27 Dekabr 2011 02:12
347
SİYASƏT
A- A+

Fransa demokratiyaya zərbə vurur

 

Fransa Milli Assambleyasının "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsini qəbul etməsi Azərbaycan xalqının narazılığına səbəb olmuşdur. Bu həm də gözlənilən idi. Çünki bu ölkənin hər bir vətəndaşı bilir ki, Qarabağ probleminin başlanmasında və miqyasının genişlənməsində əvvəl gündən Fransa hərəkətverici qüvvə olub. 1987-ci il noyabrın 18-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi A.Aqanbekyan Parisdə erməni icması qarşısında bəyan etdi ki, SSRİ rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini məqbul hesab edir. Ertəsi gün xəbər olduğu kimi fransa kommunistlərinin orqanı olan "Humanite" qəzetində dərc olundu. Biz Qarabağın, guya, Ermənistan ərazisi olduğunu ilk dəfə məhz Fransadan eşitdik. Planlar orada quruldu, qriqoryan kilsəsi məhz Parisdən dünya ermənilərinə səsləndi. Bundan sonra Xankəndidə hadisələr gərginləşdi, silahlı münaqişəyə çevrildi, Azərbaycan Dağlıq Qarabağda ilk şəhidlərini verdi. Sonrası da dünyaya bəllidir.

Avropanın mədəniyyət mərkəzi və demokratiyanın beşiyi adlandırılan Fransa tarixin ən absurd qanununu qəbul etdi. Uydurma soyqırımı tanımaqdan imtina edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hər hansı bir məsələyə münasibət hər şəxsin və ya millətin özünə aiddir, özü qərar verir. Milli Assambleyanın layihəsi bütün demokratik prinsipləri kökündən laxlatdı. İnsan bilmədiyi, haqqında məlumatı olmadığı bir hadisəyə necə "təsdiq edirəm", "görmüşəm" və ya "şahidəm, inkar etmirəm" desin. Doğrudan da, tarix beləsini görməmişdi. Türk xalqı demiş: "Bizim utanacaq bir halımız yox, bu qanunu qəbul edənlər utansın". Özünü Fransanın siması adlandıran Sarkozinin bu ifadəsinin tarixi də çox uzaq deyil: "Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu Fransa çox yaxşı bilir". Belə olan halda Qarabağ müharibəsinin ədalətli həllinə, işğalçıların Azərbaycan torpaqlarından çıxarılmasında ATƏT-ə üzv olan həmsədr ölkələrdən biri kimi Fransanın səmimi olacağına kimsə inanarmı!? Halbuki Ermənistanın Azərbaycan torpaqlarının dərhal işğaldan azad etməsi haqqında BMT-nin 4 qətnaməsi olduğunu Fransa da çox yaxşı bilir. Deməli, bu rəhbər nüfuzlu beynəlxalq təşkilatların da qətnamə və qərarlarını tapdalayıb keçir. 

Bir neçə ay öncə Cənubi Qafqaza səfər edən Sarkozinin çıxışı sanki regionda gərginliyin artmasına, münaqişənin alovlanmasına və uzanmasına istiqamətlənmişdi. Çıxışlarından aşkar bəyan olundu ki, bu ölkə Xocalı soyqırımını törədən, 9 yaşlı uşağı oynadığı bağçada snayperlə qətlə yetirən, çay vasitəsilə oyuncaq göndərib 13 yaşlı qız uşağınının amansızcasına ölümünə səbəb olan terrorçu dövlətin yanındadır. Bu uşaqlar atəşkəs dövründə qətlə yetirilən yüzlərdən biri-ikisidir. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan xalqının torpaqlarını işğal edib, insanlarını didərgin salmaqla bahəm həm də tarixi-mədəni abidələrini dağıdıb, irsini məhv edib. Belə əməllər beynəlxalq terrorizmin tərkib hissəsidir. Rəsmi Paris bunu yaxşı bilir. Prezident isə səfəri zamanı bir dəfə də olsun Azərbaycan xalqının yaşadığı ağrı-acıdan danışmadı, Xocalıda törədilən vəhşiliklərə görə təəssüf etmədi. Çünki məqsədi 2012-ci ildə keçiriləcək prezident seçkilərində erməni dostlarından səs toplamaq idi. Fransanın Türkiyəyə münasibətini isə bütün dünya bilir. Neçə illərdir bu dövlət Türkiyənin Avropa İttifaqına üzv olmasına hər cür maneçilik törədir. Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov bu məsələyə münasibət bildirərkən demişdir: "Fransa parlamentinin qəbul etdiyi qərar cılız siyasətin təzahürüdür. Türkiyə böyük dövlətdir. Avropa Birliyinə ehtiyacı yoxdur. Bu, erməni diasporunun fəaliyyəti nəticəsində baş verir. Erməni xalqı yazıqdır, onu idarə edən diaspor, xarici qüvvələrdir..."

 İrəvanda olarkən Ermənistana böyük sevgisindən danışan Sarkozi başqa bir dövlətin ərazisində Türkiyəni təhdid etdi, hədələdi, ona qarşı tələb irəli sürdü, beynəlxalq normaları tapdaladı. "Alovlu" çıxışının sonunda da təklif etdi ki, Türkiyə Ermənistanla dil tapmalı, baryerlər götürülməli, münasibətlər yaranmalıdır. Bu da növbəti absurd. Bir tərəfdən bu ölkəni təhdid etmək, soyqırımı iddiasını qəbul edəcəyi ilə hədələmək, digər tərəfdən də onu Ermənistanla dost olmağa, əlaqələri bərpa etməyə səsləmək.

O vaxt ölkə başçısının çıxışından utanan bəzi fransız analitiklər bunu uyğunsuz, fransa xalqının ədəbinə yaraşmayan siyasi etika jesti kimi dəyərləndirdilər. N.Sarkozi Türkiyənin Azərbaycan ilə dili bir, dini bir, qanı, kökü-soyu bir xalq olduğunu bildiyi halda Ermənistanda bu cür bəyanatla çıxış edib ardından Bakıya gəldi. Nəinki Fransa, bəşəriyyət bilməlidir ki, Azərbaycan və Türkiyə sonsuza qədər bir-birinin yanında olacaq, bir-biri üçün ölümə belə gedəcək.

"Erməni soyqırımı" adlı qondarma tarix yüz il öncə yaranıb. Qədim tarixlə işimiz yoxdur. Biz Fransa xalqının yadına 50-60 il öncə baş vermiş insanlığa sığmayan qətliam hadisələrini salırıq - Fransanın müstəmləkəçilik tarixini və ən son dövrü - 90-cı illərin ortalarını. Əlcəzair Fransadan müstəqillik tələb edərkən 2 milyona yaxın əlcəzairli dinc insan amansızcasına qətlə yetirildi. Orada tökülən qanlar hələ də qurumayıb. Ruandada tayfalar arasında baş verən amansız qırğınları məhz Fransa törətmişdi. Əgər dünya haqqa gəlib gerçək tarixi ortaya qoyarsa, onda bilinər ki, qan rəngindən kimin siması görünməz.

Söz tarixdən düşmüşkən tarixə boylanaq. Yaxşı olardı ki, Sarkozi və Fransa xalqı yəhudi mənşəli Erik Fayqlın, Samuel Uimisin 1915-ci illərdə Türkiyədə baş verən hadisələrə dair kitablarını elə fransız dilində oxusun. O müəlliflər uzun illər arxivlərdə işləyib həqiqəti üzə çıxarıblar. Arxivlərdəki həqiqətləri üzə çıxartdığına görə yəhudi mənşəli Samuel Uimisi məhz ermənilər qətlə yetirib. Fransanın başqa tarixçi və tədqiqatçıları, əsl alimləri Birinci Dünya müharibəsi dövründə Türkiyədə amansız soyqırımları olduğunu təsdiq ediblər. Onlar sübut ediblər ki, Fransa, İngiltərə, Rusiya kimi havadarlarının təhriki ilə Türkiyənin axırıncı nəfəsliyini bağlamaq üçün ermənilərdən istifadə olunub. Ucqar kəndlərdə qoca, qadın, uşaq demədən kimsəyə aman verilməyib. Bunu nə türk, nə də azərbaycanlı tarixçilər yazır, məhz fransız və amerikalı, ingilis, rus tarixçi- araşdırmacıları yazırlar. Faktlarla, sübutlarla. Türkiyəli tədqiqatçı Yılmaz Dikbaşın Fransada fransız dilində soyqırımı hadisələrini heçə çıxaran və böyük əks-səda doğuran cild-cild kitabları dərc olunub. Hamısı da fakt və sənədlərin dili ilə. Əgər bunlar yanlışdırsa, nədən bir dəfə də olsun fransız tarixçiləri onu təkzib etməyiblər. Yaxşı olardı ki, Fransanın aşağı palatasının üzvləri və prezident Sarkozi bu tarixi oxusunlar. Oxumurlarsa tarixi tarixçilərin ixtiyarına versinlər. Sarkozi növbəti dəfə prezident seçilmək üçün qondarma soyqırımla özünə xal qazanmasın. Bu, heç erməni xalqına da xeyir gətirməz. Baxmayaraq ki, Fransa parlamenti bu layihəni qəbul etdi, Ermənistan bundan çox da sevincək görünmür. Bu hərəkəti sakit qarşıladı, Fransaya təşəkkür etdi. Görünür, Ermənistan da gözəl bilir ki, bu oyunlar onlar üçün deyil, qarşıdaki prezident seçkiləri üçün nəzərdə tutulub.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video