06 Oktyabr 2021 00:24
939
Elm və texnika
A- A+

Göyçə mahalı qədim Azərbaycan torpağıdır

 

Kuman türklərinin ulu yurdu Basarkeçərin adını saxtalaşdıran ermənilər unudurlar ki, bu yerlər türk mənşəli toponimlərlə çox zəngindir

 

Ulu yurdlarımızın tarixini zaman-zaman yadellilər saxtalaşdıraraq, özününküləşdirməyə çalışıblar. Lakin toponimlər bu tarixi saxtakarlığı qəbul etmir, çünki onlar dini, mədəni, tarixi abidələrdə yaşayır.

Son iki əsrdə Azərbaycan ərazilərinə saxta iddialarla göz dikən, havadarlarının hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımızdan soydaşlarımızı çıxaran, soyqırımı törətməkdən belə çəkinməyən daşnak ermənilərin qurduqları Ermənistan başdan-başa türkmənşəli toponimlərdən ibarətdir.

Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının əzəli adlarını dəyişdirmək, süni surətdə Ermənistan dövləti yaratmaq ermənilərin yeritdiyi təcavüzkar siyasətin tərkib hissəsi olub.

Ümummilli Lider Heydər Əliyev Qafqazda son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması ilə bağlı fikirlərini bildirərkən demişdir: “...Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir...”

Sovet hakimiyyətinin yaratdığı indiki Ermənistanın ərazisində belə mahallarımızın sayı 16 olub. Təəssüf ki, bu gün həmin tarixi torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 3-də Tərtər rayonuna səfəri zamanı bu məsələ ilə bağlı bəzi məqamlara toxunub, ermənilərin Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürüldüklərini, XIX əsrin əvvəllərindən başlanmış həmin prosesin sonralar daha da genişləndiyini diqqətə çatdırmışdır.

Dövlətimizin başçısı xatırladıb ki, mərhələlərlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələri yer üzündən silinib, Azərbaycan torpaqlarında monoetnik respublika yaradılıb. Tarixi torpaqlarımızda yaşamaqlarına baxmayaraq, ermənilər bu gün də Azərbaycan və Türkiyəyə qarşı açıq şəkildə əsassız ərazi iddiaları irəli sürürlər: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün...”

 

“Vardenis yox, Basarkeçər”!

 

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərinin də mühüm tarixi və strateji əhəmiyyətə malik olması barədə geniş şərhə ehtiyac yoxdur. Bu səfər zamanı dövlətimizin başçısının Ermənistanın sərhəddə törətdiyi təxribatlar və gərginliklər fonunda ölkəmizin prinsipial və qətiyyətli mövqeyini bir daha ifadə etməsi diqqətdən kənarda qala bilməzdi. Bu, təcavüzkarlara, həmçinin onun havadarlarına açıq və konkret mesajlar idi.

Dövlət başçısının toxunduğu mühüm məsələlərdən biri də ermənilərin qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki toponimlərimizi saxtalaşdırmaları, özününküləşdirmələri ilə bağlı oldu: “Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər, Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis” rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin”.

Dövlət başçısı bugünkü işğalçı, təcavzkar, terrorçuluğu dəstəkləyən Ermənistanın ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələrinin də əsl adları ilə çağırılmasının vacibliyini vurğuladı. Naxçıvan-Ermənistan sərhədində mövcud gərginliklə bağlı mətbuatı izlədiyini bildirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın Yerasx kəndi ətrafında baş verən hadisələrlə bağlı mətbuatın yazdıqlarında bəzi adların erməniləşdirilməsinə münasibətini açıq bəyan etdi: “...Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

 

Kumanların yadigarı - bazar, basar, yoxsa Basatkeçən?

 

Prezident onu da xüsusi vurğuladı ki, həm Qarabağ, həm Zəngəzur tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi: “Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Xatırladaq ki, Göyçə mahalının əhalisi əsasən kuman (türk dillərində kürən, sarışın mənasını verir) türk tayfalarından ibarət olub. Eramızdan əvvəlki minillikdə qədim Azərbaycanın qərb qonşuluğunda yaşayıb, sonralar zaman-zaman Avropanın ortalarına doğru hərəkət ediblər.

Basarkeçər adının sonradan Vardenisə çevrilməsi  isə türkmənşəli daha bir toponimə növbəti erməni təcavüzüdür. Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhur olan Göyçə mahalı türkmənşəli toponimlərlə çox zəngindir. Buradakı toponimlərin əksəriyyəti ermənilər tərəfindən sonralar dəyişdirilsə də, əsl adları bədii ədəbiyyatda, yaddaşlarda yaşamaqdadır.

Tarixi mənbələrdə göstərilir ki, kuman türk tayfalarının ilkin yaşayış məskəni Basarkeçər olub. Basarkeçər bölgəsinin qədim sakinləri olan kuman türk tayfaları barədə qədim Urartu mənbələrində yetərincə məlumatlar tapmaq mümkündür.

Basarkeçərin cənub-şərqində, Daşkənd yolunun təxminən iki kilometrliyindəki bir ərazidə eramızdan əvvəlki III yüzilliyinə aid qədim qalanın aşkar edilən bünövrə qalıqları birmənalı şəkildə deməyə əsas verir ki, oğuz türkünün bu kənddə məskunluğunun tarixi ən azı, 2000 illik bir dövrü əhatə edir. XVI əsrə dair sənədlərdə isə Basarkeçər Səfəvi Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan ən iri yaşayış məskənlərindən biri kimi  göstərilir. 1728-ci ildə Əhməd şah Mehmetxan oğlu tərəfindən təsdiqlənərək çap olunan “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində Basarkeçərin sırf türk kəndi olduğu yazılır.

“Basarkeçər” sözünün toponimi barədə müxtəlif versiyalar var. Onlardan biri toponimin qıpçaq mənşəli “bazar” (basar) etnoniminə qeyri-qəti gələcək zamanda işlənən “keçər” sözünün qoşulmasından əmələ gəlməsidir. Daha bir versiya isə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlıdır. Göyçənin el yaddaşında daşlaşmış rəvayətlərdən birinə görə, ilk vaxtlarda toponim “Basatkeçən” şəklində olub. El arasında bir versiya da belədir ki, Əmir Teymur buranı tutduqdan bir müddət sonra yerli əhali onun dəstələrinə hücum edir və kəndi geri qaytarır. Bundan sonra kəndin adı “Basarkeçər” qalır.

1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra İrəvan ərazisinə kütləvi şəkildə ermənilər köçürülüb. Bununla birlikdə yerli əhalinin, yəni türklərin İrəvan ərazisindən köçürülməsinə başlanılıb. Elə o zamanlaardan da İrəvan ərazisindəki yer adları dəyişdirilib, erməniləşdirilib ki, onlardan biri də hazırda Vardenis adlandırılan Basarkeçər rayonudur. Təkcə onu deyək ki, 1826-1829-cu illərdə erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında həyata keçirdikləri soyqırımı zamanı Basarkeçərin, ən azı, min illik tarixi olan Ağkilsə kəndinin əhalisi kütləvi qətliama məruz qalıb...

 

İbrahim SƏFƏRLİ,

Kəlbəcər Dövlət Arxiv İdarəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video