27 Sentyabr 2019 00:43
3554
SİYASƏT
A- A+

Etibarlı tərəfdaş, səmimi müttəfiq


Prezident İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir


Dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri və imici müxtəlif amillərlə ölçülə bilər. İstər siyasi, istərsə də iqtisadi sahədəki nailiyyətləri, vətəndaşlarının sosial rifahı hər bir ölkənin dünyadakı nüfuzunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqil və qətiyyətli siyasi kursu ilə regionda fərqlənən, dünyada tanınan Azərbaycana məhz buna görə ehtiramla yanaşırlar.


Azərbaycana qarşı çıxmaq qeyri-mümkündür


Hələ 25 il əvvəl "Əsrin müqaviləsi” imzalananda Azərbaycan müstəqilliyinin ilk addımlarını atır, xaosdan sabitliyə doğru irəliləyirdi. Respublikamızın hansısa beynəlxalq uğuru yox idi. Ancaq Heydər Əliyevin başlatdığı müdrik siyasət dünyanın iri neft şirkətlərini Xəzərin neft yataqlarının işlənilməsinə cəlb etdi. Və bu tarixi hadisə həm respublikamızın müstəqilliyinin möhkəmlənməsində, həm dünyada tanınmasında, həm də inkişafı istiqamətində ilk və uğurlu addım oldu.

25 il qısa dövr deyil. Lakin bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi də sayıla bilməz. Sosial-iqtisadi inkişafa nail olmaq üçün də bu dövr yetərli deyil. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi göstərir ki, onlar indiki səviyyəyə gəlib çatmaq üçün onilliklərdən keçiblər. Elə postsovet respublikalarının da bəziləri 25 il necə idilərsə, elə də qalıblar. Onların ən bariz nümunəsi Ermənistandır. SSRİ-nin dağıldığı 1991-ci ildən bəri forpost statusu daşıyan bu ölkə dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdur. Təcrübədən bəlli olduğu kimi, Ermənistan kimi asılı ölkələrin siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları xarici siyasi mərkəzlərlə, daha konkret ifadə etsək, vassallıqlarında olduqları dövlətlərlə razılaşdırılır. Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, iqtisadiyyatının aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmadığını təsdiqləyən faktorlardır.

Azərbaycana gəldikdə, "Əsrin müqaviləsi”nin imzalanmasından sonra ötən dövr ölkəmiz üçün olduqca möhtəşəm nailiyyətlərlə əlamətdardır.

Bu müddətdə Azərbaycan enerji siyasətində qarşıya qoyduğu bütün hədəflərə çatdı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişinə nail oldu.

Bütün bunların hər biri respublikamızı həm bir dövlət kimi tanıtdı, həm müstəqilliyimizin, dövlətçiliyimizin əsaslarını daha da bərkitdi, həm də dünyadakı mövqelərini möhkəmləndirdi. Digər tərəfdən, bu cür möhtəşəm layihələrin həyata keçirilməsi müstəqil siyasət tələb edir. Etiraf olunmalıdır ki, Azərbaycan müstəqilliyinin ilkin vaxtlarında enerji layihələrini həyata keçirməyə başlayanda ölkəmizə beynəlxalq səviyyədə nə qədər təzyiqlər var idi. Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə məhz Azərbaycanın sayəsində alternativ marşrutla dünya bazarlarına çıxmalı idi. Bunu isə qəbul etməyənlər çox idi. Amma Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin layiqincə davam etdirdiyi çevik və qətiyyətli siyasət ölkəmizə qarşı çıxan bütün qüvvələrin niyyətlərini puç, planlarını darmadağın etdi.

Sonrakı dövrdə Azərbaycan kosmik dövlətə çevrildi, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi” istifadəyə verildi. Ən mühüm nailiyyətlərdən biri də 2050-ci ilədək dövr üçün yeni neft müqaviləsinin imzalanması oldu. Bu layihələrin həyata keçirilməsində artıq respublikamıza qarşı hansısa təzyiqdən söhbət gedə bilməzdi. Çünki bütün antiazərbaycançı dairələr anlayırdılar ki, güclü və nüfuzlu Azərbaycana qarşı çıxmaq qeyri-mümkündür.


Yüksək imic və söz sahibi


Respublikamızın nüfuz və söz sahibi olmasını təsdiqləyən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası, sürətli sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərinin məhz dialoq və əməkdaşlıq üçün açıq olduğunu birmənalı şəkildə elan etməsi bu barədə kifayət qədər aydın fikir söyləməyə əsas verir.

Beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə həm də ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, dünyanı narahat edən hər bir məsələdə qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsi dayanır. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözlərini deyirlər. Ölkəmiz beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirir. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəlir.

Bunlarla yanaşı, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasında sülhü möhkəmləndirən, humanitar əməkdaşlığa çağıran dialoq təşəbbüsləri bütün dünyada maraq doğurur. Həyata keçirdiyimiz qlobal iqtisadi layihələrlə bərabər, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir. Digər tərəfdən, Azərbaycan müstəqil siyasət yeridərək qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmur, beynəlxalq münasibətlərdə hərbi ritorikanın artdığı bir vaxtda İran və Rusiya kimi qonşu dövlətlərlə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirir.

Azərbaycanın, Ermənistanı çıxmaq şərtilə, bütün region dövlətləri ilə münasibətləri olduqca yüksək səviyyədədir. Onların əksər qismi ilə respublikamızı tək mehriban qonşuluq və dostluq münasibətləri deyil, həm də strateji əlaqələr birləşdirir. Xüsusilə qeyd edilməlidir ki, dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri ölkələr arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Təbii ki, bütün bunlar Azərbaycanın yeganə problemi olan ərazi bütövlüyünün təmin olunmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Diqqətçəkən xüsusi məqam isə odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət fonunda Ermənistanın yeni rəhbərliyinin reallıqdan uzaq və qeyri-sağlam mövqeyi sülh danışıqları prosesində bəzi məqamları üzə çıxarır. Görünən odur ki, işğalçı ölkə getdikcə beynəlxalq dəstəyini sürətlə itirir. Bu isə Dağlıq Qarabağ probleminin ədalətli həllini yaxınlaşdırır.

Bütövlükdə Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləri Azərbaycanın beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video