30 Oktyabr 2011 12:10
775
Mədəniyyət
A- A+

Gəncə abidələrinin yeni həyatı başlanır

 

Gəncədə daha bir xeyirxah işin təməli qoyuldu. Tarixi və arxeoloji abidələrin müəyyən edilməsi, bərpası və mühafizəsi üçün xüsusi komissiya yaradılmışdır. Komissiyanın ilk iclasında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu nəcib işin məqsəd və vəzifələrindən danışdı. Sonra geniş fikir mübadiləsi aparıldı, işin sistemli təşkili üçün konkret təkliflər irəli sürüldü, mövcud abidələrin müəyyən edilməsi və uçota alınması məqsədilə işçi qrupları yaradıldı.

Gəncə qədim şəhərdir. Tarixi memarlıq abidələri ilə zəngindir. Nizami Gəncəvi məqbərəsi, Comərd Qəssab türbəsi, İmamzadə kompleksi, Gəncə qapıları, Uğurlu xan karvansarayı, Çökək hamamı, Qala divarlarının qalıqları, Şah Abbas camesi... Təkcə məscidlərin sayı qırxdan çoxdur. Bunların hər biri öz tarixinə, taleyinə görə çox dəyərli milli memarlıq abidəsi kimi tanınır.

2001-ci il avqustun 2-də respublika ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə təsdiq edilmişdi. Bu, hələlik ölkə ərazisində olan abidələrin son rəsmi siyahısıdır. Həmin sənədə görə, Gəncədə 254 abidə qeydə alınıb. Onlardan biri orta əsrlərin yadigarı olan "Köhnə Gəncə ərazisi" dünya əhəmiyyətli abidə kimi tanınır. Abidələrin doqquzu ölkə, qalanları isə yerli əhəmiyyətli sayılır.

Təəssüf ki, illər boyu abidələrin tədqiqinə və təbliğinə laqeyd münasibət bəslənildiyi üçün onların bir qismi yer üzündən tamamilə silinmişdir. Nə qədər axtardıqsa, siyahıda adları qeyd olunan "Üçdaş" və "Niyazi" dəyirmanlarının, yaxud 3785, 3837, 3945 saylı inventar nömrələri qeyd olunan bir neçə obyektin izini, sorağını tapa bilmədik. Lakin şəhərə şöhrət gətirən elə abidələr də vardır ki, nədənsə onların siyahıya salınması unudulmuşdur. İndi həmin abidələrin yeri-yurdu, tarixi-taleyi diqqətlə araşdırılır. Axı abidələr ölkənin torpaq üzərində "yazılan" tarixi, xalqın milli pasportunun bir hissəsi, elimizin memarlıq irsinin canlı ensiklopediyasıdır.

Nazirlər Kabinetinin siyahısında Gəncə şəhəri üzrə adları qeyd olunan 214 yerli əhəmiyyətli abidənin 184-ü yaşayış yeridir. Bunlar həqiqətən də mühafizə olunmağa layiqdir. Lakin heç birinin konkret tarixi göstərilmir. Hansı bina haçan tikilib, hamısının qabağında eyni söz yazılıb: "XX əsr". Dəqiqləşdirmə aparmaq nə çətin işdir? Binaların çoxunun üzərində tikilmə tarixi aydınca yazılıb. Əgər bəzilərində yoxdursa, dövlət reyestr xidməti idarəsindən bütün məlumatları çox asanca əldə etmək mümkündür. İndi şəhərdə axtarış işi məhz bu istiqamətdə qurulub.

Gəncə məhəllə-məhəllə tikilib, hər məhəllənin də öz məscidi, hamamı, bazarı və heç şübhəsiz ki, tanınan, seçilən binaları olub. Başdanbaşa qırmızı kərpiclə Şərq üslubunda tikilən tağlı, gümbəzli Gəncə evlərinin öz görkəmi, öz üslubu var. Əsasən on doqquzuncu yüzilliyin sonlarında və XX əsrin əvvəllərində sənayenin, ticarətin inkişafı ilə əlaqədar olaraq bu yerlərdə quruculuq işləri daha geniş vüsət almışdı. İmkanlı adamlar arasında, sözün yaxşı mənasında, incə bir yarış, sanki bir bəhsəbəhs gedirdi. Hamı tikir, hamı qurur, hamı yaradırdı. Xüsusən Rəfibəyovlar, Şeyxzamanovlar, Yusifbəylilər, Pişnamazzadələr, Həsənzadələr, Ziyadxanovlar, Adıgözəlovlar... Hər nəsil neçə-neçə yaraşıqlı yaşayış evi, gözəl yadigar qoyub gedib. Onlardan biri Ziyadxanovların mülküdür. Klassik Şərq üslubunda tikilib. Gəncənin gözü sayılır. Xalq cümhuriyyətinin liderləri İsmayıl xan və Adil xan Ziyadxanovlar orada yaşayıblar. İndi həmin ünvanda Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.

Yusifbəylilərin mülkü isə Şərq və Qərb memarlıq üslubunda 1877-ci ildə inşa edilib. Gəncənin əksər binaları kimi qırmızı kərpicdən tikilib. Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli həmin binada anadan olmuşdur.

Mərhum müğənni Mobil Əhmədovun atası zərgər Əlimirzə öz zərif sənəti ilə hər yanda tanınırdı. Gəncənin mərkəzindəki dördyol ayrıcında onun ucaltdığı kürsülü ev indi də öz əzəli görkəmini qoruyub saxlayır. Dövlət Aqrar Universitetinin yerləşdiyi bina 1897-ci ilin yadigarıdır. Əvvəllər burada Zemstvo idarəsi yerləşirdi. Bir müddət Gəncə qubernatorunun iqamətgahı olub. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncə dövründə bu tarixi binada fəaliyyət göstərib.

Şəhərin mərkəzindəki Cavadxan küçəsini (indi bu küçə tamamilə yenidən qurulur). Moskvanın Arbatı və Bakının "Tarqovı" adı ilə tanınan seyrəngahları ilə müqayisə etmək olar. hər addımda bir yaraşıqlı bina, tarixin bir əvəzsiz nişanəsi yaşayır. Bir qədər dəqiq desək, bura əslində Gəncənin "İçəri şəhəri" sayıla bilər. İndi küçənin bərpası ilə yanaşı, memarlıq baxımından bu tikililərin hər birinin dəyəri müəyyən edilir, annotasiya yazılır, pasportu çıxarılır.

Təəssüf ki, illər boyu davam edən laqeydlik şəhərin abidələrinə böyük ziyan vurub. Uçub-dağılmaqda olan Uğurlu xan karvansarayının yarıtmaz vəziyyəti, onun yanında miniatürlər muzeyi yerləşən neçə-neçə hücrənin bu sənətə heç bir dəxli olmayan işbazlara satılması haqqında mətbuatın çoxsaylı çıxışları həmin abidələri qorumağa borclu olan məmurların hiddətinə, qəzəbinə səbəb olur, vəziyyəti nizama salmaqdansa, onlar işbazlara daha münasib şərait yaradırdılar. Yaxşı ki, indi ötən illərin bu təzadları aradan qaldırılır.

Yığıncaqda çıxış edənlər şəhərdəki tarix mədəniyyət abidələri ilə yanaşı, qədim yeraltı yollar, kəhrizlər, hətta xüsusi əhəmiyyət kəsb edən çinarlarla da bağlı maraqlı fikirlər söylədilər. Gəncədə otuzdan artıq kəhriz qeydə alınıb. Onlardan biri - yəqin ki, ən qədimi şəhərin köhnə yaşayış sahəsində çağlayır. Azı min ilin yadigarıdır. Dairəvi hörülmüş səkkizguşəli qırmızı kərpiclərin arasından "boylanır". Dupduru suyu ətrafdakı bağlara, biçənəklərə axır.

Yaxud yeraltı yollar. Bu da bir tarixdir. Şəhərin müxtəlif istiqamətlərində kərpici tağla hörülmüş yollar olub ki, buradan faytonla sərbəst hərəkət etmək mümkün imiş. Doğrudur, tikinti işləri aparılarkən laqeydlik üzündən bu yeraltı yolların xətləri pozulub, çox yerdə, əlaqə kəsilib. Lakin elə yerlər var ki, müəyyən məsafədə qədimi yolu heç olmasa tarixi abidə kimi bərpa etmək mümkündür. İstər yeraltı yollar, istərsə də minillik kəhrizlər həm tariximiz üçün gərəklidir, həm də turistlərin böyük marağına səbəb ola bilər.

Tarixi abidələr dedikdə həm həyatın ən müxtəlif sahələrinə işıq salan mədəniyyət obyektlərini, arxeoloji abidələri, həm də yazılı sənədləri, fotoşəkilləri və digər materialları nəzərdə tuturuq. Gəncədə isə bu cür qiymətli sənədlər yəqin ki, çoxdur. Yeni təhqiqat komissiyası həm də bu istiqamətdə iş aparır.

İndi bu qeydləri oxuculara çatdırmaqla Gəncənin tarixinə və taleyinə bələd olan yaxınlarda, uzaqlarda yaşayan gəncəlilərə, tədqiqatçılara, ziyalılara müraciət edirik. Kim hansı bir "naməlum" tarixi abidəni tanıyırsa, kimdə müəyyən sənədlər, şəkillər, şəhərin tarixini əks etdirən məlumatlar varsa, Gəncə Regional Elm Mərkəzinə göndərsin. Bu, çox gərəkli bir işdir. Gəncə abidələrinin yeni həyatı başlanır. Şəhərdə tarixin nadir incilərinin bərpası ilə yanaşı, həmin abidələr barədə xüsusi ensiklopediyanın nəşr edilməsi də nəzərdə tutulmuşdur.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video