19 Dekabr 2018 00:55
1135
İQTİSADİYYAT
A- A+

Eviniz abad olsun


Azərbaycanda əhalinin bütün təbəqələrini əhatə edən sosial siyasət həyata keçirilir


Əhalinin sosial müdafiəsi hər zaman hər bir ölkə üçün prioritet sahə sayılıb. Bu səbəbdən bütün sivil dövlətlər imkan daxilində əhalinin sosial müdafiəsini diqqətdə saxlayır, lazım gəldikdə müvafiq tədbirlər görürlər. Azərbaycan da bu sahədə nəinki istisna deyil, hətta sözügedən istiqamətdə həyata keçirdiyi tədbirlərlə bir çox başqa ölkələrə nümunədir.

Dövlət başçısı tərəfindən dekabrın 17-də Sabunçu rayonunun ərazisində hərbçilərə növbəti dəfə 394 yeni mənzilin verilməsi belə nümunələrdən yalnız biridir.

Prezident İlham Əliyev tədbirdə çıxış edərək hərbçilərin sosial müdafiəsinin daim dövlətin diqqətində olduğunu bildirərək demişdir: "Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq fərman imzalanmışdır.

Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib...…Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir”.

Qeyd edək ki, 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib. Amma dövlət qayğısı ilə əhatə olunanlar təkcə bu gün xidmət edən hərbçilər deyil. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olan vətəndaşların ailələri də unudulmur. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə yüksək standartlara cavab verən mənzillər verilib. Gələn il isə bu kateqoriyadan olan ən azı 800 ailə də yeni mənzillərə köçəcək. Bununla yanaşı, indiyədək həmin statusda olan hərbçilər dövlət tərəfindən minlərlə minik avtomobilləri ilə də təmin ediliblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş ailələrin sosial müdafiəsi də unudulmur. Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi də bu amala xidmət edir. Təqribən 10 minə yaxın ailənin bu pulu alacağı gözlənilir. Artıq onların xeyli hissəsi həmin vəsaiti alıb.

Bu sırada indiyədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər cür infrastrukturu olan 100-dən çox şəhərciyin salınması da qeyd olunmalıdır. Təkcə cari ildə Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün çoxsaylı binalar, evlər tikilib, 5800 məcburi köçkün ailəsinə sevinc yaşadılıb. Bu siyasət gələn ildə də davam etdiriləcək. Bununla da mənzillə, evlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatacaq.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin oktyabrın 1-i vəziyyətinə 410,9 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 47,9, əlilliyə görə 164,9, ailə başçısını itirdiyinə görə 43,5, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı isə 73,5 min nəfərdir. Eyni zamanda əmək pensiyası almaq hüququ olmayan 54,2 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib. Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 303 nəfər qəyyumu da aylıq müavinət alıb. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş verən qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olan şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 8,7 min ailəsinə 15,6 min uşaq üçün aylıq müavinət təyin olunub. Dövlət dünyaya gələn körpələrə də qayğı göstərməyi unutmur. Bu məqsədlə 812 nəfər 1 yaşadək uşağa görə 809 ailəyə və 5-dən çox uşağı olan 2,9 min qadına 8,8 min uşaq üçün sosial müavinət ödənilib.

Rüstəm KAMAL,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video