14 Noyabr 2012 12:11
508
Oxucu məktubları
A- A+

Əsrin problemi - virtual ünsiyyət

 

Virtual aləm - internet dünyası, televizor və hətta cib telefonları nə qədər faydalı olsa da, bir o qədər də ziddiyyətlərlə doludur. Bir tərəfdən bu yeni ünsiyyət resursları hər bir insan üçün vacib məlumatlarla zəngindir, digər tərəfdən vahid qaydalar, vahid əxlaq qəlibində preslənərək uşaqların və yeniyetmələrin iç dünyasına, davranışına, psixologiyasına dağıdıcı təsir göstərir.

Uşaq bir tərəfdən öz evində, valideynlərinin gözü qarşısında, nəzarəti altındadır, digər tərəfdən isə internetdə, televiziyada, cib telefonunda tapdığı "dostlarla" əlaqədədir. Bu virtual əlaqə onun şəxsiyyət kimi formalaşmasına  müəyyən təsir göstərir, hətta bəzən mövcud reallıqlardan təcrid edir. İnternetdə müasir əxlaqı və həyat normalarını inkar edən çirkin saytlar, cib telefonlarındakı mesajlaşmalar, tanışlıqlar və teleməkandakı formaca bəsit, mənəviyyat baxımından dağıdıcı  mövzular, bəzən sizdən xəbərsiz uşağınızı əlinizdən "alır", onu ailə dəyərlərindən uzaqlaşdırır, qapalı və heç kimə məlum olmayan virtual dünyaya aparır. Hərdən oxumaq, inkişaf etmək, gələcəyi düşünmək əvəzinə yeniyetmələr ətrafındakı bütün reallıqları ikinci dərəcəli, əhəmiyyətsiz  sayırlar. Onların həyatı cib telefonu, internet və bəsit verilişlərə bağlanır. Siz özünüz də hiss etmədən tədricən uşağınızı itirirsiniz. Övladınız gözünüzün qarşısında olsa da, artıq sizin valideyn kimi onun tərbiyəsinə müdaxilə etmək, ona istiqamət vermək imkanlarınıza virtual aləm məxfi "qadağa qoyur".

Maraqlısı odur ki, uşaqların ailədən qopması elə bir-iki yaşından və hətta ondan da tez baş verə bilər. Yəni diqqətsiz ailə uşağın tərbiyəsində  valideyn funksiyalarını elə ilk günlərdən itirə bilər. Məsələn, iki aylığından dörd yasına qədər uşaqları iki il ərzində müşahidə edən Qərb tədqiqatçıları televiziya proqramlarına çox baxan körpələrin əqli inkişafdan qaldığını aydınlaşdırıblar. Bu məlumatları dərc edən Amerika Pediatriya Akademiyasının rəsmi "Pediatriya" (Pediatrics) jurnalı  həmçinin bildirir ki, əvvəllər də uşaqların inkişafına,  görmənin pisləşməsinə, artıq çəkinin, motivasiyasız aqressiyanın əmələ gəlməsinə televerilişlərin təsiri təsdiq edilmişdi. Yeni tədqiqatlar da daim televiziyaya baxan uşaqların inkişafdan qaldığını təsdiqləyir. Dəfələrlə müxtəlif ailələrdə saatlarla "multiklərə" aludə olub televiziyadan ayrıla bilməyən uşaqları görmüşəm. Onlar televizor söndürüləndə qışqırır, hay-küy salır, televizorun yandırılmasına nail olurlar.  Mavi ekranın qabağında daim əyləşən böyüklər və kiçiklər az hərəkət edir, bir-biri ilə, demək olar ki, danışmırlar. Bu cür ailələrdə böyüyən uşaqların danışıq qabiliyyəti və hərəkətləri  yaşlarına görə zəif olur.

Hətta xüsusi uşaq proqramlarına  baxan azyaşlı uşaqların söz ehtiyatının bu verilişlərə baxmayanlardan zəif  olduğu aydınlaşdırılmışdır. Mütəxəssislər belə hesab edirlər ki, xüsusi verilişlər, internet bağlaşmaları, mesajlaşmalar heç vaxt canlı ünsiyyəti əvəz edə bilməz. Böyüklərin davranışı, uşaqlara göstərdikləri canlı nümunələr istənilən texniki tədris vasitəsindən üstündür. 

Faciə orasındadır kı, elə böyüklər də hiss etmədən televerilişlərin, ucuz şouların əsirinə çevriliblər. Bir də görürsən ki, qardaş qardaşın evinə gəlib. Lakin "dərdləşmək",  oturub nədənsə danışmaq əvəzinə hamı mavi ekranın lal əsirinə çevrilir.

Vaxt var idi bir televizor almaq üçün 15 toğlunun pulunu toplamaq lazım gəlirdi, indisə 2-3 toğlunun puluna yaxşı televizor almaq mümkündür. Elə ailələr var qonaq otağında, mətbəxdə, hətta yataq otağında belə televizorun olmasını vacib sayır. Hərənin öz verilişi, sevimli proqramı var.

Əslində nə baş verir? Həmişə darıxanda bir-birinin evinə gedən, bir-birlərinə söykənən  insanlar tədricən yadlaşırlar. Virtual dünyanın təsiri altında qohumluq əlaqələri zəifləyir.  Hətta ailələr belə içəridən "parçalanaraq" telekanallara elə aludə olurlar ki, axşam onların süfrə başına yığışması, bir-biri ilə danışması çox halda alınmır. Ona görə ki, hərənin öz sevimli verilişi, şousu, serialı var.

Ünsiyyət qırılır, qohumluq əlaqələri kəsilir, insanlar bir ailədə yaşasalar da, bir-birlərindən xəbərsiz olurlar. Dünyada da tədqiqatçılar artıq bəşəriyyətin televiziyaların və sosial şəbəkələrin təsiri altına düşməsini həyəcanla qeyd edirlər.  İnsanlar yaşından asılı olmayaraq real dünyadan aralanır, daha çox virtual aləmə bağlanırlar. Burada internetdən asılılıq birinci yerdədir. Kompyuter texnologiyalarının sürətlə inkişaf etməsi son illərdə ölkəmizdə də virtual aləmdə vaxtını keçirən insanların sayını kəskin artırmışdır. 

Ona görə də çalışın virtual aləm sizi bir-birinizdən ayrı salmasın. Günün müəyyən vaxtlarında bütün ailə evə yığışanda televizoru söndürün, bir-birinizlə danışın, qohumluq əlaqələrini gücləndirin. Uşaqların internetdə məşğul olmasına nəzarət edin. Cib telefonlarını isə uşaqlarınızın yastığı altına qoyub yatmasına imkan verməyin. Reallıqlara bağlanın.   

 

Rafiq ƏLİYEV,

kompyuter sistemləri mühəndisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video