06:55 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Güllələnmiş heykəllər” yurduna döndü

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:31 16.03.2021

 

Ötən əsrin sonuncu onilliyində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində azərbaycanlılar öz evlərini, yurdlarını tərk etmək məcburiyyətində qaldılar. İşğalçılar kütləvi qətllər, qarətlər törətdilər. Erməni vandalları tərəfindən tarixi, mədəni abidələrimiz də dağıdıldı, muzeylərimiz, kitabxanalarımız, ev muzeyləri qarət edildi.

1992-ci il may ayının 8-də, Şuşanın işğalı zamanı da şuşalıların həm evləri, həm də qədim, tarixi-mədəni abidələri erməni qəsbkarlarının qurbanına çevrildi. Həmin gün Şuşanı əsl sakinlərindən məhrum edən, onları doğma şəhərindən, evindən ayırıb məcburi köçkünə çevirən işğalçıların bununla da nifrəti, kini bitmədi. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər hətta heykəlləri belə atəşə tutmaqdan çəkinmədilər. Dahi bəstəkar Üzeyir Hacıbəylinin, məşhur azərbaycanlı vokalist Bülbülün və şairə Xurşidbanu Natəvanın muzeylərini də qarət edib viranə qoydular. Erməni işğalçıları Azərbaycan musiqisinin beşiyi Şuşanı işğal etdikdən sonra Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstlərini güllələdilər.

Qeyd edək ki, bir zamanlar Şuşanın bəzəyi olmuş bu heykəllərdən birinin - Xurşidbanu Natəvan büstünün müəllifi Əməkdar incəsənət xadimi Həyat Abdullayeva, Üzeyir Hacibəyovun və Bülbülün büstlərinin müəllifləri isə Xalq rəssamı Xanlar Əhmədov və Əməkdar rəssam Namiq Dadaşovdur. Erməni gülləbəranı nəticəsində büstlərə zərər dəydi. Belə ki, Natəvanın baş barmağı yoxdur, Üzeyir bəyin eynəyi sındırılıb, Bülbülün isə tunc alnı qabarıb.

Heykəllərə qarşı belə vandallıq edən erməni işğalçıları büstlərin tunc materialına da göz dikdilər. Heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə İrəvana, sonra da Gürüstana apardılar. Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri gördülər. Bununla bağlı müvafiq qurumlara məlumat verdilər. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsindən sonra heykəllər Bakıya gətirildi.

Bir vaxtlar doğma şəhərlərində - Şuşada ucaldılan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində qərar tutdu. 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilən, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan “Güllələnmiş heykəllər” yenidən öz doğma məkanlarında ucaldılacağı günü gözlədilər.

2020-ci il 8 noyabrda müzəffər Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Qarabağın incisi Şuşa şəhərini işğaldan azad etdilər. Yurd-yuvasından didərgin düşmüş, məcburi köçkünə çevrilmiş “Güllələnmiş heykəllər”in də həsrətinə son qoyuldu.

Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Artıq dövlət başçısının bu sözləri reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi: “Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib”.

Dövlət başçısı xatırlatdı ki, 1982-ci ilin yay aylarında Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açıb: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Ulu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

Prezident İlham Əliyev bu büstləri Bakının hər hansı bir yerində qoyulması üçün müxtəlif vaxtlarda bəzi insanların ona müraciət etdiklərini açıqladı. Ancaq dövlət başçısı o zamanlar bu müraciətlərə etiraz edərək əminliklə bildirib ki, onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq.

“Güllələnmiş heykəllər” kimi tanınan, erməni vandalizminin şahidləri olan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri öz evlərinə, yurdlarına qovuşdu. İndi onların ruhu şaddır. Dövlət başçısı diqqətə çatdırıb ki, dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Prezident İlham Əliyev deyib: “Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!”

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM