14:53 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gədəbəy arıçıları builki məhsuldarlıqdan razıdırlar

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 06.08.2021

 

Arıçılıq Azərbaycanda qədim tarixə malikdir. Hələ eramızdan əvvəl VIII-IX əsrlərdə Azərbaycan ərazisində arıçılıqla məşğul olublar. Hətta istehsal olunan balın və arı məhsullarının bir hissəsi xarici ölkələrdə satılıb. Arıçılıq bu gün də gəlirli sahə hesab edilir və odur ki, bu sahə ilə məşğul olanların sayı durmadan artır.

Təbii iqlimi, zəngin bitki örtüyü ilə əhatə olunmuş Gədəbəydə də arıçılığın inkişafı üçün hər cür şərait var. Bundan istifadə edən rayon sakinləri son vaxtlar iqtisadi cəhətdən səmərəli olan arıçılığa daha çox maraq göstərirlər. Bunun nəticəsidir ki, hər il rayonda arı ailələrinin sayı artır. Keçən il rayonda 825 nəfər arı ailəsinə qulluq edirdisə, bu il onların sayı 1000 nəfəri keçib.

Arıçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən verilən subsidiya Gədəbəyin arıçıları arasında böyük canlanma yaratmışdır. Yeri gəlmişkən qeyd edək ki, keçən il Gədəbəy arıçılarına 94 min 250, cari il 107 min 870 manat subsidiya ödənilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə arıçılığın inkişafının stimullaşdırılması məqsədilə təsərrüfat sahiblərinə saxladıqları hər arı ailəsinə görə subsidiyaların ödənilməsi söz yox ki, arıçılıqla məşğul olanların sayını, deməli, həm də bal istehsalını artırır. Konkret misal: Arıqıran kəndinin sakini Yəhya İsgəndərovun keçən il 87 arı ailəsi var idisə, bu il onların sayı102-yə çatmışdır. Gədəbəy şəhərindən Müşfiq Kazımov və Qoşabulaq kəndindən Hafiz Əhmədov da baxdıqları arı ailələrinin sayını bu il xeyli artırmışlar.

Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət zamanı məlum oldu ki, keçən il rayonda 80 ton bal istehsal edilmişdir. Cari ildə isə bu rəqəmin 82 tondan çox olacağı gözlənilir. Arıçılardan 6 nəfəri istehsal etdiyi balın bir hissəsini Bakıda təşkil olunan yarmarkada satsalar da, əksər sakinlər öz məhsullarını elə qapılarında satırlar.

Belə arıçılardan biri Dəyirmandağ kəndinin sakini Rafiq Nağıyevdir. O, 30 ildən çoxdur ki, arıçılıqla məşğuldur. Özü də Gədəbəy Rayon Arıçılar Assosiasiyasının sədridir. Deyir ki, arıçılıq onun ata-baba peşəsidir. Arıçılığın sirlərini ana babası Müseyib Məsimovdan və bir də o vaxtlar kənddə məktəb direktoru işləyən atası Yusif Nağıyevdən öyrəndiyini söyləyən Rafiq etiraf edir ki,  bu sahədə anası Əzəd Nağıyevanın da  təcrübəsindən bəhrələnib.

Həyətində 27 arı ailəsi olan Rafiq keçən il 400 kiloqramdan çox bal istehsal edib. Ali təhsilli baytar həkimi olması ona arıçılığı daha dərindən mənimsəməyə imkan verir. Həyat yoldaşı Hicran Rüstəmova orta məktəbdə müəllim işləməsinə baxmayaraq, o da arıçılığın sirlərini öyrənib. Təsərrüfat sahibinin həyətində bəslənən arıların çoxu “Boz Qafqaz” və “Qabaqtəpə” cinsləridir. Bu arılar məhsuldarlığına görə dünyada ikinci yeri tutur. Onu da qeyd edək ki, Rafiq Nağıyev balın satışından gileyli deyil. O, istehsal etdiyi məhsulu elə qapısında satır.

Əyrivəng kəndinin sakini Oruc Quliyev də arıçılıq sahəsində zəngin təcrübə toplayıb. Hazırda o, 30 arı ailəsinə qulluq edir. Keçən il 300 kiloqram bal istehsal edən arıçı deyir ki, bu il bu daha çox məhsul gözləyir. Nərimankənd kəndinin sakini İsa Qasımov da uzun illərdir ki, arı saxlayır. 85 yaşı olmasına baxmayaraq, 60 arı ailəsinə baxır. Çaldaş kəndinin sakinləri Xəqani Zeynalov 51, Təbriz Vəliyev 30, Seymur Rzayev isə 31 arı ailəsinə qulluq edir.

Şınıxda yaşayan Sakit Vəliyevin də 50 arı ailəsi var. O, hər il 600 kiloqramdan artıq bal istehsal edir. Qoşabulaq kəndinin sakini Hafiz Əhmədov da uzun illərdir ki, arıçılıqla məşğuldur. Arı ailəsini 60-a çatdıran təsərrüfat sahibi bu il 600 kiloqrama yaxın bal götürəcəyinə əmindir. Rayon arıçılarından Oruc Rzayev, Elmar Əsgərov, Zahir Alıyev, Bayram Əsgərov və başqaları da hər il bal istehsalında fərqlənirlər. Onlar keçən il Bakıda təşkil olunan bal yarmarkasında 1500 kiloqramdan çox süzmə bal, 5 kiloqramdan çox vərəm mumu, 7 kiloqrama yaxın çiçək tozu satmışlar.

Ümumiyyətlə, Gədəbəy tarixən arıçılığın inkişaf etdiyi rayonlardan olub. Burada arıçılıq çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, bir çox kəndlərin adı arıçılıqla bağlıdır. Arıqıran, Arısu və s. kəndləri buna misal ola bilər.

Onu da qeyd edək ki, adlarını çəkdiyimiz kəndlər həm də turistlərin maraq dairəsindədir. Yay aylarında bu kəndlərdə dincələn turistlər evlərinə dönərkən bal da alırlar. Onlar yerli təsərrüfatlarda balın süzülməsini öz gözləri ilə görür və bu prosesdə hətta iştirak edə bilirlər. Bu isə o deməkdir ki, hər bir turistdə balın təmizliyinə şübhə qalmır. 

Bu il Gədəbəydə təbiət arıçıların üzünə gülür. İndi dağ və yamaclarda şahtəpə, dağ şalfeyi, cökə, daş yarpızı, dağ laləsi və s. bitkilər olduqca çoxdur. Deməli, cari il rayonda bal bol olacaq. Bol məhsul isə həm də insanların güzəranının daha da yüksəlməsi deməkdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM