08:24 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransadan Azərbaycanadək...

ANA SƏHİFƏ / İDMAN
01:18 09.06.2021

 

61 il öncə Parisdə başlayan Avropa futbol çempionatının XVI yarışlarına Bakı da evsahibliyi edəcək

 

Futbolsevərlərin böyük həyəcanla gözlədiyi an gəlib çatır. Bir neçə gündən sonra “köhnə qitə”nin 11 şəhərində futbol üzrə sayca XVI Avropa çempionatı start götürəcək. Xatırladaq ki, ötən il keçirilməli olan çempionat pandemiya səbəbindən bu ilə təxirə salınmışdı. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Sevilya, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri evsahibliyi edəcək.

Bu turnir haqqında danışmazdan əvvəl qitə çempionatının tarixinə səyahət edək.

Avropa çempionatının keçirilməsi təklifini ilk dəfə Fransa Futbol Federasiyasının baş katibi Anri Delone irəli sürüb. 1919-cu ildə Jül Rime Fransa Futbol Federasiyasının prezidenti olarkən Delone onun tövsiyəsi ilə həmin federasiyanın baş katibi vəzifəsini tutub. 1927-ci ildə Anri Delone FİFA-nın prezidentinə xidməti məktub göndərərək yığma komandaların Avropa çempionatı layihəsini təklif edib. Lakin qitə çempionatının keçirilməsi təklifi qəbul edilməyərək təxirə salınıb.

1950-ci ildə dünya çempionatı başa çatdıqdan sonra İtaliyanın və dünyanın görkəmli futbol xadimi Ottorino Barassi Avropa çempionatı keçirmək uğrunda Deloneyə dəstək olmaq üçün fəaliyyətə başlayıb. O, çıxışlarından birində Avropa komandalarının dünya çempionatlarındakı uğursuzluqlarının səbəbini təcrübəsizliklə izah edib. Qeyd edib ki, Cənubi Amerikada qitə çempionatları 1916-cı ildən müntəzəm olaraq keçirilir, avropalıların isə bu cür təcrübələri yoxdur.

Lakin FİFA 1952-ci ilin fevralında Avropa çempionatı keçirmək planını növbəti dəfə rədd edib. Beynəlxalq futbol təşkilatının bu mövqeyi Avropanın bir çox futbol xadimlərinin etirazı ilə qarşılanıb. Bunun nəticəsi olaraq elə həmin ilin iyununda Bazeldə FİFA-dan gizli 7 nəfərin iştirakı ilə görüş keçirilib. Görüşdə italiyalı Ottorino Barassi, fransız Anri Delone, belçikalı Joze Kray, şotlandiyalı Georq Qrem, Macarıstanın idman nazirinin müavini Qustav Şebeş, Avstriyanın ədalət naziri Yozef Geryu və danimarkalı Ebbe Şvarts iştirak ediblər.

“Yeddiliyin görüşü” əsl tarixi hadisə olub, onun planları isə tezliklə həyata keçirilib. Belə ki, 1952-ci il iyunun

22-də Berndə Avropa Futbol Assosiasiyaları İttifaqının - UEFA-nın yaradılması elan edilib. UEFA-nın ilk prezidenti Danimarka Futbol Federasiyasının rəhbəri Ebbe Şvarts, baş katibi isə Anri Delone olub. Bern şəhərində UEFA-nın yaradılması haqqında elan olunan bəyannaməni 25 ölkə dəstəkləyib.

1957-ci ilin əvvəllərində FİFA-nın 2-ci prezidenti Stenli Rouz (İngiltərə) Avropa çempionatının keçirilməsi haqqında öz layihəsini irəli sürüb. Avropa çempionatının keçirilməsi haqqında son layihə isə 1958-ci il iyunun 6-da UEFA-nın Stokholmda keçirilmiş konqresində təsdiq edilib. Yarışlar Avropa Millətlərinin Kuboku, qalibə verilən rəsmi mükafat isə “Anri Delone” kuboku adlandırılıb.

Beləliklə, azarkeşlərin intizarda olduqları futbol üzrə ilk Avropa çempionatı 1960-cı ildə Fransada keçirilib. Finalda Yuqoslaviya yığmasına 2:1 hesabı ilə qalib gələn SSRİ ilk Avropa çempionu kimi tarixə düşüb. Onlara fransız zərgər Mişel Şobinyonun hazırladığı gümüş kubok təqdim olunub.

1964-cü ildə isə Avropa çempionatına İspaniya evsahibliyi edib. Madriddə keçirilən final matçında SSRİ yığmasına 2:1 hesabı ilə qalib gələn meydan sahibləri qitənin ən güclüsü olublar. 1968-ci ildə İtaliyada təşkil edilən turnirdə isə doğma meydan amilindən istifadə edən italyanlar finalda Yuqoslaviya yığmasını 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu titulunu qazanıblar.

1972-ci ildə Qərbi Almaniya finalda SSRİ yığmasına 3:0 hesabı ilə qalib gələrək Belçikada təşkil olunan sayca 4-cü qitə çempionatının qalibi olub. Qeyd edək ki, almanların heyətində Müller, Braytner, Netser və Frans Bekkenbauer kimi güclü oyunçular iki il sonra komandanın dünya çempionatındakı qələbəsini də təmin ediblər. Xatırladaq ki, həmin çempionatda Azərbaycan futbolunun yetirməsi Anatoli Banişevski də SSRİ yığmasının heyətində yer almışdı.

1976-cı ildə Yuqoslaviyada keçirilən turnirin finalında isə Çexoslovakiya ilə Qərbi Almaniya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri təyin edilib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çexoslovakiya futbolçuları qalib gələrək (5:3) Avropa çempionu adına sahib olublar.

1980-ci ildə İtaliyada təşkil edilən Avropa çempionatının finalında Belçika və AFR yığmaları qarşılaşıblar. Romada keçirilən matçda Belçikaya 2:1 hesabı ilə qalib gələn almanlar tarixlərində 2-ci dəfə Avropa çempionu olublar.

1984-cü ildə Fransada təşkil olunan çempionatda meydan sahibləri ilk oyunda göstərdikləri yüksək ustalıq və texnika ilə turnirin favoritləri olduqlarını nümayiş etdiriblər. Parisdə final matçında İspaniya yığmasına 2:0 hesabı ilə qalib gələn fransızlar Avropa çempionu tituluna yiyələniblər.

1988-ci ildə Qərbi Almaniyada keçirilən turnirin finalında isə Hollandiya ilə SSRİ yığmaları üz-üzə gəlib. Görüş hollandların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

1992-ci ildə İsveçdə təşkil olunan turnirin finalında Danimarka Almaniyaya 2:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Onu da qeyd edək ki, bu çempionluğun maraqlı tarixçəsi var. Belə ki, gələcək Avropa çempionunun adı iştirakçılar sırasında yox idi. Final mərhələsinə vəsiqə qazanan Yuqoslaviya yığması idi. Lakin bu ölkədə alovlanan etnik müharibələr federativ dövlətin qitə birinciliyində iştirakını mümkünsüz edib və onun yeri Danimarka millisinə verilib. Danimarkalılar taleyin onlara bəxş etdiyi bu nadir şansdan tam gücü ilə istifadə edə biliblər.

1996-cı ildə İngiltərədə keçirilən turnirin finalında Almaniya ilə Çexiya yığmaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın birinci hissəsində almanların heyətində Oliver Birhoff çempionatın qələbə qolunu vurub. Qeyd edək ki, “qızıl qol” qaydasına görə, əlavə vaxtda ilk qolu vuran komanda qalib elan olunurdu.

2000-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatına iki ölkə - Hollandiya və Belçika evsahibliyi edib. Turnirin finalında Fransa və İtaliya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə (1:1) başa çatdığından 30 dəqiqə əlavə vaxt təyin edilib. Əlavə vaxtın 12-ci dəqiqəsində fransızların heyətində David Trezeqe “qızıl qol”un müəllifi olub - 2:1.

2004-cü ildə Portuqaliyada keçirilən çempionatda Yunanıstan qalib olmaqla böyük sensasiyaya imza atıb. Turnirin açılış oyununda olduğu kimi, finalda da ev sahibi Portuqaliya ilə Yunanıstan qarşılaşıb. Görüşün taleyini 57-ci dəqiqədə Angelos Xaristeasın vurduğu qol həll edib - 1:0. Beləliklə, yunanlar ilk dəfə Avropa çempionu olublar.

2008-ci il Avstriyada və İsveçrədə təşkil edilən turnirin finalında isə İspaniya və Almaniya yığmaları qarşılaşıb. Daha maraqlı oyun nümayiş etdirən ispanlar 1:0 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıblar.

2012-ci ildə Ukraynada və Polşada keçirilən Avropa çempionatında İspaniya millisi İtaliya yığmasına 4:0 hesabı ilə qalib gələrək ardıcıl 2-ci dəfə qitənin ən güclüsü olub.

2016-cı ildə Fransada keçirilən qitə çempionatının finalında isə meydan sahibləri ilə Portuqaliya yığması qarşılaşıb. Ederin vurduğu yeganə qol sayəsində qalib gələn portuqaliyalılar tarixlərində ilk dəfə Avropa çempionu olublar.

Beləliklə, İspaniya 3 (1964, 2008, 2012), Almaniya 3 (1972, 1980, 1996), Fransa 2 (1984, 2000), İtaliya (1968), SSRİ (1960), Çexiya (1976), Hollandiya (1988), Danimarka (1992), Yunanıstan (2004) və Portuqaliya (2016) hərəsi bir dəfə Avropa çempionu olublar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM