18 Sentyabr 2021 00:18
1337
Mədəniyyət
A- A+

Festivallar şəhəri - musiqiylə açılır hər səhəri

 

Qələbə simvollu “Xarıbülbül” Cıdır düzünə qayıtdı, “Vaqif Poeziya Günləri” bərpa edildi

 

Şuşa - yenilməz diyar! Şuşa mədəniyyət və mənəviyyat ocağı!

Şuşa, Qarabağda Zəfərimizin rəmzi! Nə qədər istəsək simvollaşdıra bilərik bu qalalar məskənini. 30 ilə yaxın idi həsrətini çəkdiyimiz doğma şəhərimiz əzəmətini  artıq özünə qaytarır, yüksəlir. İndi İsa bulağından ovuc-ovuc su içir, illərin həsrətindən pörşələnən sinəmizin atəşini söndürür, zümzüməsini dinləyirik!

Neçə illər Ermənistanın işğalı altında inləyən, öz doğmalarının ayaq izlərinə, isti nəfəsinə, nəğməsinə, musiqisinə həsrət qalan Şuşa yenidən öz təmtərağına qovuşur. Zəfər yolu nəğməli, musiqili doğmalarını onun ziyarətinə gətirir. Bir vaxtlar festivallar şəhəri kimi də tanınan Şuşa yenidən həmin günlərinin sevincinə bürünür: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından sonra daha bir bayram sovqatlı ənənə bərpa edildi - “Vaqif Poeziya Günləri” dünyaya səs salmaqla yanaşı, həm də düşmənin çirkin niyyətlərinin tamamilə iflasa uğradığını göstərdi.

 

Şuşanın xoş növrağı

 

“Xarıbülbül” Musiqi Festivalı ötən əsrin səksəninci illərindən burada keçirilib. 30 ildir Qarabağın kədər, ayrılıq, onlardan doğan nisgilin simvoluna çevrilən  bu “dağlar gözəli” haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu “nağıl” eşitmişdik ki...

Şuşanın işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət şəhərini ziyarət edərkən Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ötənləri xatırlatmaqla yanaşı, görüləcək işlərdən, qalalar və abidələr məskəninin yenidən canlandırılacağını, əvvəlki növrağının özünə qaytarılacağını da orada bəyan etdi: “Bu il Şuşada “Xarıbülbül” festivalı və “Vaqif Poeziya Günləri” keçirilməlidir. Şuşada “Vaqif  Poeziya Günləri” bərpa edilməlidir”. Həmin o arzulanan günün şahidlərinə çevrildik. Bu il mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” Musiqi Festivalına evsahibliyi etdi. Doğmalarını, nəğməli, sazlı-sözlü qonaqlarını qarşıladı. 

Dövlət başçısı festivalın açılışında çıxış edərək bildirdi ki, bu, ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə festival iştirakçılarını və ümumiyyətlə, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı dedi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, Vətən həsrəti ilə yaşamışıq: “...Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” Musiqi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq...”

Xatırladaq ki, “Xarıbülbül” ilk dəfə 1989-cu ildə Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Bu musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar təşkil edilib. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və  keçmiş SSRİ-nin iştirakı ilə keçirilirdi.

Sonuncu festival 1992-ci ilin may ayında keçirilib. Bundan sonra festival qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada  təşkil edilib.

 

7 məkanda keçirilən festival

 

Aradan illər keçdi və 44 günlük Vətən müharibəsi bizi yenidən Şuşaya və onun musiqili, nəğməli günlərinə qovuşdurdu. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla vaxtilə Şuşada keçirilən “Vaqif Poeziya Günləri” və “Xarıbülbül” Musiqi Festivalı da bərpa olundu. 2021-ci il mayın 12-13-də Şuşa yenidən “Xarıbülbül”  Beynəlxalq Musiqi Festivalına evsahibliyi etdi.

100-ə yaxın iştirakçının qatıldığı, Cıdır düzündə tikilmiş 7 məkanda keçirilən festival 12-15 yaşlarında xanəndələrin “Qarabağ şikəstəsi” muğamının ifası ilə açıldı. Festivalın ilk günündə Qarabağ atlarının yarışı, pəhləvanların güləşi də təşkil olundu.

Onu da qeyd edək ki, 1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və Şuşanın 1992-ci il mayın 8-də işğala məruz qalması ilə əlaqədar festival Ağdam şəhərində təşkil edilib. Ağdamda keçirilən festivaldakı çıxışlar arasında Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsusi yer alıb.

Onu da qeyd edək ki, 1992-ci ildə 4-cü festival mayın 15-də başlamalı və möhtəşəm olmalı idi. Burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılırdı. Ondan əvvəl festival 1991-ci ildə keçirilib ki, həmin musiqi bayramında 25 ölkədən təxminən 300 nəfər, hətta, ABŞ və Avstraliyadan sənətçilər də  öz məharətlərini göstəriblər.

 

“Respublika” sarayını “silkələyənlər”

 

Bildiyimiz kimi, Ağdam şəhəri də 1993-cü ilin iyul ayının ortalarında işğala məruz qaldı. Bununla da “Xarıbülbül” beynəlxalq musiqi festivalı sanki “unuduldu”.

Ağdamın işğalından sonra festivalın qərargahı Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda keçirilirdi.

1990-1991-ci illərin final konsertləri Bakıdakı “Respublika” sarayının bəxtinə yazıldı.

Builki festivalda ölkəmizdə multikultural və tolerantlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər. Bu tövsiyə festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna dövlət başçısı tərəfindən verilmişdi. Çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var.

Şuşa yalnız  musiqi festivallarına evsahibliyi etməyib. Hələ ötən əsrin  səksəninci illərindən başlayaraq burada ədəbi simaların xatirə gecələri, məclislər, poeziya günləri də keçirilib.

2021-ci il avqustun 30-da “Vaqif Poeziya Günləri” də bərpa olundu. Bu tədbirin keçirilməsi çox mühüm ədəbiyyat və mədəniyyət hadisəsi olmaqla, həm də böyük əhəmiyyət kəsb edən siyasi hadisə idi.

Azərbaycan Prezidenti  İlham  Əliyev tədbiri açarkən bildirdi ki, bu gün ölkəmizin həyatında çox əlamətdar gündür: “Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə “Vaqif Poeziya Günləri”nin açılışını qeyd edirik. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm...”

Xatırladaq ki, Şuşada “Vaqif Poeziya Günləri” 1982-ci ildən keçirilməyə başlayıb. Daha dəqiq ifadə etsək, 1982-ci il yanvarın 14-də qarlı-şaxtalı bir gündə Azərbaycanın qədim şəhəri, Qarabağ xanlığının keçmiş mərkəzi olan Şuşada Molla Pənah Vaqifin məzarı üstündə məqbərə və abidə ucaltmaq, o dövr üçün ideoloji baxımdan fövqəladə bir  hadisə idi. Molla Pənah Vaqifin yaradıcılığına, fəaliyyətinə və şəxsiyyətinə ən böyük dəyəri həmin məqbərini ucaltmaqla, Ümummilli Lider Heydər Əliyev verib.

Dəhşətlisi isə o idi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın işğalı nəticəsində təkcə Şuşada 600-dən çox tarixi abidə, o cümlədən Molla Pənah Vaqifin məqbərəsi, məzarı və abidəsi də məhv edilmişdi.

 

Ədəbi tribuna, siyasi mesaj: “Biz qayıtmışıq, Şuşa, sən azadsan!”

 

Hələ 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev görüşlərinin birində  deyirdi:  “Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...”

17 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı, lakin yarımçıq qalmış işləri qətiyyətlə, uğurla başa çatdırmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Vaqif Poeziya Günləri”ndə çıxış edərkən xüsusi vurğuladı ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məktəb yaratmış ölməz sənətkardır: “... O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermiş, Azərbaycan tarixinə, həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”.

Mədəniyyət və mənəviyyat paytaxtımız olan Şuşada may ayının 12-də başlayan ikigünlük “Xarıbülbül” festivalı, eləcə də avqustun 30-da keçirilən “Vaqif Poeziya Günləri” bir daha göstərdi ki, bütün sahələrdə, o cümlədən düşmənə qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirən xalq olaraq Şuşamızı azad etdik, tarixi şəhərimizə Zəfərlə qayıtdıq!

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video