21 Iyul 2013 12:07
759
Səhiyyə
A- A+

Günəş şüaları sağlamlığa ziyan da vura bilər

 

İstidən ziyan gəlməz deyirlər. Amma gəlir, xüsusilə də qızmar yay günəşi istisindən müəyyən hallarda insan orqanizmində ciddi problemlər yaranır. Bundan qorunmaq, günəş vannası qəbul edib sağlamlığı möhkəmlətmək əvəzinə ona ziyan vurmamaq üçün yay istirahətini düzgün qurmaq vacibdir.

Açıq havada, birbaşa günəş şüaları altında işləyənlər də bunun sağlamlığa nə dərəcədə təhlükəli olduğunu bilməlidirlər. Xatırladırıq ki, əmək qanunvericiliyinə görə, atmosfer temperaturu müəyyən həddi keçdikdə bayırda görülən iş dayandırılmalıdır. Bununla belə, insanlar, ələlxüsus da yay məzuniyyətində aktiv istirahət arzusu ilə təbiətə, dəniz kənarına üz tutanlar havanın temperaturuna məhəl qoymadan günəş altında qalmağa meyilli olurlar. Qadınlı-kişili çoxları qaralmaq, tunc rəngdə bədənə sahib olmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Günəş aktivliyi və intensiv şüalanma altında insan orqanizminin buna verdiyi reaksiya nəzərə alınmadıqda, qoruyucu vasitələrdən istifadə edilmədikdə isə günvurma (yaxud istivurma) halları qaçılmaz olur. Ultrabənövşəyi şüaların yüksək dozalarda sağlamlıq üçün ciddi təhlükə daşıdığı da unudulmamalıdır. Bundan ən ağır dəri və digər orqan xəstəlikləri törəyə bilər.

Günvurma tibdə patoloji hal - xəstəlik kimi səciyyələndirilir. Yüngül, orta və ağır klinik dərəcələrlə xarakterizə olunur. Yüngül dərəcəli günvurma halını, heç şübhəsiz, çoxumuz yaşamışıq. Müxtəlif səbəblərdən günəş altında qaldıqdan sonra ümumi halsızlıq, baş ağrısı və ya gicəllənməsi, zəif oynaq ağrıları, dərinin qızarması, intensiv tərləmə yüngül günvurmanın əlamətləridir.

Orta və ağır dərəcəli günvurmada sadalanan əlamətlər daha kəskin formada özünü göstərir, həmçinin bədən temperaturu 39-40 dərəcəyədək yüksəlir, sayıqlamalar, şüurun itirilməsi, nəbzin intensivləşməsi, güclü (yaxud kəskin) taxikardiya, arterial təzyiqin aşağı düşməsi qeydə alınır. Bu zaman xəstənin tərləməsi də dayanır, dəri isti və quru olur.

Tibb mütəxəssisləri kəllə-beyin travması almış şəxslərin, ürək-damar xəstələrinin, daxili orqanlarında, xüsusilə qaraciyərində və mədəaltı vəzisində problemi olan insanların günvurmanı daha ağır keçirdiyini vurğulayırlar. Hətta yorğun, sərxoş şəxslər, həmçinin uzun müddət susuz qalmış insanlarda da günvurmanın fəsadları kəskin ola bilər. Özü də günvurmanın ilk əlamətlərinin bəzi hallarda dərhal deyil, 5-6 saat sonra təzahür etməsi mümkündür. Odur ki, təbiət və ya dəniz (çimərlik) səyahətindən saatlar sonra halın pisləşməsinin səbəbləri araşdırılarkən bu, nəzərdən qaçırılmamalıdır. Hər bir xəstəlik halında olduğu kimi, günvurma zamanı da düzgün diaqnoz və proqnoz ilkin tibbi yardımın, sonrakı müalicənin effektivliyini müəyyənləşdirir. Ona görə də belə hallarda diqqətli olmaq lazımdır.

İlkin yardım zamanı əhvalı korlanmış şəxsin ətrafına toplanıb kortəbii müdaxilələrlə vəziyyəti kəskinləşdirmək əvəzinə onu ilk növbədə kölgəliyə və ya mühit temperaturu 18-22 dərəcə olan sərin yerə aparmaq lazımdır. Əgər şəxsin bədən temperaturu normala yaxın, şüuru açıqdırsa və onda yüngül dərəcəli günvurmanın simptomları müşahidə edilirsə, xəstəyə sərin su içirdilməli, başına sərin kompres qoyulmalı, bədəni isə soyuq su ilə isladılmış mələfəyə bürüdülməlidir. Yüngül dərəcəli günvurmada (həmçinin istivurmada) müşahidə oluna bilən intensiv tərləmədən deyil, əksinə, tərin dayanmasından, dərinin quru olmasından ehtiyat etmək lazımdır. Belə hal orta və ağır dərəcəli günvurma üçün xarakterikdir.

Orta və ağır dərəcəli günvurmada da ixtisaslaşmış tibb personalı özünü yetirənədək ilkin yardım olaraq eyni prosedur həyata keçirilməlidir.

Amma ən doğru olanı ümumiyyətlə belə hala düşməməkdir. Bunun üçünsə istirahət və ya iş şəraiti, vaxtı, vasitələri düzgün seçilməlidir. Dəniz sərinlik gətirsə də, gündüz saat 11-dən günortadan xeyli keçənədək, saat 17-18-ə qədər günəş vannası qəbul etmək, özü də bu zaman uzun müddət açıq havada qalmaq məsləhət deyil. Bəli, bədənin günəş şüaları altında qaraldılması sağlamlıq üçün zəruridir. İmmunitetin möhkəmlənməsinə xidmət edən D vitamini məhz bu təmasdan yaranır. Ona görə də dəb üçün deyil, sağlamlıq naminə günəş vannası ildə bir dəfə də olsa, mütləq qəbul edilməlidir. Amma ifrata varmadan, bunu xeyir əvəzinə ziyana çevirmədən. Günəş vannası, dərinin qaraldılması üçün ən optimal dövr günəşin üfüqə yaxın olduğu (səhər və axşamüstü) vaxtlardır. Bu zaman həm ətraf temperatur çox yüksək, həm də günəş şüaları seli kəskin intensiv olmur. Səmərəlilik naminə bədən birdən deyil, tədricən porsiyalarla qaraldılmalıdır.

Qoruyucu kremlərdən istifadə edərkən də nəzərə alınmalıdır ki, bu vasitələr əslində dərini yanmadan qismən qoruyur və günvurmanın qarşısını heç də almır.

Ramazan ayıdır, oruc tutan insanlar isti və günəşli havada qalarkən daha diqqətli olmalıdırlar. Oruc tutan şəxslərdə gün boyu su-maye balansı xeyli aşağı düşdüyündən onların günvurmaya məruz qalmaları daha ağır nəticələr verə bilər. Belə olan halda orucun pozulacağı qorxusu altında ilkin yardımdan - su-maye balansının bərpasından imtina edilməməlidir.

Beləliklə, günvurmadan qorunmaq üçün yandırıcı günəş şüaları altında mümkün qədər az qalmağa çalışılmalı, orqanizmin maye balansı mütəmadi tənzimlənməli, dəri izafi dərəcədə ultrabənövşəyi təsirə məruz qoyulmamalıdır. Atmosfer temperaturu və rütubəti yüksək şəraitdə ağır, fiziki fəaliyyətdən imtina etməklə tez-tez kölgələnmək zəruridir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video