19 Oktyabr 2021 00:42
2101
SİYASƏT
A- A+

FATEH, yoxsa XİLASKAR?

 

...Nə vaxtdandır həmkarlarımızla bizi ciddi düşündürən, əslində, çox narahat edən bir məsələ ötən həftə yaradıcılıq ezamiyyətində olduğumuz Şuşada da müzakirə mövzumuza çevrildi.

Zəfərin zirvə məqamı, rəmzi olan bu müqəddəs məkanda həmsöhbət olduğumuz yüksəkrütbəli zabit də elə bizim narahatlığımızı bölüşürdü. Onun (adının çəkilməsini istəmir) bu məsələni hökmən ictimailəşdirmək barədə ricasından sonra mövzuya aydınlıq gətirməyi zəruri saydıq.

Söhbət son bir ildə leksikonumuzun ən işlək ifadələrindən birinə çevrilən, indi isə az qala hər cümləmizin mübtədası olan “fateh” sözündən gedir...

Tariximizin ən möhtəşəm zəfərinin müəllifi olan Müzəffər Ali Baş Komandana və Silahlı Qüvvələrimizin igidlərinə çoxları “fateh” deyir...

“Qarabağ fatehləri”...

“Şuşa fatehləri”...

Bu ifadə qəzetlərdə, saytlarda bəzən manşetlərdə belə yazılır, telekanallarda tez-tez  deyilir...

Doğrudur, təntənəli səslənir, duyğularımızı tam mübaliğəsi ilə əks etdirir. Fəqət deyilişi gözəldir, mənası isə...

Yanlışdır!

Təhrifedicidir!

Qüsurludur!

“Fateh” sözünün konkret mənası var. İzahlı lüğətdə aydın ifadə olunur: “Fateh - bir ərazini, ölkəni tutan, işğal edən şəxs”.

Yəni istilaçı...

Aramızda rusdillilərin də, daha dəqiqi, rusca danışmağı xoşlayanların da çoxluğunu nəzərə alıb, bu dildə tərcüməsini də yazaq: “zavoevatelğ”.

“Fateh” sözü “osvoboditelğ” demək deyil!

Fateh Konstantinopolu İstanbula çevirən Sultan Məhmətdir...

Əfqanıstana, Hindisdana-Dehliyə şanlı bayrağımızı sancan Nadir Şahdır...

Misalları Makedoniyalı İsgəndərdən başlayaraq yaxın keçmişin fatehlərinə qədər istənilən qədər uzatmaq olar.

Azərbaycan Ordusu isə Qarabağı, Şuşanı fəth etməyib, işğaldan azad edib!

Öz yurdumuzun bir parçasını, qədim torpağımızı özümüz necə fəth edə bilərik?!.

Bəyəm Qarabağ başqa ölkəyə məxsusdur?!.

İlham Əliyev və Azərbaycan Ordusu Qarabağın, Şuşanın fatehləri deyillər, əsla deyillər!

Xilaskarlarıdırlar!

Elə Şuşada həmsöhbət olduğumuz zabit də bundan gileyli idi: “Bizə “fateh” deyəndə, bu sözü eşidəndə hər dəfə əsəbiləşirəm. Adam da öz yurdunun fatehi olar?!”

Kimsə fikirləşə bilər ki, “fateh deməklə dünya dağılmır ki?! Sözdür də, deyilir”.

Səhv yanaşmadır: “fateh” sözü, “azad edən” ifadəsinin sinonimi deyil, tam əksidir!

Düşmənin də dediyi və əsrlərdir yaydığı yalanı unutmayaq. Qarabağı “qədim erməni yurdu” kimi təqdim edən düşmən elə indi məhz bu cəfəngiyyata söykənir: “Azərbaycan Qarabağı fəth edib”. Yəni işğal edib, istila edib...

Bu anlaşılmazlığa, əslində, Prezident İlham Əliyev ötən il oktyabrın 5-də - savaşın gərgin anlarında nöqtə qoyub. Həmin günlərdə Fransa Prezidenti E.Makron Azərbaycan Ordusunu “Qarabağı fəth etməkdə” “ittiham” edirdi. Dövlət başçımız da TRT-yə müsahibəsində E.Makrona xitabən söyləmişdi: “O, açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerləyeksan ediblər. Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Biz buna səssiz qala bilmərik”.

İndi əlavə şərhə lüzum varmı?..

Zəfərimizə kölgə salmayaq, sözlərimizdə və fikirlərimizdə dəqiq olaq. Düşmən dəyirmanına su tökməyək.

Və ən nəhayət, beyinlərə, yaddaşa, leksikonumuza bu yanlış, təhrifedici, qüsurlu məna verən ifadəni zorla yerləşdirməyək!

 

Fateh - yoxdur!

Xilaskar - var!

Xilaskarlarımıza isə əbədi borcluyuq...

Qarabağ fəth olunan yurd deyil, Qarabağ Azərbaycandır!

 

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video