18 Aprel 2021 00:23
1446
Səhiyyə
A- A+

“Gəncliyi qaytaran” möcüzə 

 

Ta qədimdən insanlar ac qalmağın sağlamlıq üçün faydalı olduğunu bilirdilər və bu üsuldan istifadə edərək xəstəliklərini sağaldırdılar. Zaman keçdikcə tibb elmi də aclığın insan orqanizmi üçün inanılmaz faydalı olduğunu sübut edib.

Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Kamran Babayev bildirir ki, hələ qədim dövrlərdə dahi şəxsiyyətlər Hippokrat, İbn Sina, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər. Müasir təbabət də sübut edir ki, insanların xəstələnməsinə əksər vaxt orqanizmin həddindən artıq kalori ilə yüklənməsi səbəb olur. Hazırda da aclıqla müalicə ən qədim, ən davamlı müalicə növü kimi tanınır. Həkim-diyetoloqlar müəyyən müddət ac qalmağın, fərqli növ pəhrizin üsullarını təqdim edirlər. Bəzən isə Ramazan ayında tutulan orucu da müalicəvi aclıq kimi qəbul edirlər.

K.Babayevin sözlərinə görə, hazırda dünyada alternativ müalicə üsulu kimi aclıq mərkəzləri fəaliyyət göstərir: “Qidanın insan orqanizminə təsirini araşdıran görkəmli amerikan alimi Herbert Şelton bu qənaətə gəlib ki, insan aclığın köməyi ilə bütün xəstəliklərdən tam sağalmaqla “gəncliyini qaytara” bilər. İnsan ac qaldıqda nəinki həzm aparatı, hətta bütün orqanlar dincəlir, bədən həzmdən azad olaraq yüngülləşir və öz-özünü təmizləməyə yönəlir. Belədə işə təbii ki, enerji sərfi tələb olunur. Məhz qida ilə aldığımız enerji azaldıqda orqanizm öz ehtiyatlarından istifadəyə başlayır”.

 

“Oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil tapa bilməzsiniz”

 

Həkim vurğulayır ki, oructutma müddəti uzun olduğuna görə, hər gün imsaka-sahura qalxmaq mütləqdir. Bu zaman yaxşı qidalanmaq vacibdir, protein və liflə zəngin qidalar qəbul edilməlidir. Suda bişmiş yumurta, ətdən istifadə olunmalıdır. Tərkibində karbohidrat, zülal, yağ olduğundan xurma da faydalıdır. Qıcıqlandırıcı qidalar istifadə olunmamalıdır. İftarda isə hədislərdə tövsiyə olunan kimi mədəni 3 yerə - hava, qida və su hissələrinə ayırmaq, iftarı xurma və su ilə açmaq məsləhətdir. Reflektor vərdişləri dəyişmiş mədə qida qəbulu zamanı müəyyən müddət - təqribən 5-10 dəqiqə sakit vəziyyətdə qalır. Bunu fizioloqlar “reseptiv relaksasiya” dövrü adlandırırlar. Ona görə də qidalanmağa tədricən başlamaq lazımdır. Aclıq zamanı maddələr mübadiləsi zəiflədiyindən, mədənin həcmi azaldığından, onu birdən-birə çox yükləmək olmaz. Əks təqdirdə bu, bir sıra narahatlıqlar - köp, sancı və qəbizlik yarada bilər. Bu səbəbdən iftarda duru yeməklər, vitaminlərlə zəngin meyvə, tərəvəzlərə və süd məhsullarına üstünlük verilə bilər.

Mütəxəssis bildirir ki, oruc tutmağın faydaları haqda saysız yazılara, elmi tədqiqatlara rast gəlinir və məqsəd sağlamlıqdır, çox yeyib-içmək deyil: “Oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil tapa bilməzsiniz. Əksinə, elmi mənbələrdə orqanizmin illərlə yığılmış zərərli maddələrdən, zədələnmiş hüceyrələrdən təmizlənməsi, ürək-damar, bədxassəli, mədə-bağırsaq xəstəliklərinə qarşı müqavimətin artması, kök hüceyrələrin yaranması barədə kifayət qədər məlumata rast gəlinir. Bir sözlə, Ramazanda həzm sistemi istirahət edir, nəticədə immun sistemi güclənir. Koronavirusla mübarizədə bədənin qoruyucu imkanlarının artırılması zəruridir. Dünyanın müxtəlif ölkələrində aparılmış tədqiqatlarda qara zirə, yəni çörəkotunun şəfalı təsiri aşkarlanıb və immuniteti gücləndirməsi bəyan olunur. Odur ki, ondan bol-bol istifadə olunması məqsədəuyğundur”.

 

Qaraciyəri bərpa edən ən effektiv müalicə üsullarından biri

 

“Qaraciyəri yeniləyən, bərpa edən ən effektiv müalicə üsullarından biri də oruc tutmaqdır” söyləyən K.Babayev deyir ki, qaraciyər enerji deposudur, 6-7 saat ac qaldıqdan sonra orqanizm ondakı ehtiyat enerjidən istifadə etməyə başlayır. Bu zaman yüngül ürəkbulanma, halsızlıq olması təbiidir. Çünki qaraciyər istirahətlə yanaşı, həm də daxilindəki enerjini yeniləyir. Aclıq zamanı xolesterin və triqliseridlərin, yəni damarların daxili divarını tutmuş yağların səviyyəsi normallaşır. Pankreatitdən əziyyət çəkənlər üçün də oruc faydalıdır, sahurdan 6-7 saatdan sonra fermentativ aktivlik azalması ilə ferment ifrazı olmadığından, özünü yandırmadığından mədəaltı vəzin bərpasına imkan yaranır. Damarların divarlarında infarkt və ateroskleroza səbəb olan yığılmış xolesterol, toksin və ərp təbəqəsinin əridilməsi ağızdan, bəzən dəridən də aseton qoxusunun olması ilə müşahidə edilir və sonradan tədricən aradan qalxır, nəticədə damarlar elastikləşir. Mədənin həcminin azalması da həddindən artıq yeməyin qarşısının alınması baxımından faydalıdır.

Beyinin qanla yaxşı təchiz olunması yaddaş üçün faydalıdır. Belə ki, ac qaldıqda beyinin koqnitiv - təfəkkür, yaddaş və s. funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bu üsuldan istifadə edirdilər, öz əsərlərini yazmazdan əvvəl ac qalırdılar.

Həkim qeyd edir ki, aclıq zamanı immun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi, çəkini azaltmağı və çox maye qəbul etməyi tövsiyə edirlər. Bu zaman orqanizm təmizlənir və cavanlaşır. Dərinin vəziyyəti yaxşılaşır. Xərçəngin riski azalır. Ürək və qan damarları daha sağlam olur. Arterial təzyiq tənzimlənir. Orqanizmdə iltihablar azalır. Bir sözlə, orqanizmdə yeni bir immun-mühafizə sistemi yaranır. Oruc tutmaqla bədən və ruhumuz təmizlənir, saflaşır.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video