də sərt olmağı bacarasan. Ruzinin bol, süfrənin çörəkli, övladlarının diribaş və tox olması, eləcə də qoyun-quzu dalınca düşüb gəzmək, mal-qara sahibi olmaq, tərəkəmə həyatı yaşamaq üçün gərək igid və cəsur olasan, çətinliklərdən qorxmayasan”.

Onun söhbətini maraqla dinləyib şam süfrəsində samovar çayı içdikdən sonra həyətə çıxdıq. Dağlarda yay vaxtı da gecə əməlli-başlı üşüyürsən.

Nə qədər qaranlıq olsa da, səma ilə üzən ağ və boz buludları seyr etmək mümkün idi. Sanki üstündə dayandığımız torpaq boy verib buludların arasına yüksəlirdi. Bu dağların əhatəsində qəribə hisslər keçirirsən, kiçik bir anın hökmünü və əbədiyyətin gücünü anlayırsan. Aleksey də, Liziya da sanki yerdə yox, zirvələrdən ucalıqlarda üzən buludların arasına qanadlanmışdılar. Gördükləri mənzərələr sanki onları tilsimləmişdi. Onların italyancası da sanki bizim yeyin Şəki ləhcəsi idi. Qaranlıqda güclə sezilən təbəssümləri də kövrək şamların zəif işartısına bənzəyirdi.

Aleksey üzünü mənə tutub ürək sirrini bölüşmək istədiyini dedi. O, sakit və səmimi idi. Yavaşdan, amma sinədən gələn yumşaq bir səslə danışırdı. Və danışdıqca anlayırdım ki, dünyanın ən saf etirafını dinləyirəm. Bu etirafın arxasında Liziya ilə Alekseyin hələ sonu necə qurtaracağı bilinməyən bir eşq tarixçəsi dayanırdı:

- Biz sizinlə neçə vaxtdır ki, Azərbaycanı gəzirik. Mən yeni xatirələrə sahib oldum, fərqli bir dünyaya ayaq açdığımı sezdim. Bu dağlar, bu məkan mənə Liziyanı daha yaxından tanımağa, ona daha dərindən bağlanmağa imkan verdi. Həyatımın ən ciddi qərarını sizə də bildirmək istəyirəm. Mən burada Liziya ilə ailə qurmağa qərar verdim.

Aleksey mənə bunu deməyə də bilərdi. Amma dağlar saf sözü sevir. Ürəyimdə fikirləşirəm ki, axı bu qərarı çoxdan, elə İtaliyada qəbul edə bilərdi və hətta evlənərdi də. Amma onlar ürəklərini bizim bu dağlarda açdılar.

İki il əvvəl Haputda gecə yatmağa evə qayıdanda bizə dedilər ki, Liziya evin xanımı Mehparə ilə birlikdə yır-yığış edəcək, qab-qacağı yuyacaqlar. Aleksey gülümsədi: “Lap sizin xanımlar kimi olub” dedi.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM