18 Sentyabr 2021 12:01
463
CƏMİYYƏT
A- A+

Gənc əsgərin yazdığı qəhrəmanlıq tarixi

 

Vətən müharibəsinin iyirmi yaşlı veteranı Sənan İbrahimov əslən Xocavənd rayonunun Əmrallar kəndindən olsa da, onların ailəsi Ağcabədi rayonunu Afşar kəndində müvəqqəti məskunlaşıb. Sənan da burada dünyaya gəlib. Bir neçə aydan sonra valideynləri Bakı şəhərinə köçüblər. Hazırda Ramanı qəsəbəsində, məcburi köçkünlər üçün salınmış “Şuşa şəhərciyi”ndə yaşayırlar.

AZƏRTAC xəbər verir ki, Sənan beşinci sinfə kimi Ağdam 32 nömrəli köçkün məktəbində, sonra isə Bakının Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə təhsil alıb. İdmanın döyüş növlərinə, xüsusilə boksa maraq göstərib .Yeniyetmə yaşlarında “Təhsil” və “Gilan” idman klublarını təmsil edərək müxtəlif yarışların qalibi, mükafatçısı, hətta respublika çempion olub.

Orta məktəbi bitirən ili ali təhsil almaq üçün birinci qrupa imtahan verib, amma kompüter mühəndisi olmaq arzusuna çata bilməyib. İkinci il tarixşünaslığı sınamaq qərarına gəlib... Bu, həqiqi hərbi xidmətə çağırış vaxtına düşüb və möhlət almaq mümkün olmayıb. Beləcə, Sənana tarix oxumaq yox, tarix yazmaq qismət olub...

Hərbi xidmətə Gəncə şəhərində başlayan gənc əsgər snayper - dəqiq nişançı kimi yetişib. Motoatıcı bölmədə bir neçə günlük xidmətdən sonra kəşfiyyat bölüyünə seçimlərə cəlb edilib və sınaqları uğurla keçib. Əvvəlcə kəşfiyyatçı əsgər, sonra kəşfiyyatçı-sanitar kimi xidmət edib.

Vətən müharibəsi zamanı Sənan ilk açıq döyüşə oktyabrın 12-də Cəbrayıl-Zəngilan istiqamətində girib. Döyüş tapşırığı konkret idi: doxsan nəfərlik kəşfiyyat bölüyü qarşıdakı təpələrdə yerləşən düşmən mövqelərinin arxasına keçməli idi. Qrup rəhbərləri ərazini tanımaq üçün müşahidə aparmağa göndərilir. Elə bu vaxt göydə düşmən dronu görünür. Kəşfiyyatçılar dərhal yerlərini dəyişmək barədə əmr alır və avtomobillərə əyləşib növbəti təyinat yerinə yola düşürlər. Düşmən işğalında olan kəndlərdən birinə doğru irəliləyərkən artilleriya atəşi altına düşürlər.

Kəşfiyyatçılar ön xətdəki ilk günü itkisiz başa çatdırırlar. Oktyabrın 13-də gecə kəşfiyyat bölüyünə yeni döyüş tapşırığı verilib. Bölüyün dörd qrupundan üçü irəli gedir, biri isə ehtiyatda qalmalı olur. Gecəyarısı qruplar “Üç təpə” adlanan ərazidə döyüş mövqeyinə çıxarılır. Təpələrin arasında ermənilərin hərbi hissəsi və müdafiə istehkamları yerləşirdi. Sənanın daxil olduğu qrup düşmən arxasına keçməli idi. Hər qrupun önündə minaaxtaran, onun ardınca qrup rəhbəri olan zabit, arxada isə kəşfiyyatçılar gedirdi. Onlara təyin olunmuş yerə vaxtında çatdıqdan sonra daha da irəliyə getmək, ermənilərin hərbi hissəsinin tam arxasında mövqe tutmaq tapşırığı verilmişdi. Sənan deyir: “Sübh çağı taborlarımız hücum əməliyyatına başladılar. Mövqe tutduğumuz yerə yaxın qayaların arxasında ermənilərə məxsus “Niva” gördük, içərisində iki nəfər müşahidə aparıb, ratsiya ilə danışırdı. Vəziyyəti komandanlığa bildirdik. Dedilər ki, oradan çıxmağı bacaracaqsınızsa, atəşlə onları məhv edə bilərsiniz. Aramızda, təxminən, yüz-yüz əlli metr məsafə vardı. Qrup rəhbərimiz snayper silahı ilə maşına atəş açdı, düşüb qaçmaq istəyərkən onları avtomat atəşinə tutduq. Hər ikisini vurduq. Bundan sonra irəliyə gedərək ermənilərin səngər və döyüş mövqelərinin koordinatlarını komandanlığa bildirdik. Düşmənin xeyli texnikası və canlı qüvvəsi dəqiq artilleriya atəşləri ilə məhv edildi”.

Növbəti tapşırıq Cəbrayıl rayonu ərazisindəki ikinci ən hündür zirvədə yerləşmiş düşmən qüvvələri barədə kəşfiyyat məlumatı əldə etmək idi. Gənc kəşfiyyatçı xatırlayır: “Zirvəyə qalxmağa başladıqdan bir müddət sonra qrup komandiri dayanmağı əmr etdi. Yorğunluq özünü büruzə verirdi. Komandir qrupu iki hissəyə ayırdı, zirvəyə doğru hərəkəti davam etdirmək üçün mən də daxil olmaqla 5 nəfər seçdi. Qalanları aşağıda bizi gözləməli idilər. Qrup komandirimiz zabit Cavid Musayev, müddətdən artıq hərbi qulluqçu Rəşid Qurbanov və üç əsgər – mən, rabitəçi Məhəmmədəli Əliyev və snayper Rəcəb Bəkirov zirvəyə qalxaraq orada yerləşdik”.

Düşmən qüvvələri barədə elə yerindəcə komandanlığa ötürülən kəşfiyyat məlumatı artilleriyaya hədəfləri dəqiq vurmaq imkanı verdi. Ertəsi gün həmlə taborları zirvəyə hücum edəndə ermənilərin oranı qaçıb tərk etdilər...

O, Qubadlı istiqamətində və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə də iştirak edib. Qəsəbəyə daxil olmasalar da, onun çıxışındakı erməni mövqelərini ələ keçiriblər. Oradan isə Laçın istiqamətində hərəkət ediblər. Sənan oktyabrın 25-də Güləbird kəndi ərazisində yaralanıb. Onu döyüş meydanından çıxaran sanitar maşını da düşmən tərəfindən vurulub, lakin maşındakılar möcüzə nəticəsində sağ qalıblar. Güllə Sənanın sol ayağının baldır hissəsini dəlib keçib və toxumaların üçdə biri zədələnib. Əvvəlcə Füzuli və Xocavənddə, sonra Bakıda hərbi hospitallarda müalicə alan gənc döyüşçü yarası sağalandan sonra yenidən hərbi hissəyə qayıdıb. Manqa komandiri təyin edilib, daha sonra ona çavuş rütbəsi verilib.

Hərbi xidmət müddəti ilyarım deyil, iki il çəkib. Döyüşdə göstərdiyi igidlik nümunəsinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Tarixçi olmaq arzusuna qovuşa bilməsə də, tarix yazanlardan biri olub. Döyüş, hünər və qəhrəmanlıq tarixi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video