04 Noyabr 2011 02:11
390
Mədəniyyət
A- A+

Fransanın nüfuzlu «La Tribune et Moi» jurnalında Bakı haqqında məqalə dərc olunmuşdur

 

Fransanın nüfuzlu turizm nəşrlərindən olan "La Tribune et Moi" ("Tribuna və Mən") jurnalında ölkəmizin paytaxtı Bakı və onun tarixi abidələrindən söhbət açan "Neft buruqları və nəhəng tikinti meydançaları ilə əhatə olunmuş Azərbaycanın paytaxtı Bakı Qafqazın Dubayı olmağı arzulayır" başlığı altında məqalə dərc edilmişdir. 

Fransız jurnalist Berenis Debra məqaləsini Qafqazın "Romeo və Culyetta"sı hesab edilən Qurban Səidin 1937-ci ildə nəşr olunan "Əli və Nino" romanında bir müəllimin Azərbaycanın Avropada, yaxud Asiyada yerləşməsinə dair şagirdlərinə verdiyi sualla başlayır.

Məqalədə Xəzər dənizi və silsilə dağlar arasında, Avropa ölkələri ilə ticarət və mədəni əlaqələrin inkişafında xüsusi rol oynamış qədim İpək yolu üzərində yerləşən Abşeron yarımadasında "qara qızıl"ın tapılması və Azərbaycana məxsus bu sərvətin uzun illər bolşeviklər tərəfindən istismar edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, keçmiş SSRİ-nin süqutundan ötən 20 ildə Bakı yeni üfüqlərə nəzər salır, sürətlə inkişaf edərək yaxın zamanlarda Qafqazın Dubayı olmağı arzulayır.

Zəngin neft və qaz ehtiyatları hesabına Bakının getdikcə müasir görkəm aldığı, Avropa standartlarına uyğun, biri-birindən yaraşıqlı və rahat hotellərin istifadəyə verildiyi, bəzilərinin isə tikildiyi diqqətə çatdırılır.  

Məqalədə həmçinin Azərbaycanın böyük turizm potensialından, "küləklər şəhəri" adlandırılan Bakının yerli əhali arasında "Tarqovı" kimi tanınan Nizami küçəsindən, şəhərin XIX və XX əsrlərə aid zəngin arxitektura binalarından, Nobel qardaşları və Rotşild kimi məşhur neft maqnatlarının fəaliyyətlərindən, Bakının incisi qədim Qız qalasından, İçərişəhərdən, Şirvanşahlar sarayından və Hacı Zeynalabdin Tağıyevin mülkündən ətraflı bəhs edilir.

Müəllif Bakıya xüsusi yaraşıq verən Qız qalasının eramızdan əvvəl Vll-Vl əsrlərdə tikilməsi, Xll əsrdə isə bərpa olunması, bu qədim abidə ilə bağlı yayılan rəvayətlər barədə fransız oxuculara məlumat verir.

Məqalədə Bakıda fəaliyyət göstərən beşulduzlu mehmanxanaların sırasına yenilərinin də əlavə ediləcəyi bildirilir, bir sıra dünya şöhrətli mağazaların, "Muğam klub" kimi məşhur restoranların fəaliyyətindən söhbət açılır, bakılıların sevimli istirahət yeri olan Dənizkənarı Milli Park şəhərin ürəyinə bənzədilir. Bakıda 2009-cu ildən etibarən Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir və yaxın zamanlarda yeni xalça muzeyinin açılması planlaşdırılır. Qeyd olunur ki, şəhər sürətlə müasirləşərək, sözün əsl mənasında, Qafqazın Dubayına çevrilir.

Müəllif həmçinin xalqımızın qonaqpərvərliyindən, zəngin yerli mətbəxlə yanaşı, Çin, Fransa, Hindistan və digər ölkələrin mətbəxlərinə də rast gəlinməsindən söhbət açır, keçmiş ilə gələcəyi, qədimliklə müasirliyi özündə birləşdirən dünyanın bu əfsanəvi məkanını tanımaq üçün fransız oxucularını Azərbaycana dəvət edir. Fransadan 4 min kilometrlik məsafədə yerləşən bu ölkəyə səyahətin yaddaşlarda əbədi iz buraxacağı xüsusi vurğulanır. Jurnalda məqalə ilə yanaşı, paytaxt Bakının, o cümlədən İçərişəhərin, Nizami küçəsinin, "Muğam klub"un və yeni tikintilərin fotolarına geniş yer verilmişdir.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video