07 May 2021 00:42
1096
Mədəniyyət
A- A+

Görkəmli ədəbi simalar Nizami irsi haqqında

 

* Səməd Vurğun: “Əgər Nizamiyə qədər müsəlman Şərqində İran ədəbiyyatı qabaqcıl idisə, Nizaminin və onun arxasınca Azərbaycan ədiblərinin bütöv bir nəslinin yaranmasından sonra İran klassik ədəbiyyatıöz birinciliyini bizim Azərbaycan ədəbiyyatına təhvil verdi. Zaqafqaziya, Dağıstan, Orta Asiya, İran, Türkiyə xalqları və başqa xalqların arasında milli dilimizin populyar olması da göstərilən xalqlar arasında Azərbaycan ədəbiyyatının geniş yayılmasına xidmət edirdi”.

 

* Professor Azadə Rüstəm Sənainin “Hədiqətül-Həqaiq” əsəri ilə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin oxşar və fərqliliyindən bəhs edəndə yazır: “Hədiqə”də xalq kütləsinin ünvanına nahamvar, kobud ifadələr də ara-sıra eşidilməkdədir. Sənai kütlənin halına yanaraq, həm də onu cahil, avam, ali mənəvi hisslərdən məhrum bir toplum kimi qəbul edir. Bu təzad Nizamidə yoxdur. Nizami olur ki, kütlənin içərisindən çıxan ayrı-ayrı naqabil fərdlərin eybəcər və çirkin hərəkətlərini ifşa etsin, ancaq toplunun bütövlükdə ləyaqəti Nizami üçün ucadan da ucadır. “Sirlər xəzinəsi” də daxil olmaqla Nizaminin bütün əsərlərində şairin abidəsini əbədiləşdirdiyi xalq nümayəndələri obrazları küll halında əməli, hissi, zehni fəaliyyətləri ilə müstəqil dünyagörüşünə və həyati baxışa malik şəxsiyyət zirvəsinə çatmış, birər xarakterlər, “muxtar”insanlardır. Bu, müsəlman Şərqi ədəbiyyatında humanizmin, şairin öz təbiri ilə deyilsə, “mərdomilik” - insaniliyin ən böyük təntənəsi idi”.

 

* Akademik A.Makovelski: “Nizami deyir ki, idrak və onun vasitəsi ilə əldə edilən bilik insanı hər şey üzərində hökmran edir. İdrak nuru dünyanı dərk etməkdə, yaşayış təcrübəsində, ictimai fəaliyyətdə və əxlaq aləmində insanın rəhbəri, müəllimi olmalıdır”.

 

* Akademik Həmid Araslı: “Nizami Azərbaycanın tarixini yaxşı bilirdi. O, xalqının mərd, mübariz keçmişini, namuslu həyatını, şərəfli əməyini, nəcib sifətlərini, gözəl ənənələrini hərarətlə tərənnüm edirdi. Nizami xalqın bütün yüksək mənəvi zənginlikləri ilə tərbiyələnmiş və bu mənəvi zənginliklərə bağlı bir insan idi. O, bu zənginlikləri dastanlarda, nağıllarda dinləmiş, mahnılarda, laylalarda eşitmiş, tarixi kitablarda oxumuş, qocaların söhbətində, xalq sənətkarlarının məclislərində öyrənmişdi”.

 

* Professor Əkbər Ağayev: “Alman ədəbiyyatının Höte və Şiller kimi iki nəhəng yazıçısının Nizami yaradıcılığı ilə olan əlaqəsi böyük Azərbaycan şairinin dünya ədəbiyyatındakı təsirinin nə qədər geniş olduğunu bütün aydınlığı ilə sübut edir.

Nizaminin süjetlərinin dünya ədəbiyyatında və xüsusilə Qərbi Avropa ədəbiyyatında yayılması və həmin süjetlərdən istifadə edilməsi məsələsi haqqında danışarkən qeyd etmək lazımdır ki, böyük şairin əsərlərinin ayrı-ayrı süjetləri, bəzən Avropa yazıçıları tərəfindən bilavasitə istifadə olunmuş, bəzən də həmin süjetlər dolayı yollarla Avropa ədəbiyyatına gedib çıxmışdır”.

 

* Səməd Vurğun: “Azərbaycan xalqı bəşəriyyətə ədəbiyyatda Şərq renessansının böyük yaradıcısı, Şərqdə romantik poeziyanın banisi, böyük filosof və alim, bədii təfəkkürün dühası Nizami Gəncəvini vermişdir. Təkcə bu, ona dünya mədəniyyəti tarixində fəxri yer tutmağa haqq verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video