11 Oktyabr 2011 03:10
461
Təhsil
A- A+

Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Oktyabrın 10-da görkəmli ziyalı, böyük şərqşünas alim və parlaq şəxsiyyət Aida xanım İmanquliyevanın anadan olmasından 72 il keçir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli alimin xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə  keçirmişdir. Müsabiqədə aspirant, dissertant və gənc alimlər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, oktyabrın 10-da AQUPDK müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı barədə danışmışdır. Qeyd etmişdir ki, artıq bir neçə ildir  AQUPDK böyük alimin doğum günü ərəfəsində "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə təşkil edir. Hər müsabiqə yeni-yeni istedadlı mütəxəssisləri üzə çıxarır. Əsas məqsədimiz Aida xanım İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi və qorunmasıdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş  Aida xanım İmanquliyevanın elmi və bədii irsi təkcə onun şəxsi  fəaliyyətini əks etdirmir. Şübhəsiz, onun yaradıcılığının bəhrələri bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin, mədəniyyətinin böyük nailiyyətidir.

Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulamışdır ki, Şərq, o cümlədən ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, eyni zamanda, şərəfli bir işdir.  Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin.

N.Paşayeva  müsabiqə qaliblərini bir daha təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva,  bu institutun  şöbə müdiri Vilayət Cəfər və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Elman Quliyev  çıxış edərək Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir,  o, ilk müsəlman şərqşünas alim qadın kimi  bütün Şərq dünyasında tanınmışdır. Bu vətənpərvər ziyalı xanımın qələmə aldığı hər bir əsər, apardığı elmi araşdırmalar   ədəbiyyat xəzinəmizin parlaq nümunəsi  kimi müəllifinin böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edir. Onun elmi əsərləri şərqşünaslıq tariximizin nadir inciləri hesab olunur. AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə Aida xanım İmanquliyevanın yüzlərlə kitab və monoqrafiyası, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir.

Tədbir çərçivəsində Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.

Müsabiqədə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Kəmalə Musayeva birinci,  ADPU-nın doktorantı Məlahət Babayeva ikinci, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fatma Məcidova və BDU-nun  şərqşünaslıq fakültəsinin dosenti Gülnur Mahmudova üçüncü yerlərə layiq görülmüşlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video