24 Iyun 2021 17:40
704
Təhsil
A- A+

Finlandiya və Litvanın təhsil ekspertləri pandemiya dövründə onlayn tədrisə dair fikirlərini bölüşüblər  

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “COVID-19 dövründə Avropa İttifaqında məktəblər e-öyrənməni necə gücləndirir?” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycanda distant təhsil zamanı effektiv təlim strategiyaları, akademik nailiyyətləri zəifləyən şagirdləri dəstəkləmə yolları, o cümlədən qiymətləndirmənin şagirdə yönəlmiş və obyektiv yollarının öyrənilməsi və qarşılıqlı fikir mübadiləsidir. Təlimlərə ekspert qismində Finlandiya Milli Təhsil Agentliyinin təhsil müşaviri Pirjo Annikki Koivula və Litvanın Milli Təhsil Agentliyinin direktor müavini Asta Ranonyte dəvət olunub. Ekspertlər effektiv təlim strategiyalarından istifadə edərək şagirdlərlə necə ünsiyyət qurmaq və onlar üçün cəlbedici onlayn öyrənmə mühitini yaratmaq haqqında fikirlərini bölüşüblər.

Təlimlərin ilk günündə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov COVID-19 pandemiyası zamanı həm təhsilalanların, həm də təhsilverənlərin qarşılaşdığı çətinliklər barədə danışıb. Pandemiya səbəbindən bütün sahələrdə, o cümlədən təhsildə qarşıya çıxan problemlərə çevik cavab verən, operativ qərarlar verən ölkələrdən birinin də Azərbaycan olduğu vurğulanıb. Qeyd olunub ki, verilən qərarlar həm insanların sağlamlığının qorunması, həm də təhsilin keyfiyyətinin təmin olunması baxımından effektiv olub. Bu istiqamətdə görülən işlər eyni vəziyyətdə olan qabaqcıl ölkələrin və beynəlxalq təhsil sisteminin təcrübəsi nəzərə alınaraq həyata keçirilib. COVID-19 pandemiyası zamanı beynəlxalq təcrübədə distant təhsilin təşkili və gücləndirilməsi ilə bağlı metodların öyrənilməsi üçün TAIEX təlimlərinin təşkil edildiyi bildirilib. Təlimlərin mövzuları seçilərkən təhsil işçilərinin pandemiya zamanı qarşılaşdıqları çətinliklərlə bağlı fikirləri öyrənilib, sorğular keçirilib və əldə olunan rəylərə əsasən qərar verilib. Eyni zamanda, şagirdlərin qiymətləndirilməsi zamanı həm texniki baxımdan təşkilati məsələlər, həm də obyektivliyin qorunmasının təmin edilməsi ilə bağlı ortaya çıxan problemlərin həlli diqqət mərkəzində saxlanılır.

Daha sonra çıxış edən Pirjo Annikki Koivula qlobal olaraq məktəblərin bağlanması ilə bağlı statistik məlumatları təqdim edib. Ekspert Finlandiyada bununla bağlı dövlət tərəfindən verilən qərarları səsləndirib. Təhsil müəssisələri tərəfindən pandemiya zamanı təhsildə müstəsna tənzimləmələrə dair təlimatların hazırlanmasının əhəmiyyəti qeyd edilib. Tədrisin təşkili zamanı avadanlıqların, məlumat vasitələrinin və materialların mövcudluğu və əlçatanlığı, müxtəlif vəziyyətlərdə məktəb yeməklərinin təşkili üçün planların hazırlığı, qurumların tələbə rifah qrupları, tələbə rifahı xidmətlərinin (məktəb səhiyyəsi, məktəb psixoloqunun və məktəbin sosial işçisinin xidmətləri) necə təşkil ediləcəyi və böhran idarəetmə planlarının müasir tələblərə uyğunluğu, məktəblərin distant təhsil rejimində olduğu təqdirdə təlimə necə dəstək veriləcəyi barədə planları, bu istiqamətdə təhsil qurumlarına verilən tövsiyələr diqqətə çatdırılıb.

Asta Ranonyte isə təhsil sisteminin COVID-19 pandemiyasının kritik vəziyyətinə reaksiyası, distant öyrənməyə keçidin xüsusiyyətləri, məktəblərə, müəllimlərə, şagirdlərə, valideynlərə göstərilən dəstək xidmətləri, məktəblərin yenidən açılması ilə bağlı çıxış edib. COVID-19-un təsirləri barədə danışan ekspert beynəlxalq təcrübədə onlayn təhsilə mərkəzləşdirilmiş yanaşma, balanslaşdırılmış proqram təminatı, aralıq qiymətləndirmə və COVID-19 sonrası təhsil prosesinə təsir ilə bağlı hazırlanmış yardımçı xidmətlərdən bəhs edib. O, distant təhsildə rəqəmsal proseslərin şaxələndirilməsi, qapanmanın yaratdığı imkanlar, virtual təlim mühiti üçün lisenziyalar, rəqəmsal məzmun, uğurlu distant öyrənmə meyarları, distant öyrənmə prosesinin məhdudiyyətləri haqqında ətraflı məlumat verib. Hibrid təhsil barədə danışarkən 2021–2027-ci illər üçün Avropa Komissiyasının Rəqəmsal Təhsil Planında təhsilin keyfiyyəti və əlçatanlığı amilinin mühümlüyü qeyd olunub.

Tədbirə ARTİ-nin əməkdaşları və məktəb müəllimləri olmaqla ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video