09 Oktyabr 2011 11:10
400
İQTİSADİYYAT
A- A+

Gənc kimyaçıların respublika elmi konfransı keçirilib

 

"Azərikimya" İB-də əməyin mühafizəsi də diqqət mərkəzindədir

 

"Beynəlxalq kimya ili" çərçivəsində ARDNŞ-nin "Azərikimya" İB-nin təşkilatçılığı ilə Sumqayıtda gənc kimyaçıların "Azərbaycanın neftçıxarma, neft emalı və neft-kimya sənayelərinin aktual problemləri" mövzusunda elmi konfransı keçirilmişdir.

İstehsalat Birliyi müşahidə şurasının sədri Muxtar Babayevin və Milli Elmlər Akademiyasının müxbir üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru, professor Vaqif Abbasovun həmsədr olduqları konfransda Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin, AMEA-nın Neft-kimya Prosesləri, Aşqarlar kimyası, Polimer Materialları və digər elmi-tədqiqat institutlarının, həmçinin Dövlət Neft Şirkətinin 30-dək gənc tədqiqatçısının kimya elminin və neft-kimya sənayesinin müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilmişdir. Gənc aspirant və dissertantların neft-kimya sintezi, polimerlər kimyasının aktual problemləri, neft emalı proseslərinin təkmilləşdirilməsi və emal məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycanın neft-kimya və neft emalı sənayesinin məhsulları əsasında neftçıxarma sənayesi üçün yeni və mühüm komponentlərin, ingibitorların, ətraf mühitin mühafizəsi üçün yeni reagent və texnologiyaların işlənib-hazırlanması və s. mövzulara həsr edilmiş məruzə və çıxışları konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzələr həm də praktiki baxımdan, istehsalat yönümlü olması ilə seçilmişdir. Dinlənilmiş məruzələrin toplu halında nəşr edilərək bütün konfrans iştirakçılarına təqdim olunması, onların hər birinin ölkənin nüfuzlu kimyaçı alimlərindən ibarət münsiflər heyəti tərəfindən obyektiv dəyərləndirilməsində mühüm rol oynamışdır.

Tədbirin sonunda münsiflər heyətinin qərarına əsasən, Neft-Kimya Prosesləri İnstitutunun aspirantı Lalə Əfəndizadə müsabiqənin qalibi olmuşdur. İkinci mükafata BDU-nun aspirantı Xamməd Əsədov və Neft-Kimya Prosesləri İnstitutunun gənc tədqiqatçısı Könül Qasımova, üçüncü mükafata isə Azərbaycan Dövlət Neft Akademiyasından İradə Xələfova və Nigar Məmmədova, Polimer Materialları İnstitutundan Olqa Qreçkina və Aşqarlar Kimyası İnstitutundan Natəvan Talışova layiq görülmüşlər. Daha 8 gənc tədqiqatçıya həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

"Azərikimya" İstehsalat Birliyində keçirilən digər tədbir kimyaçıların sağlamlığının qorunması, istehsalat sahələrində onların əməyinin mühafizəsi və iş yerlərində təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlər və mövcud problemlərlə bağlı olmuşdur. Bununla əlaqədar keçirilən geniş müzakirədə ilk olaraq İB-nin əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin hesabatı dinlənilmişdir. Hesabatda 2010-cu ilin aprel ayına kimi və sonrakı dövrdə istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə görülən işlər haqqında geniş məlumat verilmiş, vəziyyət slaydlarla iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra "Azərikimya"nın müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraitinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, bütün işçilər fərdi mühafizə və qoruyucu vasitələrlə təmin edilmişlər. Mövzu ilə bağlı tədbirə dəvət olunmuş ekspert tərəfindən təqdim edilən "Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması üzrə inkişaf proqramı" layihəsi maraqla qarşılanmışdır. Sözügedən  proqramın müəyyən təkmilləşdirmədən sonra perspektivli ola biləcəyi qeyd edilmişdir. Sonda ARDNŞ-nin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov çıxış edərək əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı ARDNŞ-nin həyata keçirdiyi layihələr barədə müşavirə iştirakçılarına məlumat vermiş, "Azərikimya" İstehsalat Birliyində mövcud problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran işlərdən danışmışdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video