11 Avqust 2021 00:54
1002
Təhsil
A- A+

Gəncədə erməni raketlərinin dağıtdığı məktəb binaları əsaslı təmir edilir

 

Məlum olduğu kimi, 44 günlük müharibə zamanı ermənilər Azərbaycanın dinc əhalisini də raket hücumuna məruz qoydu. Nəticədə mülki əhaliyə, eləcə də sosial obyektlərə, təhsil ocaqlarına xeyli ziyan dəydi. O cümlədən müharibə bölgəsindən xeyli uzaqda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 2 dəfə raket atəşinə tutulması nəticəsində çoxlu sayda insan həlak oldu. Onların arasında qadınlar, qocalar və azyaşlı uşaqlar da var idi.

Ermənistan tutduğu cinayət hadisəsini nə qədər ört-basdır etməyə çalışsa da, hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər onların yalanlarını ifşa etdi. Bütün dünya erməni vandallarının bu əməllərini gördü və onu terror aktı kimi qiymətləndirdi. Həm də buna görə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşkünlüyü yaratmadı. Əksinə, bütün Azərbaycan xalqı kimi gəncəlilər də inandılar ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmən üzərində qələbə çalacaq. Belə də oldu. Cəmi 44 gün ərzində işğal olunmuş Azərbaycan torpaqları düşməndən azad edildi.

Ermənistanın raket atması nəticəsində Gəncədəki M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-lisey və K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə dağıntılar olmuşdur. Digər 8 tədris ocağına - 9, 11, 15, 18, 20, 32, 36 və 42 nömrəli orta məktəblərə də qismən zərər dəymişdir. M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-liseyin bir korpusu tamamilə yararsız vəziyyətə düşdüyündən həmin korpusda dərslərin tədrisi dayandırılmışdır. 29 nömrəli tam orta məktəbin kollektivi isə tədrisi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə davam etdirmişdir.

Bu hadisələr zamanı yaralanan 35 nəfərdən 10 nəfəri (32 nömrəli məktəbin 2-ci sinif şagirdləri Ömər Mehdiyev və Dinarə Muradova, 3-cü sinif şagirdləri Murad Cavadov və Hüseyn Əliyev, 6-cı sinif şagirdi Sevinc Rəhimova,  11-ci sinif şagirdi Səlim Mustafazadə, 20 nömrəli məktəbin 10-cu sinif şagirdi Aysu Əliyeva, 25 nömrəli məktəbin 6-cı sinif şagirdləri Şəfa Şirinova və 7-ci sinif şagirdi Şəmiddin Şirinov) məktəbli olmuşdur. Raket atəşi nəticəsində dağılan evlərdə 29 nömrəli məktəbdə təhsil alan 4 şagird isə həlak olmuşdur.

Artıq Gəncədə dağılan təhsil ocaqlarının təmirinə başlanılmışdır. Biz şəhərdəki M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-liseydə olarkən burada qızğın iş gedirdi. Demək olar ki, məktəbin yarasız hala düşmüş korpusu yenidən qurulurdu. İnşaatçılar bildirdilər ki, yeni tədris ilinə kimi bərpa işlərini başa çatdırmaq fikrindədirlər. Tikinti materiallarının təminatında heç bir problem yoxdur.

44 günlük savaşda Goranboy məktəblərinin də bir qismi yararsız hala düşmüşdür. Bunlar Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd orta məktəblərinin binalarıdır. Hər iki məktəb 1176 şagirdlikdir. Səfikürd məktəbində 922, Qızılhacılı məktəbində 700 şagird təhsil alır. Səfikürd kənd məktəbi iki korpusdan ibarətdir və oktyabrın 1-də ermənilərin atdıqları bomba nəticəsində 50 sinif otağından 25-i, oktyabrın 5-də Qızılhacılı qəsəbəsınə atılmış bomba nəticəsində isə məktəbin 43 sinif otağından yarıdan çoxu yararsız hala düşmüşdür.

Goranboy Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, yaxın günlərdə hər iki məktəbdə təmir-bərpa işlərinə başlanacaq. Hazırda məktəb binalarının yenidən qurulmasının layihələndirilməsi işləri gedir.

 

 Sabir ƏLİYEV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video