11 Sentyabr 2021 00:46
1146
SİYASƏT
A- A+

Füzulidən sonra təyyarələrimiz Zəngilana və Laçına uçacaq

 

Qarşıdan  Vətən müharibəsinin başlanmasının birinci ildönümü gəlirCəmi 44 gün ərzində bu savaş 30 ilə yaxın davam edən işğala son qoymaqla milli qürurumuzun təntənəsinə çevrildi. Bütün dünya Azərbaycanın timsalında hər cür təzyiqlərə rəğmən torpaqlarını azad etməyə qadir olan dövləti, Prezident İlham Əliyevin nümunəsində müdrik, qətiyyətli və cəsarətli lideri gördü. Xalqımız bu müharibədə sarsılmaz milli birliyin örnəyini yaratdı.

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib. Amma əmin idik ki,  bu Qələbəni bizə bəxş edən, Ermənistanın işğal siyasətinə son qoyan Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızı da tezliklə azad edəcək, düşmənin vurduğu bütün yaraları aradan qaldıracaq. Üçtərəfli Bəyanatın imzalanmasından ötən 10 ay müddətində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün bu deyilənləri təsdiq edir.

Prezident İlham Əliyev ötən ilin noyabrından bu ilin avqust ayına qədər işğaldan azad olunmuş ərazilərə 11 dəfə səfər edib.  Bu səfərlər, ilk növbədə, dövlət başçısının azad olunan ərazilərimizin yenidən qurulmasına olan həssas münasibətindən xəbər verir. Hər bir səfər azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə xidmət edən müxtəlif infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qalıb. Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlarımız indi böyük inşaat meydanıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 10 yeni avtomobil yolu, 3 hava limanı, dəmir yolu xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, su xətləri inşa olunur.  Həmçinin ermənilərin dağıtdığı kənd və şəhərlərimizin  smart konsepsiyalar əsasında bərpasına başlanılıb.

İndiyədək bəzi infrastruktur layihələr uğurla yerinə yetirilib. Məsələn, hələ bir neçə ay əvvəl Laçında Prezident İlham Əliyevin iştirakı ilə Güləbird elektrik stansiyası istifadəyə verilib. Şuşanın yenidən qurulması, tarixi-mədəni irsinin bərpası istiqamətində xeyli iş görülüb. Bütün bunlarla yanaşı, mal-qaranın, arı təsərrüfatlarının Kəlbəcər yaylaqlarına aparılması da Böyük qayıdışın təcəssümüdür.

Bir neçə gün öncə inşası başa çatmaq üzrə olan Füzuli Beynəlxalq Hava Limanına  ilk təyyarənin eniş etməsi torpaqlarımızın işğaldan azad edilməsinin və Qarabağdakı yenidənqurma işlərinin növbəti təcəssümü oldu. Biz torpaqlarımızın azad ediləcəyinə əmin idik, həmin günün mütləq yetişəcəyinə inanırdıq. 2020-ci ilin bu günlərində təsəvvür belə etmirdik ki, cəmi bir ildən sonra Bakıdan Qarabağa təyyarə ilə getmək mümkün olacaq. Vətən müharibəsində torpaqlarımızın azad edilməsi kimi tarixi missiyanı layiqincə yerinə yetirən möhtərəm Prezident İlham Əliyevin başlatdığı bərpa və quruculuq işləri bunu da reallığa çevirdi.

İndi işğaldan azad edilmiş yurd yerlərimizə həm də hava yolu ilə qayıdırıq. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının siyasi əhəmiyyəti olduqca böyükdür. Çünki bu hava limanına enən dünyanın ən böyük təyyarələrinin timsalında bütün dünya Azərbaycanın azad etdiyi torpaqlarının sürətlə dirçəltməsinə şahidlik etdi. Eyni zamanda Qarabağda bundan sonra çoxsaylı bərpa layihələrinin həyata keçiriləcəyini nəzərə alanda Füzuli hava limanının yaradılmasının iqtisadi baxımdan səmərəliliyi də aydın görünür.

Bu ilin aprelində təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanını Zəngəzur dəhlizinin,  Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan nəqliyyat arteriyasının əsas tərkib hissəsi olacaq, regionda güclü logistik habın yaradılmasına imkan verəcək. O cümlədən Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Beynəlxalq Hava Limanı olduqca mühüm strateji əhəmiyyət daşıyacaq. Bu hava limanı Laçın və Kəlbəcər rayonları ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Bizi qarşıda zəfərimizin təntənəsi olan yeni sevincli anlar gözləyir. Çünki Füzulidən sonra tezliklə təyyarələrimiz Zəngilana və Laçına da uçacaqlar...

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video